• çərşənbə axşamı, 25 iyun, 16:21
  • Baku Bakı 29°C

Ənənəvi bazarlar sıradan çıxır?

04.05.24 04:29 3826
Ənənəvi bazarlar sıradan çıxır?

Bazarlar bir-bir sıradan çıxır. Ekspertlərin bir qismi bazarların bağlanmasını dəstəkləsə də, bir qismi bu addımların yanlış olduğunu bildirir. Onların fikrincə, bazar bizim keçmişimizdir və onu qoruyub saxlamalıyıq.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan dördü fəaliyyətini dayandırıb. Bu vaxta qədər Bakıda ənənəvi bazarlardan “Şüşəli bazar”, Yasamal bazarı və “Təzə bazar”ın söküldüyü məlumdur. Bəzən bazarların ləğvi insanlar arasında narazılıq yaradır. Bəs görəsən həqiqətənmi ənənəvi bazarlar tarixə qovuşur?

Kirayə qiymətləri fərqli olur

Vaxtilə “Təzə bazar”da ticarətlə məşğul olan Həsrət Qəhrəmanovun sözlərinə görə, bazarların bağlanılması ən çox orada çalışan insanlara təsir edir: “Bazar bağlandıqda insanların qazanc yeri də əlindən çıxır. Elə adamlar var yaşı çoxdur, başqa işlə də məşğul ola bilmirlər. Başqa yerə köçürüldükdə isə həm kirayə qiymətləri fərqli olur, həm də satıcı müştərilərini itirir. Yeni açılan bazarda alıcı kütləsi də eyni olmur. Böyük marketlərin yaradılması bazarların müştərisini azaldır”.

“Köhnə bazarlar mütləq bərpa olunmalıdır”

Memar Dilqəm İsmayılov isə bildirdi ki, bazar ənənəsi dünya ölkələrində də mövcuddur: “Bazarlar Azərbaycanın keçmişdən gələn mədəniyyət nümunəsidir. Bazar mədəniyyəti təkcə Azərbaycanda deyil, İtaliyada, Cənubi Avropa ölkələrində də mövcuddur. Bazarlar xüsusən də şərq ölkələrində insanların sosiallaşması üçün bir məkan olub. Səliqəli dizaynla bazarları bərpa etmək olar. Düşünürəm ki, köhnə bazarlar mütləq bərpa olunmalıdır. Əgər “Şərq bazarı” kimi xüsusi arxitekturaya sahibdirsə, bu, nəzərə alınmalıdır. Amma bazarlarda bütün sahələrə aid məhsullar olsa, daha yaxşı olardı”. 

“Bakı üçün bazar mədəniyyəti çox önəmlidir”

D.İsmayılovun fikrincə, şəhər memarlığında da bazarların özünəməxsus yeri olmalıdır: “Məsələn, “Nəsimi bazarı” insanların ehtiyaclarını ödəyirdi. Bu bazarı söküb yerində çoxmərtəbəli binalar, biznes mərkəzləri tikmək düzgün yanaşma deyil. Bazar təkcə qida almaq üçün deyil, həmçinin insanda bir emosiya yaradır. “Təzə bazar” da ənənəvi bazarlar kimi tikilir, ümid edirəm müasir şəkildə fəaliyyət göstərəcək. Fikrimcə, Bakı üçün bazar mədəniyyəti çox önəmlidir”.

“Gələcək nəsil üçün bazar ənənəsi qalmır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, bazarlar ləğv olunduqca, insanlar marketlərə üz tutur: “Bazarların tədricən sıradan çıxması təbii haldır. Bütün dünyada bu proses gedir. Xaricdəki böyük şəhərlərdə artıq bazarlar ləğv edilib. Onların yerində müxtəlif obyektlər tikilib. Amma bunu da nəzərə almalıyıq ki, bazarlar tarix boyu insanlar üçün əhəmiyyətli yer olub. Azərbaycan düşüncəsində bazarlar insanların görüşməsi, əlaqə saxlaması üçün əhəmiyyətli rola malikdir. Həmçinin insanlar üçün qida məhsullarının daha əlçatan olmasına xidmət edir. Mən arzu etməzdim ki, xarici ölkələrin təcrübəsi bizə də gəlsin və bu ənənələr sıradan çıxsın. Heyif ki, bu ənənə sıradan çıxır. Böyük ərazisi olan bazarların yerində çoxmərtəbəli binalar, ticarət mərkəzləri inşa olunur”. 

E.Hüseynovun sözlərinə görə, antisanitariya hallarını aradan qaldırmaq şərtilə bazarları yaşatmalıyıq: “Gələcək nəsil üçün bazar ənənəsi qalmır. Bundan narahat olmalıyıq. İstehlakçılar da istəyərlər ki, alış-verişlərini bazarlarda etsinlər. Amma bazarlarda antisanitar vəziyyət hökm sürür. Lakin Bakıda yerləşən bəzi bazarlar belə deyil, hətta digər ölkələrdən gələn insanları da valeh edirlər. İstisna hallar da mövcuddur. İnsanları məcburən marketlərə yönəldirlər. Amma insanlar öyrəşdikləri bazarları tərk etmək istəmirlər. Bazar iqtisadiyyatı mal satışının təmərküzləşməsini tələb edir deyə, bazarların çökməsi prosesi gedir”. 

İnsanların büdcəsinə təsir etməyəcək

Sosioloq İlqar Hüseynli isə görülən işlərin doğruluğunu vurğuladı: “Bazarların bəzisi restavrasiya olunub şərq üslubunda görünüşünü saxlayır. Digər bazarların da yenilənməsi həyata keçirilir. AQTA-nın mövqeyi ilə razıyam. Orada olan epidemioloji vəziyyəti nəzərə alsaq, həqiqətən də bazarlarda acınacaqlı durum mövcuddur. Xüsusən də “8-ci kilometr” və “3-cü mikrorayon” bazarlarında sanitar normativ qaydalara əməl olunmur. Müasir dünyada tələblər də dəyişib. Bazarlar əslində sıradan çıxmır, sadəcə yenilənir. Böyük şəhərlərdə bu cür bazarlar demək olar ki, qalmayıb. Bütün sistem qapalı şəraitlərə, supermarketlərə, daha müasir texnologiyaların tətbiq olunduğu və soyuducu sistemlərə malik olan modern tipli satış mərkəzlərinə çevrilir. Düşünürəm ki, ənənəvi bazar modelindən daha sivil satış mərkəzlərinin yaranmasına istiqamətlənməliyik. İnsanlar qiymətdən narazılıq edir, amma bəzən bazarda məhsullar daha baha olur. Bazarların tədricən müasirləşməsi insanların büdcəsinə təsir etməyəcək”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər