• şənbə, 27 Iyul, 08:47
  • Baku Bakı 26°C

Pis başlamayıblar

07.10.23 00:12 7461
Pis başlamayıblar

Performansı daha çox diqqət çəkən Mahir Emrelidir. Bir müddət Türkiyə “Konyaspor”unda çıxış edən forvard bu yay yenidən Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdıb. İndi o, Zaqreb klubunda əvvəlki dönəmlə müqayisədə daha yaxşı görünür.

Son illərdə azərbaycanlı futbolçuların ölkə xaricinə yolu açılıb. Bəlkə heç vaxt hazırda olduğu qədər oyunçumuz legioner həyatı yaşamayıb. Onların necə çıxış etməsi, performans təhlilinin aparılması ölkə futbolunun mənzərəsini anlamaq üçün vacibdir. Çünki həmin oyunçular bir qayda olaraq milli komandalara dəvət alanlardır.

Mahir bütün matçlarda oynamaq şansı qazanır

Performansı daha çox diqqət çəkən Mahir Emrelidir. Bir müddət Türkiyə “Konyaspor”unda çıxış edən forvard bu yay yenidən Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdıb. İndi o, Zaqreb klubunda əvvəlki dönəmlə müqayisədə daha yaxşı görünür. Mahir demək olar ki, bütün matçlarda oynamaq şansı qazanır. Hətta o, bir neçə görüşə start heyətdə başlayıb. 26 yaşlı ön xətt oyunçusunun statistikası da yaxşıdır. 13 görüşdə meydanda olan futbolçu üç qol, dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, Xorvatiya çempionatında “Rudes” və “İstra” ilə qarşılaşmalarda həm özü fərqlənib, həm də assist müəllifi olub.

Şeydayevdən altı matçda bir qol, üç məhsuldar ötürmə

Ramil Şeydayev də bu yay transfer olunduğu Tailandın “Buriram Yunayted” klubunda mövsümə yaxşı başlayıb. O, tez bir zamanda komandasının aparıcı futbolçularından birinə çevrilib. Əlbəttə, 27 yaşlı oyunçunun Tailanda yollanması birmənalı qarşılanmadı. Xüsusən o, “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olmuşkən. Lakin əslində Tailand çempionatı yüksək səviyyəli, “Buriram Yunayted” kifayət qədər güclüdür. Şeydayev bu mövsüm altı matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb. Mühitə tam uyğunlaşdıqdan sonra onun məhsuldarlığını artıracağı gözlənilir.

Vüsal İsgəndərli də özünə gəlir 

Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda ilk vaxtlar özündən söz etdirməyi bacarmasa da, getdikcə vəziyyəti dəyişə bilib. Artıq o, klubun əsas heyət oyunçusudur. Vüsal komandanın heyətində meydana çıxdığı doqquz matçda iki qol, bir assist etməyi bacarıb. Onun komandası isə hazırda Super Liqanın lideridir. “Eqnatiya”ya keçid Vüsal üçün başqa məqamla da əlamətdar olub. O, Konfrans Liqasında “Ararat”la oyun üçün Ermənistana səfər edib və İrəvanda meydana çıxıb. Bu, Vüsalın böyük diqqət görməsi ilə nəticələnib. Albaniyada isə o, “Vlajniya” ilə qarşılaşmada vurduğu qolu Kriştianu Ronaldu stilində qeyd etməklə gündəm olub.

Stabil ortabablar

Türkiyədəki iki təmsilçimiz - Bəxtiyar Həsənalızadə və Coşqun Diniyevin çıxışı ortababdır. Bəxtiyar “Tuzlaspor”da dörd oyunda bir qol vurub və bu qələbə üçün həlledici olub. Coşqun isə bu mövsüm yeddi matçda forma geyinib. Elə də məhsuldar olmayan orta xətt oyunçusu üçün normal göstərici hesab etmək olar.

Niderland “Eyndhoven”ində çıxış edən Ozan Can Kökçünü də bu siyahıya əlavə etmək olar. O, komandasının əsas heyət oyunçusudur və bu mövsüm səkkiz matçda bir qol vurmağı bacarıb. Kökçü Niderland futboluna yaxşı bələddir. O, xüsusi bir şeylə yadda qalmasa da, çıxışı pis  alınmır.

Yeni mühitə uyğunlaşmağa çalışanlar

Musa Qurbanlının İsveç “Yurqorden”ində işləri, əslində, pis getmir. O, 12 qarşılaşmada üç qol və bir assistlə yadda qalıb. Lakin görünən odur ki, gənc oyunçu hələ şimal ölkəsinin futboluna tam uyğunlaşa bilməyib. Musadan gözləntilər də böyükdür, onun potensialı da var. Bəzi qarşılaşmalarda real imkanları əldən verməsi hücumçu kimi onun adına mənfi amildir.

Bolqarıstan “Arda”sında çıxış edən müdafiəçi Cəlal Hüseynovun işlərinin pis getdiyini demək olmaz. İlk vaxtlar heyətə düşməyə çətinlik çəksə də, artıq kifayət qədər şans qazanır. O, ümumilikdə yeddi oyun keçirib və bir qol vurub. Cəlal son zamanlar yaxaladığı performansı davam etdirə bilsə, komandasının əvəzedilməzlərindən birinə çevriləcək.

Renat Dadaşov isə Türkiyə Super Liqasına uyğunlaşmağa çalışır. O, İsveçrə “Qrashopper”indən “Hatayspor”a keçib. Yeni komandasında üç qarşılaşmada meydana çıxan forvard qol və məhsuldar ötürmə ilə yadda qala bilməyib. Lakin onun üçün uyğunlaşmaq ciddi problem olmamalıdır. Əvvəllər Almaniya, Portuqaliya, İngiltərə, İsveçrədə oynamış futbolçunun tezliklə Türkiyəyə uyğunlaşacağı gözlənilir.

Gözləntiləri qarşılamayanlar

Anton Krivotsyuk Cənubi Koreyanın “Daceon Hana Sitizen” klubunda bu mövsüm 29 matçda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. İlk baxışdan bir müdafiəçi üçün rəqəmlər kifayət qədər yaxşıdır. Lakin problem ondadır ki, milliləşdirilmiş ukraynalı futbolçu son zamanlar əsas heyətdə yerini itirməyə başlayıb.

Şahruddin Məhəmmədəliyev yenicə keçdiyi “Adana Demirspor”da heyətə düşməkdə çətinlik çəkir. Onu da uyğunlaşmağa çalışanlar siyahısına əlavə etmək olardı, lakin qolkiper Super Liqada keçirdiyi bir matçda iki top buraxıb. Əsas qolkiperin qırmızı vərəqə almasından sonra şans qazanan oyunçu 63 dəqiqə ərzində özünü yaxşı tərəfdən göstərə bilməyib və yenidən ehtiyatda oturmağa başlayıb. Ancaq Şahruddinin vəziyyəti dəyişəcəyinə ümid böyükdür.

Faiq Tahirov

banner

Oxşar Xəbərlər