• bazar ertəsi, 02 dekabr, 18:14
  • Baku Bakı 8°C

Mükəmməl əsərlər muzeyi - BƏLƏDÇİ

06.07.24 02:03 4060
Mükəmməl əsərlər muzeyi - BƏLƏDÇİ

Roma papaları tərəfindən yaradılan Vatikan Muzeyləri kompleksi dünyanın ən çox ziyarət edilən beş muzeyindən biridir. Hər il altı milyondan çox insan bu muzeyləri ziyarət edir. Burada ziyarətçiləri 11 muzey, 54 qalereya və on minlərlə əsər gözləyir. 

Vatikan Muzeylərinə ekskursiya turistlərə Vatikanın mübahisəli tarixinin əsas hadisələri haqqında məlumat verir və onun möhtəşəm sənətini üzə çıxarmağa kömək edir. Roma papaları tərəfindən yaradılan muzeylər kompleksi dünyanın ən çox ziyarət edilən beş muzeyindən biridir. Hər il altı milyondan çox insan bu muzeyləri ziyarət edir. Parisdəki Luvr muzeyi qədər böyük olmasa da, 11 muzeyi, 54 qalereyası və on minlərlə əsəri ilə dünyanın ən möhtəşəm muzeyi sayılır. Kolleksiyaları intibah dövrü əsərləri də daxil olmaqla, klassik ustaların əsərlərindən ibarətdir. Muzeylər XVI əsrin əvvəllərində II Pope Julius tərəfindən qurulub. Muzeylərə marşrut Mikelancelonun tavan rəsmləri ilə Sikstin kapellası və Rafael tərəfindən bəzədilmiş çalarları ehtiva edir. 

Əzm və səbir tələb olunan səfər

Vatikan muzeylərinə daxil olmaq üçün hələ Romaya səfərimdən xeyli əvvəl muzeyin mətbuat şöbəsi ilə yazışmış və vaxt darlığını nəzərə alaraq sürətli keçid istəmişdim. “Biz Sizə sürətli keçid veririk və 5 avro da endirim edirik. 20 avroluq bilet alıb Vatikan muzeylərini ziyarət edə bilərsiniz. Bu səfər həyatınızın qalan hissəsi üçün yaddaqalan bir təcrübə olacaq, lakin bunun üçün əzm və səbir tələb olunacaq” cavabını aldım. 

Səyahət üçün saatlarla davam edən növbələrdən qaçsam da, məni uzunluğu yeddi km olan muzey sərgisi gözləyirdi. Müqəddəs taxt-tac dövlətinin çoxşaxəli tarixi, Vatikanın müasir həyatı haqqında maraqlı faktları öyrənməyi, möhtəşəm sənət əsərlərini seyr etməyi kim arzulamır? “Hər bir eksponatın yanında bir dəqiqə dayansanız, bütün kolleksiyaya baxmaq 12 il çəkəcək!” fikirlərini oxuduğumdan 5-6 saat ərzində muzeyin görməli yerlərini ziyarət etməli idim. 

Turistlər üçün unikal təcrübə

Vatikan Muzeyini ziyarət etmək Romaya gələn turistlər üçün unikal təcrübədir. Muzeylərin ən gözə çarpan inciləri sırasına Bramante pilləkənləri, Pinakoteka, Rafaelin “Dönüşmə” tablosu, Şam ağacının həyəti, Rotunda zalı və Porfir qabı, Qobelen qalereyası, Mikelancelonun “Son qiyamət” freskası, Şapelin tavanı və s. daxildir. Məsələn, müasir Bramante pilləkəni muzeylərdə fotoşəkil çəkilən ən gözəl obyektlərdən birinə çevrilib. Görünüşü DNT molekulunun alleqoriyasına malik qoşa spiral şəklindədir. 

Rotunda Zalı muzeylərə gələn qonaqlarda xüsusi təəssürat yaradır. Çünki otağın qübbəsi Panteondan nümunə götürülüb. İkinci əsrə aid döşəmədəki incə kiçik mozaika və soyudulmuş lavadan yaradılmış 12 metrlik və inanılmaz dərəcədə ağır qab insanı heyrətə salır.
Qobelen qalereyası tavanda yerləşən boyalı gips barelyefləri ilə turistləri heyran edir. Divarlardakı qobelenlərin tamamlanması illər çəkib. Finlandiya və Belçikanın ən yaxşı toxucuları onları yun, ipək, qızıl və gümüş saplardan toxuyublar.

Bu salonda danışmaq qadağandır

Məşhur Sikstin Kapellası italyan incəsənətinin ən görkəmli abidələrindən biridir. Kapellanın yerləşdiyi bina Papa IV Sikstin vaxtında müqəddəsləşdirilib. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilib.  Bottiçelli, Girlandayo,  Signorelli, Perucino və Cosimo Russellin və s. intibah rəssamlarının heyrətamiz freskaları və rəsmləri göz oxşayır.

1508-1512-ci illərdə Mikelancelo kapellanın tavanının, 1536-1541-ci illərdə isə mehrab divarının (“Məhşər günü”) rəsmlərini yaradıb.
Mikelancelonun dörd ilə yaratdığı “Son qiyamət” adlı irimiqyaslı freskasından göz çəkmək mümkün deyil. Bütün qurbangahın divarı Məsih, Məryəm, uçan mələklər, Apokalipsis mələkləri, salehlərin cənnətə daxil olması və günahkarların cəhənnəmə düşməsini əks etdirən kompozisiya ilə əhatə olunub.

Sikstin kapellasının daxilində söhbətlər qəti qadağandır, ona görə də salona girməzdən əvvəl bələdçilər turistlərə görməli olduqları hər şeyi təsvir edirlər. Bu bina papa seçimlərinin də keçirildiyi yerdir.

Bütün papaların istifadə etdikləri maşınlar 

Pinakothek Vatikan papanın şəxsi iqamətgahında olan və 118 rəsm əsərindən ibarət qalereya muzeyidir. Hazırda Luka Beltrami tərəfindən dizayn edilmiş yeni binada yerləşir. Muzey 12-ci əsrdən 19-cu əsrə qədər toplanmış, içində Rafael, Leonardo da Vinçi və Cottoya məxsus əsərlər də olan 460 eksponatdan ibarətdir.

Qədim Roma və yunan dövrlərinə aid heykəlləri nümayiş etdirən, iki papanın adını birləşdirən Pio-Klementino Muzeyini, doqquz otaqdan ibarət və bu otaqlarda papiruslar, mumiyalar və sarkofaqlar yerləşən Misir Muzeyini, 16-cı əsrdən günümüzədək olan papaların portretlərini, istifadə etdikləri maşınları nümayiş etdirən Vatikan Tarixi Muzeyini, Latsio bölgəsindəki qazıntılar nəticəsində tapılmış gümüş, bürünc və qızıldan ibarət kolleksiyanın mövcud olduğu Etruks Muzeyini, qədim Roma və Yunan dövrünə aid mindən çox əsərə ev sahibliyi edən Karamonti Muzeyini, dünyanın ən böyük coğrafi muzeyi olan Coğrafi Xəritələr Qalereyasını ziyarət edən turistlərin sayı-hesabı yoxdur. Vatikan muzeyindəki əsərlərin digər bir xüsusiyyəti də əsərlərin əksəriyyətinin qüsursuz olmasıdır. Bu gün dünyanın bir çox muzeylərində nümayiş olunan əsərlərdən fərqli olaraq, Vatikanda başsız heykəl görmək mümkün deyil. 

Bütün muzeyləri canlı görmək istəsəniz...

Hər ayın son bazar günü və 27 sentyabr Ümumdünya Turizm Günündə Vatikan muzeylərinə pulsuz daxil olmaq mümkündür. Muzeylərin girişində audiobələdçi satılır. Burada müxtəlif eksponatlar haqqında 200-ə yaxın səs yazısı var. Vatikan muzeylərində suvenir və kitab mağazaları, bir neçə kafe, həmçinin papa dövlətinin açıqcalarını və əşyalarını satan Vatikan Poçt şöbəsi fəaliyyət göstərir.
Sərgi salonlarına virtual ekskursiya rəsmi saytda pulsuzdur. 

Təranə Məhərrəmova
Roma-Vatikan-Bakı

 

banner

Oxşar Xəbərlər