• bazar, 19 May, 14:51
  • Baku Bakı 19°C

“Ən böyük motivasiya Vətəni sevməkdir” - MƏKTƏBDƏ

08.03.24 02:13 3486
“Ən böyük motivasiya Vətəni sevməkdir” - MƏKTƏBDƏ

İlham Zəkiyev: “Ölkəmizin bütün şəhərlərində idmançılar üçün lazımi şərait yaradılıb. Biz də Vətənə xidməti idmanda qazandığımız uğurlarla davam etdiririk”.

“Sizi kiçik, amma sevgi dolu məktəbimizdə görmək xoşdur” sözləri Paralimpiya çempionu İlham Zəkiyev üçün məktəblilərin dilindən səslənən ən xoş səmimiyyət oldu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə...” layihəsi növbəti qonağını - ikiqat Paralimpiya çempionu, cüdoçu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu, Əməkdar məşqçi İlham Zəkiyevi paytaxtdakı 65 nömrəli tam orta məktəbdə qarşıladı.

Çempionluğa aparan yol

“İlham Zəkiyev Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayır. Çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlir. Sonra gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur” - deyə çempionun məktəblilərin dilindən səslənən hər kəsə örnək olan həyat hekayəsini zaldakı şagird və müəllimlər maraqla dinləyir: “1998-ci ilin iyun ayında Azərbaycan kubokunu qazanır. Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırır. Lakin Moskvadakı olimpiadaya getmək ona müyəssər olmur. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılır və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayır.

Zəkiyev 19 yaşında görmə qabiliyyətini itirməsi nəticəsində çətin vəziyyətə düşür. Ailəsinin və yaxın dostlarının bu müddət ərzində ona dəstək olması İlhama belə çətin dövrü arxada qoymağa kömək edir. Belə bir vəziyyətdə onun böyük idmana qayıtması bir fantaziya kimi qəbul edilə bilərdi. Buna baxmayaraq, İlham idmana yenidən qayıtmaq üçün yollar arayırdı: 2002-ci ildə o vaxtkı gənclər və idman naziri ilə görüşür. Nazir İlhamın Moskvada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona Paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər. Bundan sonra İlham Zəkiyevin hər kəsi heyrətə salacaq uğurları başlayır...


“Müəllimlərimi ikinci valideynlərim sayıram”

“Siz uşaqlıqda necə şagird olmuşunuz: dəcəl, yoxsa sakit?” - deyə zaldakı heyrət dolu sükutu uşaqlardan birinin sualı pozur. “Mən dəcəl olmamışam, sakit uşaq olmuşam. Dərslərimi də həmişə yaxşı oxumuşam, yaxşı qiymətlər almışam. Çalışmışam ki, mənə görə valideynlərim söz eşitməsin. Məktəbli olarkən ən çox sevdiyim fənlər coğrafiya, tarix və riyaziyyat olub. Siz də dərslərinizi yaxşı oxuyun. Bu, sizin gələcəkdə yaxşı mütəxəssis olmanıza və həyatda layiqli yer tutmağınıza kömək edəcək. İşinizin peşəkarı olmağa çalışın”, - deyə cavab verdi.
“Siz idmanı seçəndə kiminsə həyat yolunu örnək götürdünüz?” - deyə uşaqlardan biri soruşdu: “İdmana həvəs mənə böyük qardaşım Fikrətdən keçdi. O, məndən 3 yaş böyük idi və güləşlə məşğul olurdu. Onun sayəsində mənim də idmana həvəsim yarandı. Əgər siz də idmanı sevirsinizsə, çalışın idman növünü düzgün seçin”.  

Şagirdlərdən biri: “Məktəb illərinizi və müəllimlərinizi necə xatırlayırsınız?”- deyə sual ünvanladı: “Oxuduğum məktəbə həmişə gedirəm və müəllimlərimə baş çəkirəm. Müəllimlərimi ikinci valideynlərim sayıram. Onlar mənim həyatımda böyük rol oynayıblar. Təkcə oxumağı, yazmağı öyrətməyiblər, həmçinin həyatı öyrədiblər. Siz də müəllimlərinizi sevin, onlara hörmət edin”.

“Bizim bəxtimiz onda gətirib ki...”

“Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmusunuz. Bir idmançı üçün dövlətin ali mükafatına layiq görülmək onun üzərinə hansı məsuliyyətləri qoyur?” - deyə soruşan şagirdin sualına “Mən yeganə adamam ki, ölkəmizdə Prezidentin sərəncamları ilə iki dəfə “Şöhrət” Ordeninə layiq görülmüşəm”, - deyə qürurla cavab verdi:

“Bizim bəxtimiz onda gətirib ki, idmanı sevən və dəyərləndirən ölkə başçımız var. O, bütün idmançılara böyük diqqət və qayğı göstərir. Ölkəmizin bütün şəhərlərində idmançılar üçün lazımi şərait yaradılıb. Biz də Vətənə xidməti idmanda qazandığımız uğurlarla davam etdiririk. Hər dəfə tatamı üzərinə çıxanda himnimiz çalınanda və üçrəngli bayrağımız dalğalananda bundan böyük xoşbəxtlik və qürur hissi olmur”.

“Prezident İlham Əliyev həmçinin  sizi “cəsurluq və ləyaqət simvolu” adlandırıb. Bu, sizin üçün nə deməkdir?” - deyə soruşan digər məktəbliyə qonaq “bunlar mənim üçün ən yüksək dəyərdir. Bu fikir mənim üzərimə daha böyük məsuliyyət qoyur və daha çox çalışmağa sövq edir”, - deyə cavab verdi: “Prezident bizi yarışa yola salanda heç vaxt demir ki, gedin, qızıl ya gümüş medal gətirin. Həmişə deyir ki, gedin, ölkəni layiqincə təmsil edin. Qayıdandan sonra o bizi qəbul edir, mükafatlandırır. Bu, bizim üçün ən böyük motivasiyadır”.

Ehtiyat etdiyim rəqib yoxdur

“Heç tatamı üzərində erməni rəqibiniz olubmu?” - deyə uşaqlardan biri maraqlandı: “Ermənilər hələ o səviyyəyə çatmayıblar ki, bizə rəqib olsunlar. Ümumiyyətlə, erməni idmançı paralimpiyada yoxdur. Çüdoda da yoxdur. Onlar bu sahədə hələ bircə medal da qazanmayıblar. Başqa rəqiblərə gəlincə, idmanda zəif rəqib olmur. Hər kəs öz ölkəsinin ən yaxşı idmançısı kimi yarışır. Hamı tatamı üzərinə çıxanda “İlhamı udum” deyərək yarışa girir. Mənimsə yarışda ehtiyat etdiyim rəqib yoxdur, əksinə, həmişə rəqiblər məndən çəkinirlər”.


“İdmançının ən böyük motivasiyası nədir?” - deyə soruşan şagirdə cavab belə oldu: “Ən böyük motivasiya Vətəni sevməkdir.  Əgər idmançı fikirləşsə ki, o, qalib gəlsə çoxlu pul qazanacaq, onda o, qalib gələ bilməyəcək. Əgər o, qəlbində Vətənə sevgi ilə yarış meydanına çıxsa, bayrağını yüksəklərə qaldırmaq haqqında düşünsə, onda o mütləq qalib olacaq!”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər