• cümə, 19 Aprel, 17:56
  • Baku Bakı 25°C

Passiv həyat tərzindən çəkinməklə ürək xəstəliklərindən qorunmaq olar

03.05.23 18:30 436
Passiv həyat tərzindən çəkinməklə ürək xəstəliklərindən qorunmaq olar

Orqanizmin əsas yükünü daşıyan ürəklə bağlı xəstəliklər hər zaman diqqət mərkəzindədir. Təəssüf ki, hələ də əksər ölkələrdə ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Son zamanlar gənclərdə də rast gəlinən ürək problemlərindən biri isə kəskin koronar sindromudur. Xəstəlik ürək əzələsinin oksigenlə tələbatı və təminatı arasında olan uyğunsuzluq nəticəsində yaranır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqu Aqil Allahverdiyev deyib. Onun sözlərinə görə, ürək əzələsinin qan təchizatının pozulması nəticəsində ürəyi qidalandıran arterial damarların içərisində və divarlarında aterosklerotik düyünlər əmələ gəlir, iltihablaşır, yırtılır və ya bu damarların spazmı müşahidə edilir. Oksigen və qida maddələrini ürək əzələlərinə çatdırılmasında iştirak edən arterial damarlar tıxanarsa, hüceyrələrə oksigen tədarükü pozularsa, ürək əzələlərinin hüceyrələri ölə bilər.

Kəskin koronar sindromu bəzən ani olaraq başlayır və sinədə, döş qəfəsində, döş sümüyünün arxasında - ümumiyyətlə bütün orqanizmdə güclü narahatlıq hissi yaradır. Xəstəliyin əsas əlamətləri sinədə, bir və ya hər iki qolda ağrı, kürəkdə yanğı hissi, çənəyə, boyuna yayılan ağrı və diskomfort, hərəkət zamanı ağrıların kəskinləşməsindən ibarətdir. Bu zaman halsızlıq, başgicəllənmə, tərləmə (xüsusilə soyuq tər), mədə bulanması və qusma, nəfəs darlığı, təngnəfəslik müşahidə olunur.

Kardioloq bu kimi ciddi əlamətlər müşahidə edilərsə, dərhal təcili yardım çağırılmalı, kardioloji müayinə həyata keçirilməli olduğunu deyib: “Çünki vaxtında edilən müdaxilə ilə tıxanmış damar açılır və ürək əzələsinin zədələnməsinin qarşısı alınmış olur.

Kəskin koronar sindrom zərərli vərdişlərə aludə olan, passiv həyat tərzi keçirən, daim stresə məruz qalan, siqaret çəkən və qeyri-rasional qidalanan şəxslərdə daha çox rast gəlinir. Xəstəliyin dəyişməyən risk faktorları sırasına isə qanda xolesterin səviyyəsi, irsiyyət, hipertoniya, şəkərli diabetin mövcudluğu daxildir. Passiv həyat tərzindən çəkinməklə və mütəmadi müayinələrdən keçməklə ürəyi qorumaq, sağlam yaşayaraq ömrü uzatmaq olar”.

banner

Oxşar Xəbərlər