• çərşənbə axşamı, 27 fevral, 13:57
  • Baku Bakı 5°C

Ordumuzun döyüş qabiliyyəti artırılır - FOTOLAR

24.06.23 05:30 3286
Ordumuzun döyüş qabiliyyəti artırılır - FOTOLAR

İlham Əliyev: “Onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur”.

İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlət başçısı tədbirdə çıxış edib.

Növbəti komando hərbi hissəsi açılır

Prezident bildirib ki, Silahlı Qüvvələr Günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsi açılır. Bu, çox əlamətdar hadisədir: ”Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.

İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.

Böyük dağıdıcı qüvvəyə malik raketlər alınır

Dövlət başçısının sözlərinə görə, Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”, - Prezident deyib.

Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır

“Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”, - İ.Əliyev bildirib. Onun sözlərinə görə, bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək: “Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”. 

Qisasımızı döyüş meydanında aldıq

Ali Baş Komandan deyib ki, Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. “Bəziləri, o cümlədən Ermənistan və onun bəzi xarici himayədarları bizi qisasçılıqda ittiham edirlər. Tamamilə yalan bir tezisdir. Mən müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək”, - İlham Əliyev deyib. 

Azərbaycanın sülh şərtləri

Ali Baş Komandanın sözlərinə görə, bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq: “Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.

Bizim şərtlərimiz bundan ibarətdir. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.

Eyni zamanda, bizim şərtlərimizdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir”.

Dövlət başçısı bildirib ki, biz hələlik özümüzü təmkinlə aparırıq. “Onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”, - Prezident deyib. 

banner

Oxşar Xəbərlər