• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

OPEC+ qəti döyüşə gedir - TƏHLİL

10.06.23 00:00 2486
OPEC+ qəti döyüşə gedir - TƏHLİL

OPEC+ gələn il üçün gündəlik neft hasilatının səviyyəsini 40,46 milyon barel həcmində müəyyənləşdirib. Ümumilikdə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaqlar. Bundan əlavə, Səudiyyə Ərəbistanı iyulun 1-dən gündəlik neft hasilatını əlavə olaraq 1 milyon barel azaldacağını açıqlayıb. 

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr (OPEC+) gələn il üçün gündəlik neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul edib. Vyanada əldə olunan razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı OPEC+ üzrə 40,46 milyon barel həcmində müəyyənləşib. Hasilatın səviyyəsi gələn ilin yanvarın 1-dən dekabrın 31-dək müəyyən edilib. Ümumilikdə, hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq. Neft İxrac Edən Ölkələr Təşkilatını və Rusiyanın başçılıq etdiyi müttəfiqləri birləşdirən OPEC+ dünya xammalının təxminən 40 faizini istehsal edir, yəni onun qərarları neft qiymətlərinə böyük təsir göstərir. Rəsmən bildirilməsə də, ekspertlər əsas məqsədin neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq olduğunu irəli sürüblər. Eyni zamanda, bura neft sektorunun inkişafına mənfi təsir göstərən amillərin qarşısını almaq da daxildir. Bu qərarın neft bazarına zəruri dəstəyi təmin edəcəyi də irəli sürülür. Növbəti görüş noyabrın 26-na təyin edilib. Bir çox ekspertlər bu qərarın neftin qiymətində artıma səbəb olacağı qənaətindədirlər. Apreldə kartelin hasilatın azaldılmasına dair gözlənilməz qərarı xam neft qiymətlərinə məhdud təkan verib, çünki bazarlar ABŞ-nin potensial borc defoltundan narahat idi. Eyni zamanda, Çindən gələn zəif iqtisadi göstəricilər də bu il tələbin bərpasına şübhələr yaradır. Bir faktı da qeyd etmək yerinə düşər. Ukrayna ilə Rusiya arasında yaşananlar göstərdi ki, neftin dünya bazarında qiyməti yalnız iqtisadi faktorlara deyil, eyni zamanda, siyasi səbəblərlə müəyyənləşir. Növbəti ildə də bu tendensiya qalacaq. Çünki qlobal resessiya riski davam edir, neftə olan tələb azalır.

Neftin qiyməti artacaq

Qərb ölkələri OPEC+ alyansını neftin qiymətlərini manipulyasiya etməkdə və yüksək enerji xərcləri hesabına qlobal iqtisadiyyatı sarsıtmaqda ittiham edirlər. Bunun müqabilində, OPEC+ rəsmiləri və insayderləri Qərbin son on ildə izafi pul çap etməsinin inflyasiyaya səbəb olduğunu və neft hasil edən ölkələri əsas ixracatlarının dəyərini saxlamaq üçün hərəkətə keçməyə məcbur etdiyini bildiriblər. İraqın neft naziri Hayan Abdel-Qəni Vyanaya səfərdən əvvəl deyib: “Biz qlobal neft bazarında daha çox tarazlıq və sabitliyə nail olmaq üçün hər hansı bir qərar verməkdən çəkinməyəcəyik”. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı qərardan sonra iyul ayında neft hasilatını əlavə 1 milyon barel azaldacağını açıqlayıb.  Analitiklərin sözlərinə görə, bu qərar ilin sonuna qədər brent neftinin bir barelinin qiymətini 100 dollara çatdıracaq. "Səudiyyə Ərəbistanı iyuldan əlavə hasilatı azaldacağını vəd etdiyi üçün xam neft tədarükündəki qlobal qıtlıq üçüncü rübdə dərinləşəcək", - deyə analitiklər bildiriblər. Səudiyyə Ərəbistanının vəd etdiyi könüllü ixtisar, Neft İxrac Edən Ölkələr Təşkilatı və onların müttəfiqlərinin (Rusiya da daxil olmaqla) 2024-cü ilin sonuna qədər uzatdıqları ixtisardan əlavədir. Analitik Vivek Dharın qənaətincə, Səudiyyə Ərəbistanı hasilatı azaltmaqla neft qiymətlərini çox aşağı düşmədən qoruyur. Bundan sonra neft bazarlarının bu ilin sonunda kəsirə daha çox meylli olacağı düşünülür: "Biz hesab edirik ki, Çində tələbin cüzi bərpası ilə belə, brent fyuçersləri 2023-cü ilin 4-cü rübünə qədər 85 dollar/barelə yüksələcək". Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri 2023-cü ilin dekabrında neftin qiymətinin 95 dollar/barel təşkil edəcəyini gözləyirlər.

Dünyanın diqqəti ABŞ və Çinə yönəlib

Neft bazarı eyni zamanda Çin və ABŞ-dən gələn məlumatların təsiri ilə bədbinləşib. Çində iqtisadi canlanma gözləntiləri getdikcə azalır, ABŞ isə defolt təhlükəsini yaşayır. ABŞ-də hökumətlə Konqresin dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı uzun çəkən müzakirələri mayın 31-də razılaşma ilə nəticələnsə də, bunun bazara hər hansı müsbət təsiri olmadı. Çünki Çində açıqlanan məlumat bazarda tələbatın artacağına olan ümidləri xeyli zəiflətdi. 

Rusiyanın neft ixracı 24 faiz azala bilər

Ən bədbin vəziyyət Rusiyanı gözləyir. Qərblə münaqişə və sanksiyaların gücləndirilməsi Moskva üçün uzun müddət neft ixracının və mal idxalının azalmasını vəd edir. Kreml hələ də Asiyaya enerji ixracının uğurlu restrukturizasiyası barədə məlumat versə də, G7 ölkələri Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa söz verirlər. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft və neft məhsulları ixracının bir hissəsini Qərbdən Asiya-Sakit Okean istiqamətinə, ilk növbədə Çin və Hindistana yönəltməyə nail olub. O qeyd edib ki, 2023-cü ildə Çinə enerji tədarükünün artımı təxminən 40 faiz təşkil edib. Əgər əvvəllər Rusiya Qərb ölkələrinə təqribən 225 milyon ton neft və neft məhsulları göndərirdisə, Asiya-Sakit okean istiqamətinə 2023-cü ildə 140 milyon ton neft və neft məhsulları göndərəcək. Neft və kömür ixracının davam etməsi, eləcə də yüksək enerji qiymətləri Rusiyaya 2022-ci ilin yazında ilk böhran zərbəsini dəf etməyə kömək etdi. Bununla belə, gələcəkdə enerji resurslarının dünya qiymətlərinin aşağı düşməsi riskləri ilə yanaşı, ixracın həcminin azalması riskləri də mövcuddur. Yaxın bir neçə ildə neft ixracı əhəmiyyətli dərəcədə (24%) azala bilər. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər