Möhtəşəm təşkilatçılıq, ürəkaçan nəticələr

Bakı mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Milli Gimnastika Arenasında davam edən minifutbol üzrə dünya çempionatı yaddaşlarda iz buraxır.
Mayın 21-dən başlayaraq Bakı mötəbər beynəlxalq yarışa ev sahibliyi edir. Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatı keçirilir. Bu, Dünya Minifutbol Federasiyasının (WMF) təşkilatçılığı ilə baş tutan beşinci mundialdır. Əvvəlki dörd yarışda ABŞ, Çexiya, Meksika və Rumıniya çempion olublar.
Çempionatın keçirilməsinə xüsusi hazırlıq görülüb. Mundialın açılış mərasimi də xüsusi zövqlə hazırlanıb. Mərasimdə ölkəmiz haqqında xüsusi işıq və musiqi şousu nümayiş olunub. Rəqqasların ritmik və dinamik ifaları ilə müşayiət olunan səhnəcik tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye futbolla bağlı nümayiş etdirdiyi möhtəşəm texniki hərəkətlərlə tədbirə xüsusi rəng qatıb. Xalq artisti Aygün Kazımova və Türkiyənin məşhur pop ulduzu Aleyna Tilki enerjili ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə təqdim olunub.
Əvvəlkilərdən yaxşı mənada fərqlənən çempionat
İştirakçılar da Bakıda keçirilən dünya çempionatının təşkilatçılığını yüksək qiymətləndiriblər.
Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Azərbaycanda keçirilən dünya çempionatının əvvəlkilərdən fərqləndiyini, turnirin ən gözəl şəkildə gerçəkləşəcəyinin əvvəlcədən bəlli olduğunu bildirib:
“Azərbaycanda keçirilən dünya çempionatı təşkilatçılıq baxımından əvvəlkilərdən çox fərqləndi. Keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Oradakı stadion açıq havada, sahildə tikilmişdi. Ən böyük fərq odur ki, bu dəfə dünya çempionatını təşkil edən ölkənin komandası yarışın üç ən güclü iştirakçısından biridir. Bu səbəbdən turniri ən gözəl şəkildə keçirəcəkləri bəlli idi. Arena, oyunçuları daşıyan komanda möhtəşəmdir. İnanıram ki, bu çempionat minifutbolu daha da yüksəklərə qaldıracaq və gələcəkdə böyük uğurlara qapı açacaq. Təşkilatçılara təşəkkürümü bildirirəm”.
“Azərbaycanı möhtəşəm təşkilatçılığa görə təbrik edirəm”
Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul bildirib ki, indiyədək keçirilən dünya çempionatlarından ən gözəli Bakıda təşkil olunandır. "Qardaş ölkə Azərbaycanı möhtəşəm təşkilatçılığa görə ürəkdən təbrik edirəm. Həqiqətən mundiala əla hazırlaşıblar. Bu günə qədər təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıda keçiriləndir. Bunu bütün qəlbimlə söyləyirəm", - deyə C.Durul söyləyib.
Minifutbol üzrə Türkiyə millisinin baş məşqçisi Durul Tuğ təşkilatçılıq baxımından hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Bir çox turnirlərdə iştirak etmişik. Sizin ölkənizdəki tamam fərqlidir. Azərbaycan xalqından daha çox dəstək istəyirik. Oteldə, küçədə və başqa yerlərdə özümüzü Türkiyədəki kimi hiss edirik".
“Şəhərinizdə hər şey mükəmməldir”
Bakıda keçirilən dünya çempionatının təşkilatçılığı Mavritaniya Minifutbol Federasiyasının prezidenti Yakub Douanı da təəccübləndirib. Funksioner “Report”a açıqlamasında bildirib ki, bundan əvvəl beynəlxalq turnirlərdə iştirak etsələr də, Bakıdakı kimi yaxşı təşkilatçılıq görməyiblər: "Təşkilatçılıq məni təəccübləndirdi. Çünki daha əvvəl Dünya Minifutbol Federasiyasının təşkil etdiyi U-23 dünya çempionatında da olmuşam. Belə deyildi. Buraya gələndə həm də ona görə təəccübləndik ki, şəhərinizdə hər şey mükəmməldir. Bakıdakı şərait, nəqliyyat, yaşayış və sair".
Bəhreyn yığmasının futbolçusu Əli Xəlifə də Azərbaycanın mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdiyini bildirib: "Buna görə Azərbaycana təşəkkür edirəm. Hər şey çox yaxşı və yüksək səviyyədədir. Ölkəniz mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi".
"Milli Gimnastika Arenası çox möhtəşəmdir”
Minifutbol üzrə ABŞ yığmasının üzvü Stefan Miyatoviç də dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenasına heyran qalıb: "Milli Gimnastika Arenası çox möhtəşəmdir. Həqiqətən futbol oynamaq üçün əla imkan yaradılıb. Gördüklərimiz bizi sözün yaxşı mənasında təəccübləndirir. Ölkənizin mədəniyyəti çox xoşuma gəlir".
İsrail Minifutbol Federasiyasının nümayəndəsi Qay Vaynerman da Bakıdakı dünya çempionatının çox gözəl təşkil olunduğunu bildirib: "Açılış həqiqətən əla alındı. Burada gördüklərimiz bizi sözün ən yaxşı mənasında təəccübləndirdi. Həmin vaxt olan atmosferi sözlə ifadə edə bilmirəm. Milli Gimnastika Arenası çox gözəldir".
Yığmamız final yolunda son əngəli də aşdı
Təbii ki, turnir boyu əsas diqqət Azərbaycan milli komandasının çıxışına yönəlib. Azərbaycan yığması A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə üz-üzə gəlib.
Yığmamız qrupdakı ilk oyununu Bəhreyn seçməsinə qarşı keçirib. Oyun heç-heçə başa çatıb - 1:1. Bundan sonrakı oyunlarda toparlanan komandamız qələbələri sıralamağa başlayıb. Elşad Quliyevin yetirmələri əvvəlcə Sloveniya yığmasına 4:0 hesabı ilə qalib gəliblər. Üçüncü turda isə komandamız Mavritaniyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.
Yığmamız 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə vəsiqə qazanıb.
Azərbaycan yığmasının 1/4 finaldakı rəqibi İngiltərə olub. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yarımfinalda Monteneqro ilə münasibətlərinə aydınlıq gətirib.
Azərbaycan yarımfinalda Monteneqro ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz dünya çempionatında finala yüksəlib.
