• çərşənbə axşamı, 23 aprel, 15:10
  • Baku Bakı 24°C

NASA-dan təklif alan Azərbaycan layihəsi- Reportaj

07.10.23 05:30 7750
NASA-dan təklif alan Azərbaycan layihəsi- Reportaj

NASA-dan təklif alan Azərbaycan layihəsi Aya səyahət edən vaxt Qarabağın qoxusunu hiss edirsən. Ayı gözəlləşdirən xarı bülbüllər göz oxşayır, Yer kürəsi üzərindəki Azərbaycan bayrağı qürurlandırır. Nümayiş olunan xəritədə Zəngəzur dəhlizi xüsusilə işarələnib, diqqəti çəkir.

“Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirildiyi günlərdə hər kəs kosmonavtlarla söhbətləşməyə can atır, onların səyahətləri haqqında maraqlanır, səmanın ənginliklərini öyrənməyə çalışırdılar. Bu günlərdə əksəriyyət bir dəfə də olsa, Aya, kosmosa səyahəti beynində canlandırıb, araşdırıb, əvvəllər bizim üçün utopik gələn bu arzunu əslində, reallaşdıra biləcəyini düşünüb. Gənc startapçılardan ibarət komanda isə “Virtual reallıq-Aya səyahət” avadanlığı ilə konqres iştirakçılarına iki dəqiqəlik Aya səyahət imkanı yaradıb.

Üstəlik, bu, Azərbaycan bayraqlı, xarı bülbüllü və doğma musiqili səyahətdir. NASA, JAXA kimi qurumların stendinin sərgiləndiyi konqresdə gənc startapçılar bu avadanlıqla əcnəbilərin marağını cəlb etməyi bacarıblar. Nəinki əcnəbilər, hətta NASA təmsilçiləri belə onlara yaxınlaşıb, Aya “səyahət”dən sonra əməkdaşlıq təklif ediblər.

Xarı bülbüllü, Qarabağ qoxulu səyahət

“Virtual reallıq-Aya səyahət” VR simulyatoru ilə reallaşır. Əvvəlcə tərəziyə çıxırsan, çəkin qeyd edilir. Daha sonra dəmir avadanlığa əyləşirsən və eynəkləri taxırsan. Həmin avadanlıq səni yuxarı-aşağı hərəkət etdirir. “Azərkosmos”un ofisində virtual olaraq astronavt kostyumunu geyinir, raketə minirsən və Aydasan... Qəribəsi isə odur ki, Aya səyahət edən vaxt Qarabağın qoxusunu hiss edirsən. Ayı gözəlləşdirən xarı bülbüllər göz oxşayır, Yer kürəsi üzərindəki Azərbaycan bayrağı qürurlandırır. Nümayiş olunan xəritədə Zəngəzur dəhlizi xüsusilə işarələnib, diqqəti çəkir. Ən maraqlısı isə, əcnəbilərin 2-3 dəqiqəlik səyahətə reaksiyası idi.

Qonaqlarımız sadəcə uçmurdular...

Komandanın rəhbəri Fuad Tağıyev deyir ki, avadanlıqda Zəngəzur dəhlizinin nümayişi, “Azərkosmos” raketinin üzərində Azərbaycan bayrağının olması, ay səthində çiçək açan xarı bülbüllər qonaqları çox maraqlandırıb: “Onlar eynəyi taxarkən sadəcə uçmurlar, ayda açan xarı bülbülləri gördükcə, bu gül haqqında maraqlanırlar, biz də izah edirdik. Çünki yekunda xarı bülbül böyüyür, Yer kürəsi fırlanır, bu anda Azərbaycanın bayrağı, xəritəsi görünür. Bu, subliminal mesaj idi. Mesajı ötürür, əcnəbiləri maraqlandıran suallarını cavablandırır, öz həqiqətlərimizi onlara çatdırırdıq”.

Dörd kosmik agentlik bizimlə maraqlandı

F.Tağıyev deyir ki, sərgidə iştirak edən bütün xarici kosmik agentliklər bu avadanlıqla maraqlanıblar: “Artıq dörd kosmik agentlik bizimlə maraqlandı və bildirdilər ki, bu startapı təkmilləşdirib son versiyada onlara sataq. Kosmik agentliklər tələbə və şagird heyətinin kosmosa olan maraqlarını artırmaq üçün bu avadanlıqdan istifadə etməyi düşünürlər. Həmçinin, bizim layihəmiz tək Aya səyahətlə yekunlaşmayacaq. Marsa, Saturna, Neptuna insanların virtual səyahətlərini təşkil etməyi planlaşdırırıq. Hətta yalnız səyahətlə kifayətlənmir, oyunlar vasitəsilə, kim orada xəyali nə etmək istəyirsə, onu da canlandıracağıq. Bu, tələbə və şagirdlərin fantaziyalarını inkişaf etdirəcək, kosmosa marağı artıracaq, ən əsası, reallaşmayan arzunun olmadığını anlayacaqsan”.

Aya səyahət arzusu Azərbaycanda reallaşan italyan

Yuxarıda da qeyd etdiyimiz kimi, bu stend əcnəbilərin marağına səbəb olub. Onlardan ən yadda qalanı isə 75 yaşlı italyan professorun reaksiyasıdır: “75 yaşlı italyan professor bizə yaxınlaşdı. Aya virtual səyahət etmək istədiyini bildirdi. Çəkisini, ad soyadını qeyd etdikdən sonra səyahəti başladı. O qədər maraqlı emosiya ilə ayrıldı ki... Dedi ki, buraya gəlməzdən öncə Azərbaycanı tanımırdım. Gəldim, gözəlliyi gördüm. Ən əsası, uşaqlıqdan Aya səyahət etmək arzumu məhz bu ölkədə reallaşdırdım”.

Hər gün 80-dən çox insan Aya səyahət edirdi

Məhsul meneceri Təravət Əsgərova isə bildirdi ki, sərgidə məhsul təqdim edən yeganə yerli şirkət olublar: “VR simulyatorla insanlar cihaza minir və Aya səfər edirlər. Qəribədir ki, stendimizə yerli vətəndaşlardan çox, əcnəbilər yaxınlaşırdı. Hər gün 80-dən çox insan bizimlə Aya səyahət edirdi”.

T.Əsgərova da NASA-nın onlarla maraqlandığını vurğuladı: “Bu cihaz onlara çox maraqlıdır və çox sadə yolla hazırlanıb. Həm qiymət baxımından əlverişlidir, həm də rahatlıqla insanlar qısa müddətdə 2-3 dəqiqəyə geyinir və aya səyahət edirlər”.

Bu qurğunu 20-30 yaş arası gənclər düzəldib

Məhsulun dizayneri İsmayıl Rasilov deyir ki, bu qurğunu 20-30 yaş arası gənclər düzəldiblər. VR simulyatoru yazan hazırda magistraturanın birinci kurs tələbəsidir. İsmayıl özü də Azərbaycan Texniki Universitetinin tələbəsidir: “Sərgi haqqında öyrəndikdə əsas hədəfimiz ixtisaslaşdığımız sahələr üzrə məhsulla çıxış etmək idi. Fərqli ölkələrdən iştirakçıların məhsulumuza maraq göstərməsi qürurludur. NASA-nın diqqətini cəlb etmək bizim üçün böyük hadisədir.

“Azərkosmos”la olan əməkdaşlığımız bizə imkan yaratdı ki, layihəmizi NASA-nın da diqqətinə çatdıraq. Nəhəng kosmik təsisatla əməkdaşlıq çərçivəsində daha geniş layihələrdə çalışmaq hədəfimizdir”.

Bir vaxtlar gülünc gələn nə var idisə, bu gün reallaşdı

Sonda komanda rəhbəri Fuad Tağıyev vurğuladı ki, bir vaxtlar bizim üçün gülünc gələn nə var idisə, bu gün reallaşır: “Azərbaycanda olan şirkətlərə və gənc mütəxəssislərə demək istəyirəm ki, möcüzəyə inanmaqdan imtina etməsinlər. Bir vaxtlar NASA ilə bir stenddə olmaq, NASA mütəxəssislərinin bizim avadanlıqdan istifadəsi, hətta onlarla işləmək imkansız görünürdü, hətta “bu olacaq” desəydilər, gülərdik. Amma reallıq göstərdi ki, yaxşı ideyaların açmadığı qapı yoxdur. Əsas işə başlamaqdır. Çünki NASA belə çox yaxındadır, müraciət etməklə öz ideyanızı orada həyata keçirə bilərsiniz”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər