• çərşənbə, 24 Aprel, 00:14
  • Baku Bakı 14°C

"Persona-non-qrata" xanım öz ampluasında - Türkiyədə anti-Azərbaycan təbliğatı

25.05.23 14:47 470
"Persona-non-qrata" xanım öz ampluasında - Türkiyədə anti-Azərbaycan təbliğatı

Demokratiyanın əsaslarından biri söz azadlığıdır. Ondan xoşməramlı məsələlərə istifadə edilərsə demokratiya udar. Türkiyə demokratik şərait və onun dəyərlərinin inkişafı baxımından çoxları üçün örnəkdir.

Təəssüf ki, bu şəraitdən pozuculuq, iğtişaş, dövlətlər və müttəfiqlərarası münasibətlərin pozulması üçün də istifadə olunur. Məsələn, Türkiyədə keçirilən prezident seçkisi ərəfəsində təbliğat kampaniyası zamanı müxalifət blokunun təmsilçilərindən biri ölkənin inzibati ərazi vahidini təhrif edib. O, bununla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini təhdid edən terrorçuların təbliğatını aparıb, Konstitusiyanı pozub. Həmin şəxsə qarşı cinayət işinin başlaması ilə söz azadlığı pozulur? Əlbəttə ki xeyr! Çünki seçkilər dövlətin daha da güclənməsi, həm də demokratiyanın inkişafı üçündür. Siyasi kampaniyanın yaratdığı şəraitdən dövlətin qanunlarını pozmaq üçün sui-istifadə hal yolverilməzdir.

Bu, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və başqa dövlətlər üçün də keçərlidir.

Türkiyədə mayın 14-də keçirilən Prezident seçkisinin birinci turu, mayın 28-də keçiriləcək ikinci turundan öncə aparılan təbliğat-təşviqatdan bəziləri kəmfürsətcə istifadə edirlər.

Belələrindən biri Nagehan Alçıdır. Türkiyə vətəndaşı olan, yazılarında Azərbaycana sevgisi olduğunu iddia etsə də, onun suveren hüquqlarını pozan, Atatürkün tərəfdarı kimi görünməyə çalışan, əslində daha çox Türkiyənin ərazi bütövlüyünü pozanların havadarlarına qahmar çıxan bu xanım kimdir? O, 1977-ci il aprelin 13-də İstanbulda anadan olub. İngilis, alman, ispanca bilir. Sosial şəbəkədə Katolik məktəbinin də məzunu olduğu barədə yayılan xəbərlər öz təsdiqini tapmayıb. Haqqında təqdimat verməkdə məqsədimiz xanım Alçının dünya görüşünün səviyyəsini göstərməkdir. Başqa sözlə, onun yazdıqları və iddialarının təsadüfi, yaxud “anlamayıb” mənasına gəlmədiyini isbatlamaq üçündür.

Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda o, ölkəmizə qarşı sözün bütün mənalarında – mənəvi, hüquqi və s. – hörmətsizlik edərək İrəvandan Qarabağa səfər edib. Nəticədə təbii ki, rəsmi Bakı onu “arzuedilməz şəxslər” siyahısına salıb.

Torpaqlar işğaldan azad edildikdən sonra özünü Azərbaycansevər kimi təqdim etməsi bu baxımdan səmimi sayılmadı. O, sosial şəbəkələrdə bunu təkzib etmişdi: “Böhtan atanlar məhkəmədə cavab verəcək. Azərbaycana girişimin qadağan olunması tamamilə yalandır...”

Ancaq sonralar o, hay-küyü ilə əsl üzünü gizlədə bilməmişdi və Qarabağa gedib, separatçılarla görüşdüyünü etiraf etmişdi.
Xanım Alçının Türkiyənin də ərazi bütövlüyünü şübhə altına alanlarla əlaqədar olduğuna dair çoxsaylı məlumatlar var. Belə çıxır ki, bu qadın jurnalist söz azadlığından Azərbaycan və Türkiyəyə qarşı istifadə edir.

Nagehan Alçının fəaliyyəti təqaüddə olan general-mayor Əhməd Yavuzun “Habertürk”ü boykot etməsinə də səbəb olmuşdu. O, Nagehan Alçını “FETÖ artığı” adlandırmışdı. Xanım jurnalist demokratik şəraitdən və söz azadlığından yaralanaraq saxta erməni iddiasının tanınmasına dair məqalə ilə də çıxış edib.

Bugünlərdə isə Nagehan Alçı gündəliyə prezidentliyə keçmiş namizəd Sinan Oğana qarşı iftiraları ilə gündəliyə gəlib.

Prezidentliyə keçmiş namizəd cavabında deyib ki, Nagehan xanım da bir çoxları kimi onun keçmişi ilə bağlı qınamağa bir şey tapa bilməyəndə öz fantaziyasını işə salıb: “Azərbaycan prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etməkdə və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqda sizin məqsədiniz nə olduğunu bilmirik? Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının ağrısı canınızdan çıxmayıb!”

Sinan Oğan jurnalist xanımın müdafiə etdiyi dəstəyə işarə edərək vurğulayıb ki, türk millətçiləri PKK terrorçu qruplaşmasının təmsilçisi HDP-ni dəstəkləsə idi, yəqin Alçı xanım sevinərdi: “Bu cür sağa-sola hücum etməzdiniz”.

Türkiyəni sevməyənlərin Azərbaycanı və əksinə olması mümkün deyil. Hər iki ölkənin ərazi bütövlüyünə qarşı çıxanların, inkişafına mane olanların, istər o, terrorçu, istərsə də demokrat donunda olsun, bu iki dövləti sevməsi də mümkünsüzdür. Odur ki, Azərbaycan və Türkiyəyə qarşı səbatsız çıxış və yazıları ilə Nagehan xanım çoxbilmişdiyindən tələyə düşənə oxşayır. O, bəhs etdiyimiz məsələdə Sinan Oğanın bostanına atdığı daşın arxasında qara əllərin durduğunu gizlədə bilməyib.

Report

banner

Oxşar Xəbərlər