• çərşənbə axşamı, 03 dekabr, 15:30
  • Baku Bakı 8°C

Qərb Gürcüstana qarşı

10.04.24 00:44 2824
Qərb Gürcüstana qarşı

Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanun layihəsini yenidən müzakirəyə çıxarması ciddi etirazlara səbəb olub. Qərb institutları qanun qəbul edilərsə, Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu itirə biləcəyi ilə bağlı xəbərdarlıqlar edirlər.

Qərblə Gürcüstan arasında növbəti gərginlik yaşanır. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə Qərb dövlətləri sərt reaksiya verib. Gürcüstan bəyan edir ki, bu qanun layihəsinin qəbul edilməsinə səbəb ölkəyə xarici qüvvələrin təsirini azaltmaqdır. Qərb isə bunu Tbilisinin sürətlə Rusiyanın təsiri altına düşməsi kimi qiymətləndirir. Tbilisiyə Qərb dövlətlərinin səfirliklərindən və beynəlxalq qurumlardan birbaşa siqnallar gəlib ki, demokratik standartlara uyğun gəlməyən, Gürcüstanın Avropaya inteqrasiya prosesini çətinləşdirə biləcək bu qanunun təsdiqlənməsi son dərəcə arzuolunmazdır. 

Hədəfdə kimlər var?

Maraqlıdır ki, bir vaxtlar Gürcüstanı demokratiyanın çırağı hesab edənlər indi onun bu tituldan uzaqlaşdığını iddia etməyə başlayıblar. Hakimiyyət isə iddiaları rədd edərək, qanun layihəsinin mütləq qəbul ediləcəyini bildirir. Hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra xarici agentlərlə bağlı qanun layihəsini yenidən parlamentə təqdim etdiklərini açıqlayıb. O deyib ki, “xarici təsir agenti” termini istisna olmaqla, qanun layihəsinin mətni əvvəlki kimi saxlanılıb. Əvəzində “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə olunub. Qanunvericilik aktı yalnız məlumat məqsədlidir, xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.

M.Mdinaradze əlavə edib ki, layihənin parlamentin yaz sessiyasının sonuna qədər qəbul edilməsi planlaşdırılır. Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaq. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər.

Prezident qanunu dəstəkləmir

Hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsinə qarşı müxalifət əks mövqedə dayanıb. Prezident Salome Zurabişvili də onlarla həmrəydir. Prezident hökumətin bu addımını ölkənin Avropa İttifaqı yolunda təxribat adlandırıb. 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, qanun maksimum açıqlıq siyasətinin davamı olacaq. Onun sözlərinə görə, həm dövlət, həm də qeyri-hökumət təşkilatları mümkün qədər şəffaf olmalıdır. Kobaxidze vurğulayıb ki, bəzi qeyri-hökumət təşkilatları xarici pullar hesabına Gürcüstanda radikalizmi qızışdırır, inqilabi prosesləri dəstəkləyir, seçkiləri saxtalaşdırmağa çalışır, müharibəyə çağırır və ümumilikdə psevdoliberal ideologiyanı yayırlar. “QHT-lərin və KİV-lərin yuxarıda qeyd olunan hərəkətləri donorların reputasiyasına mənfi təsir göstərir. İnanıram ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun bu mənfi tendensiyanın aradan qaldırılmasına mühüm töhfə verəcək”, - deyə Kobaxidze bildirib.

Parlament sədrinin müavini Giya Volski də hesab edir ki, “tamamilə normal qanun layihəsinə qəzəbli münasibət” Gürcüstanda sabitliyi pozmaq üçün vətəndaş fəallarının xaricdən aldığı pula ehtiyacı olduğunu nümayiş etdirir.  Onların hamısı vurğulayır ki, xarici agentlər haqqında qanun, məsələn, ABŞ, Aİ ölkələri, Böyük Britaniya, Kanada və Ukraynada da qüvvədədir. 

“Ölkəni sındırmaq istəyirlər”

 Lakin Gürcüstan müxalifətinin bu məsələyə münasibəti fərqlidir. Məsələn, müxalifətçi deputat Xatia Dekanoidze hesab edir ki, “Gürcü arzusu” bu qanunu qəbul etməklə ölkəni sındırmaq istəyir: “Siz Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar başlamazdan əvvəl Rusiya qanunlarını geri qaytaran siyasi qüvvəsiniz”. 

Müxalifət liderlərindən olan Zurab Caparidze xatırladıb ki, bir il əvvəl vətəndaş cəmiyyəti hökumətin qalmaqallı qanun layihəsini qəbul etməsinə mane ola bilib, lakin hakimiyyət hələ də öz ideyasından əl çəkməyib, müstəqil QHT-lərə və mediaya təzyiqlərini dayandırmayıb. Bu səbəbdən o hesab edir ki, yenidən parlamentə göndərilən qanunvericilik təşəbbüsü ilə deyil, ölkə rəhbərliyi ilə mübarizə aparmaq lazımdır. Caparidze bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakimiyyəti dəyişdirməyi təklif edib. 

ABŞ da, BMT də narahatdır 

İş o yerə çatıb ki, Qərb institutları qanunun qəbulu ilə əlaqədar Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu itirə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. BMT-nin İnsan Haqları ofisi də Gürcüstan hökumətini “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb. ABŞ senatorları isə bildiriblər ki, Tbilisinin xarici agentlər haqqında qanun layihəsini gündəmə qaytardığını müşahidə etmək həddindən artıq məyusedicidir. Dövlət Departamentinin sözçüsü Metyu Miller qanun layihəsinin Gürcüstanı Avropa yolundan uzaqlaşdıracağından və vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən çox narahat olduqlarını bildirib. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər