• çərşənbə axşamı, 23 aprel, 15:24
  • Baku Bakı 24°C

“Minimum pensiya kapitalının artmasından qorxmaq lazım deyil” - MÜSAHİBƏ

14.01.23 05:30 2902
“Minimum pensiya kapitalının artmasından qorxmaq lazım deyil” - MÜSAHİBƏ

Elnur Abbasov: “Pensiyaların, minimum əmək haqqının artımları birdən-birə deyil, mərhələli şəkildə, hesablamalar əsasında, balans pozulmadan aparılmalıdır. Həm sahibkar düşünülməli, həm də iqtisadi tarazlıq qorunub saxlanılmalıdır”

Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla 1 yanvar 2023-cü ildən etibarən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb. Bu, pensiya kapitalının minimum məbləğinə də təsirsiz ötüşməyib. Əvvəllər ən azı 34.560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, artıq bu rəqəm 40.320 manata yüksəlib. İctimai maraqları nəzərə alaraq, mövzu ilə bağlı sosial şəbəkələrdə, onlayn mediada tez-tez səsləndirilən iddiaları bir araya gətirib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasova ünvanladıq.

- Elnur müəllim, minimum əməkhaqqı artımının 700 minə, minimum pensiya artımının 100 minə yaxın vətəndaşı əhatə edəcəyi bildirilir. Bu artımlar təxminən 800 minə yaxın əhalinin həyat şəraitində, sosial durumunda nəyi dəyişəcək?
- İlk növbədə bu sərəncam 700 minə yaxın vətəndaşın əməkhaqqının bu və ya digər dərəcədə artmasına təsir edəcək. 1 yanvar 2023-cü il tarixdən etibarən sahibkarların, işəgötürənlərin işçilərə 345 manatdan az aylıq əməkhaqqı verməsi qanunla qadağandır. Buna riayət etməyən sahibkarlar barəsində inzibati qaydada tədbirlər görüləcək. Bundan başqa, dövlət başçısı Nazirlər Kabinetinə əmək pensiyalarının minimum həddinin 280 manata çatdırılması, həmçinin təqaüd və sosial müavinətlərin də artırılması barədə təkliflər hazırlamaq tapşırığı verib. Hazırda bu işlərə başlanılıb. Qısa müddətdə təkliflər hazırlanıb təqdim ediləcək. Minimum əmək pensiyası ilə bağlı hissə o qədər də böyük fiziki iş tələb etmir.

- 345 manat minimum əməkhaqqı və 280 manat minimum pensiya iqtisadi cəhətdən nə dərəcədə adekvatdır? 
- Son 5 ildə minimum əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqında 52 faiz, orta aylıq pensiyada 80 faiz, müavinət və təqaüd ödənişlərində 3,5 dəfə, əmək müqavilələri sayında 33 faiz, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. Minimum əməkhaqqı 130 manatdan indiki 345 manata çatdırılıb. Minimum əmək pensiyası 110 manatdan 280 manata çatdırılıb. Azərbaycanın müstəqillik illərinin hər hansı dövrünü müqayisə etsək, son 5 illə müqayisə olunacaq səviyyədə artım olmayıb. Düzdür, pandemiyanın təsiri, qlobal bazarlarda baş verən proseslərin ölkə iqtisadiyyatına təsiri nəticəsində bəzi məhsullarda bir qədər bahalaşma olub, amma hesab edirəm ki, qeyd edilən artımlar kifayət qədər adekvatdır. Bizim əmək pensiyaları ilə bağlı qanunvericiliyi bir qədər şərh etdikdə görərik ki, əmək pensiyası dövlətin sosial müdafiə aləti olmaqla bərabər, qazanılmış hüquqdur. Bu gün bizim sistemdə 10 min manat, eyni zamanda minimum 240 manat həcmində pensiya alan vətəndaşlarımız var. Bu onu göstərir ki, kimin vəzifəsi, əməkhaqqı daha yüksək olubsa, həmin vətəndaş da yüksək pensiya əldə edə biləcək. “Əmək pensiyaları haqqında” qanunun ilk maddələrində açıq şəkildə qeyd olunub ki, əmək pensiyası şəxsin itirilmiş əməkhaqqının bir hissəsinin və ya tam hissəsinin bərpasıdır. Bəzən vətəndaş sual edir ki, indiyə qədər heç bir yerdə işləməmişəm, nə üçün dövlət mənə pensiya vermir. Əgər bir vətəndaş hər hansı bir yerdə işləməyibsə hansı itirilmiş əməkhaqqıdan söhbət gedə bilər? Vətəndaşın əvvəlcə rəsmi iş yeri, əməkhaqqı olmalıdır. Bu rəsmi iş yeri itirilərkən vətəndaşa itirilmiş iş yerinin və əməkhaqqının kompensasiyası üçün pensiya verilir. Pensiya sırf bir sığorta məhsuludur. Necə ki biz avtomobilimizi, evimizi, həyatımızı sığortalayırıq, pensiya da itirəcəyimiz işin və ya əməkhaqqının sığortasıdır. Yəni məsələyə sırf iqtisadi mexanizm kimi baxmaq lazımdır. Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığortaçıdır. İllik sığorta haqlarını toplayır və sığorta hadisəsi baş verəndə vətəndaşa - pensiya yaşına çatana sığorta ödənişini həyata keçirir. Minimum əməkhaqqının müəyyən edilməsində isə vəziyyət bir qədər fərqlidir. Bunun müəyyən edilməsi zamanı ölkədəki iqtisadi vəziyyəti, sahibkarların durumunu nəzərə almaq lazımdır. Misal üçün, dövlət istəyər ki, bu gün ölkədə minimum əməkhaqqı məbləği 500 manat olsun. Gəlin görək bu, sahibkara, işəgötürənə nə vəd edir, sahibkarlıq fəaliyyəti ilə məşğul olanları nə qədər ağır durumda qoyur? Tutaq ki, minimum əməkhaqqı 500 manat müəyyən edildi, sahibkar da bunun öhdəsindən birtəhər gəldi. Amma bu, dolayısı ilə iqtisadiyyatda inflyasiya yaradıb o dəyərin sürətli şəkildə aşağı düşməsinə, mövcud artımın heç nəyə təsir etməməsinə səbəb ola bilər. Ona görə də bu artımlar birdən-birə deyil, mərhələli şəkildə, hesablamalar əsasında, balans pozulmadan aparılmalıdır. Həm sahibkar düşünülməli, həm də iqtisadi tarazlıq qorunub saxlanılmalıdır. Bu artımların bir də maliyyə tərəfi var. Bu tariflər dövlət sektorunda vahid tarif cədvəli ilə işləyən şəxslərə də şamil olunduğu üçün minimum aylıq əməkhaqqı artan kimi avtomatik olaraq dövlətin xərcləri də artır.

- Sosial şəbəkələrdə ictimailəşdirilən rəylərdən biri budur ki, hazırda Azərbaycanda əmək pensiyalarının minimum məbləği 240 manatdır, indeksləşdirmə 15 faiz gözlənilir, bu halda minimum pensiya məbləği avtomatik olaraq 276 manata (240 x 15 faiz = 36 manat) qalxır. İddia müəllifinin fikrincə, bu indeksləşmə məhz dəyərsizləşmənin kompensasiyasıdır. 
- Minimum pensiyanın qaldırılması ilə pensiyaların indeksləşdirilməsi fərqli-fərqli metodologiyadır. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Bəzən vətəndaşlar deyirlər ki, siz minimum pensiyanı 280 manata qaldırırsınız, amma manat dəyərini itirir və sair. Pensiya qanunvericiliyində və sistemində pensiya artımının iki artım metodologiyası var. Birincisi minimumu artırmaqdır. Bu baş verdikdə qanunvericiliyə uyğun olaraq minimumdan aşağı pensiya verə bilmərik. İkincisi hər ilin əvvəlində indeksasiya metodudur. Ötən il pandemiyanın təsiri ilə əlaqədar olaraq indeksasiya faizləri 3,4 faiz oldu deyə, pensiya qanunvericiliyinə əlavə bir mexanizm də gətirdik. Bu, maddi yardımlar idi. Yəni dövlət indeksasiya da edir, minimum pensiya məbləğini də qaldırır. Bu kifayət etməyəndə əlavə üçüncü mexanizm də tətbiq edilir ki, bu da maddi yardımlardır. Xatırlayırsınızsa ötən il ərzində artımlardan əlavə 200 manat verildi, bir də xüsusi şərtlərlə təyin olunmuş pensiyaların 10 faizi həcmində ödənişlər edildi. Bu onu göstərir ki, dövlətin sosial siyasət sahəsində prioritetlərin ən öndə olanı pensiyaçılardır. Dövlət hər cəhətdən çalışır ki, qısa zaman kəsiyində pensiyaları layiqli səviyyəyə gətirib çatdırsın. Bunun nəticəsidir ki, orta pensiya 372 (yaşa görə 400) manatın üzərinə çatıb. Sualınızda vətəndaş iddia edir ki, minimum pensiyanın 280 manata çatdırılması inflyasiya nəticəsində itirilmiş faizin bərpasıdır. Əgər qeyd edilən kimi indeksasiya 10 faiz olsaydı, biz 1000 manat pensiya alan şəxsin də, 240 manat pensiya alanın da pensiyasını 10 faiz artırmalı idik.  Amma indiki halda minimum pensiyanın 240-dan 280-ə çatdırılması 1000 manat pensiya alanın pensiyasının həcmini artırmır. Bu sərəncam 240 ilə 280 rəqəmi arasında pensiya alanların minimum həddini 280-ə çatdırıb. Ona görə də sərəncam 100 minə yaxın vətəndaşa şamil olunacaq. Halbuki bizim bu dəqiqə ödənişdə olan 1 milyon 200 min pensiyaçımız var. 100 min bu rəqəmin cəmi 7-8 faizidir. İndeksasiya isə ədalətli artım metodudur ki, bütün pensiyaların inflyasiya qarşısında əriməsinin dəyər itkisi qorunsun.

- Pensiyaların indeksləşdirilməsi zamanı minimum pensiya məbləğinin artımından sonra pensiyaları 280 manata çatdırılan pensiyaçılar da nəzərə alınacaqlarmı?
- Sərəncamla Nazirlər Kabinetinə hazırlanması tapşırılan təkliflər, o cümlədən minimum pensiyanın 280 manata çatdırılması tələbi, bundan irəli gələrək hazırlanacaq qanun layihəsi hələlik Milli Məclisə təqdim edilməyib. Pensiyanın minimum məbləği “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapıb. Qanuna əlavə və dəyişiklik yalnız Milli Məclisdə mümkündür. Yekunda qanun imzalandığı gündən, yaxud konkret göstərildiyi hansısa başqa vaxtdan qüvvəyə minə bilər. Bu zaman şərtlər fərqli olacaq. Hazırda bu qanun layihəsi hazırlanır. Yəni indeksasiya faizinin minimum pensiyaya təsir edib-etməyəcəyini bu gün demək mümkün deyil.

- Minimum pensiyanın artması müsbət qarşılansa da, pensiya kapitalı həcminin 40320 manata çatmasını bəzi vətəndaşlar narazılıq və narahatlıqla qarsalayırlar. Sizcə onların bu narahatlığına ciddi əsas varmı? 
- Vətəndaşların bundan nə üçün narahat olması mənim üçün də maraqlıdır. Kapital tələbinin 40-50 min manat olmasının sistemə daxil olan şəxslərə o qədər də ciddi təsiri yoxdur. “Əmək pensiyaları haqqında” qanunla Azərbaycanda 3 növ pensiya var. Birincisi yaşa görədir. Pensiyaçıların 60 faizini bu qrup təşkil edir. İkincisi əlilliyə görə, üçüncüsü ailə başçısını itirməyə görədir. İkinci və üçüncü kateqoriya Azərbaycandakı pensiyaçıların cəmi 40 faizini təşkil edir. Sistemə yeni daxil olanların içində yaşa görə olanların proporsiyası indi daha çoxdur. Haradasa 70-80 faiz yaşa görə, 20-30 faiz digər iki qrupa görə sistemə daxil olur. Bu üç kateqoriyanın pensiya hüququnu müəyyən edərkən ailə başçısını itirməyə görə pensiyada ümumiyyətlə kapital tələbi yoxdur. Sadəcə, staj tələbi var. Yəni şəxs rəhmətə gedərkən olduğu yaşa uyğun olaraq qanunvericiliyin tələb etdiyi stajı ödəyirsə, bu, kifayətdir. Tutaq ki, şəxs 35 yaşında vəfat edib. Bu halda cəmi 6 il staj tələb olunur. Onun nə işdə çalışması, nə qədər kapital toplaması önəmli deyil. Dünyasını dəyişənin 6 il iş stajı kifayətdir ki, onun ailə başçısına minimum pensiya təyin olunsun. 50 yaşında vəfat edən adam üçün iş stajı tələbi 11 il 8 aydır və sair. Yaşa görə pensiyaya gəldikdə isə sistemə daxil olmaq üçün 3 şərt var. Birincisi minimum kapital, ikincisi minimum staj tələblərini ödəmək, üçüncüsü isə 1 yanvar 2006 tarixlə 1 iyul 2018 aralığında ən azı 1 manat həcmində kapitalının olmasıdır. Yəni şəxsin ümumilikdə 40 min kapitalı varsa, onun 1-cə manatı 2006-2018-ci il aralığına düşübsə, ona proaktiv pensiya təyin olunur. Bu zaman məbləğə və staja baxılmır. Əgər şəxs 2006-cı ildən sonra heç bir yerdə işləməyibsə, 2006-cı ilə qədər 25 il stajı varsa, ona da pensiya təyin olunur. Bu gün sistemdə yaşa görə pensiyaçılarda o adamlardan kapital tələb olunur və onlar pensiya hüququnu itirirlər ki, 2006-cı ilə qədər 25 illik stajı yoxdur, yaxud 44-45 illik əmək bazarı dövründə ümumiyyətlə 25 illik stajı yoxdur. Vətəndaş 1 yanvar 2006 tarixlə 1 iyul 2018 aralığında 1 gün də olsa işləyibsə və pensiya fonduna – “sobesə” heç olmasa 1 manat ödəyibsə, yenə pensiya hüququ əldə edir. Hazırda sistemdə yaşa görə pensiya hüququ yaranan vətəndaşların 99 faizindən 40 minlik kapital tələb olunmur. Əlilliyə görə pensiya təminatına gəlincə, birinci qrup əlillik təyinatında yenə kapital tələbi yoxdur. Burada da yalnız yaşa uyğun olaraq staj tələb olunur. İkinci və üçüncü qrup əlilliyi olan şəxslər üçün kapital tələbi var. Bu da 40 min deyil, yaşından asılı olaraq azalır. Misal üçün 45 yaşı varsa, 24 min, 55 yaşı varsa 32 min kapital tələb olunur. Bu kontingent ildə təxminən 4-5 min nəfər təşkil edir. İl ərzində 35-40 min vətəndaşa pensiya təyin olunduğunu nəzərə alsaq, cəmi 4-5 min nəfər var ki, onların kapital tələbi son artımdan sonra artıb. 80-90 faiz pensiyaçımız o kapitalın nə qədər olmasına baxmayaraq, bu gün də pensiya hüququna sahibdirlər, sabah da, ilin sonuna qədər də. Pensiya kapitalı ilə bağlı məsələləri şərh edən ekspertlər “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinin tələblərini əsas gətirib fikir yürütsələr də, 22-1-ci maddənin tələblərini xatırlatmırlatr. Həmin maddədə konkret miqdar göstərilmədən qeyd olunub ki, 1 yanvar 2006 tarixlə 1 iyul 2018 aralığında vətəndaşın fərdi hesabında kapitalı varsa - bu bir manat da ola bilər, 10 qəpik də - sistem avtomatik olaraq ona pensiya təyin edir. Bunun üçün hər hansı sənəd tələb olunmur, əlavə araşdırmaya ehtiyac duyulmur. Bu minimum kapital artımı cəmi 5-10 faiz sistemə girəcək, pensiya hüququ yaranacaq şəxslərin şərtlərini ağırlaşdırır. Minimum pensiya 200 manatdan 240-a çatdırılanda biz nə qədər insanın pensiya hüququnu itirdiyini araşdırdıq. Təhlillərə görə il ərzində vaxtilə əlillik almış və minimum artdığı üçün bu hüququnu itirən cəmi 106 nəfər oldu. Amma minimumun 200-dən 240-manata qalxmağı 65 min pensiyaçının rifahını yaxşılaşdırdı. Yəni atılan addım 65 min vətəndaşa müsbət, cəmi 106 şəxsə neqativ təsir edib. Minimum aylıq əməkhaqqı ilə minimum əmək pensiyası paralel olaraq artırılır. Bu ona təsir edir ki, vətəndaşlarımızın minimum əməkhaqqı artdığına görə, işlədikləri dövrdə aldıqları əməkhaqqı ilə bərabər, toplanan pensiya kapitalı da artır. Bunlar paralel artdığı üçün kapital tələbi də, sığorta ödənişləri də artır. Əgər vətəndaşın normal iş yeri, qanuni əmək müqaviləsi varsa, hər hansı narahatlığa əsas yoxdur.

- İstərdim həmkarlarımın narahatlığını da Sizə çatdırım. Azərbaycanda azı 10-15 il rəsmi stajı olan jurnalistlərin böyük əksəriyyətinin pensiya kapitalının orta hesabla 10-15 min manat olduğu bildirilir. Yeni artıma görə pensiya kapitalı 40 min manatdan çox olmalıdır ki, pensiya almaq hüququn yaransın. Yəni hansısa jurnalist bundan sonra azı 25-30 il də işləməlidir ki, pensiya kapitalını toplaya bilsin və bununla da minimum pensiya alsın. Onlar ən yaxşı halda 180 manatlıq müavinətə möhtac qalacaqlarmı?
- Minimum pensiya məbləği artdıqca pensiya kapitalı da artacaq və nəticədə mən minimum pensiya da ala bilməyəcəm, 180 manatlıq müavinətə möhtac qalacağam yanaşması yanlışdır. Bu vətəndaşlar pensiya sisteminə daxil ola biləcək, ən azı minimum pensiyanı ala biləcəklər. 2026-cı il yanvarın 1-ə qədər sistem bizə icazə verir ki, fərdi uçotunda 1 manat kapitalı olan şəxsə praktik pensiya təyin edək. 1 yanvar 2026-cı ildən sonra isə fərdi uçotundakı dövr bir il olmalıdır. Hər il bir il arta-arta davam edəcək, ta ki 2040-cı illərdə bu proses tamamlanacaq. Misal üçün, bu gün 63-65 yaşında olan jurnalistlərimizin 2006-2018-ci il aralığında bircə gün işləməsi pensiya hüququ əldə etmək üçün kifayətdir. Əgər söhbət 10-15 il jurnalist işləyən şəxsdən gedirsə, məntiqlə onun minimum 1 iş günü sistemə düşməlidir. Pensiya kapitalı nə qədər olmasına baxmayaraq, o, minimum pensiyasını ala biləcək. Pensiya sığorta məhsuludur. Vətəndaşlar pensiya məsələsinə bir də sığortaçının gözü ilə baxmalıdırlar. Sığortaçı 500 manatlıq əməkhaqqını itirən vətəndaşla 5 min manatlıq əməkhaqqını itirən vətəndaşa eyni məbləğdə sığorta, yəni pensiya verə bilməz. İtirilmiş 500 manatlıq əməkhaqqının 50 faizi 250, 5 min manatlıq əməkhaqqının 50 faizi 2500 manatdır. 

- Ümumiyyətlə vətəndaşın pensiyasının təyin olunması və ya hesablanması hansı qaydalara, riyazi hesablamalara, düstura uyğun olaraq həyata keçiriləcək? Topladığı kapitaldan əmələ gələn məbləğlə minimum pensiya məbləği toplanaraq yekun pensiya məbləği müəyyən ediləcək?  
- Azərbaycanda pensiya təyinatı və hesablanması məsələsi çox sadə, bəsit, həqiqətən də sığortaya bağlı bir sistemdir. Müxtəlif beynəlxalq tədbirlərdə təcrübə mübadiləsi apararkən də bizim pensiya sistemini, hesablama mexanizmini çox bəyənirlər. Statistika Azərbaycanda gözlənilən yaş uzunömürlülüyünü 77 yaş müəyyən edib. Bizim pensiya yaşı isə 65-dir. Hesab edirik ki, orta hesabla vətəndaşa 12 il pensiya ödənişi həyata keçiriləcək. Bu 144 ay deməkdir. İllər ərzində topladığı kapitalı 144-ə bölürük və alınan məbləği vətəndaşa pensiya təyin edirik. Fərz edin ki, vətəndaş 144 min pensiya kapitalı toplayıb. Həmin məbləği 144-ə bölsək aya 1000 manat pensiya edir. Nə qədər yüksək vəzifə daşıyıb yüksək maaş almısansa, nə qədər çox pensiya kapitalı toplamısansa, o qədər də çox pensiya alacaqsan. Ədalətli və iqtisadi baxımdan uyğun pensiya sistemidir. Əgər 65 yaşa qədər tələb olunan şərtlər daxilində sizin topladığınız pensiya kapitalınızın 144-ə bölgüsü zamanı təxminən 130, yaxud 205 edərsə, o zaman yerdə qalan hissəni də sığortaçı olaraq dövlət ödəyir və sizə minimal hədlə 280 manat pensiya təyin olunur. Elə adamlar var ki, qanunvericiliyin verdiyi imkandan yararlanaraq 45 yaşından güzəştli şərtlərlə pensiyaya çıxıb. Baxmayaraq ki, onun yığdığı kapital artıq ona 12 illik birinci dövriyyədə ödənib qurtarıb, hazırda həyatda olduğuna görə 3-cü dövriyyədir dövlətdən pensiya alır. Bəzən deyirlər ki, heç bir vərəsəsi, valideyni olmayan, pensiya kapitalı toplasa da pensiyaya çıxmadan vəfat edən vətəndaşların kapitalı necə olur. Bax həmin vətəndaşların pensiya kapitalı həmrəylik prinsipi ilə bu cür 3-cü dövriyyə pensiya alanların pensiyasına ödənir.

- Dövlət təqaüd proqramı ilə bağlı səsləndirilən təkliflərdən biri budur ki, Azərbaycanda qardaş Türkiyədə olduğu kimi özəl təqaüd fondları da yaradılmalıdır. 
- Nazirlik olaraq bu istiqamətdə fəaliyyətə xeyli vaxtdır başlamışıq. Həm rentabellik məsələlərini, həm qiymətli kağızlar bazarını davamlı olaraq izləmişik, analizlər aparmışıq. Müstəqilliyimizin ilk illərində bu mexanizmin yaradılmasına bir neçə dəfə cəhd olunub. Amma ölkədəki maliyyə bazarının vəziyyəti, qiymətli kağızlar və fond bazarında olan situasiya qeyd edilən mexanizmin yaradılmasına maneçilik törədib. Buna baxmayaraq sonralar da bu istiqamətdə araşdırmalar davam etdirilib. Gördük ki, özəl pensiya fondlarının artıq Azərbaycanda yaradılması üçün münbit şərait formalaşıb. Belə fondlar dünyanın 80-ə yaxın ölkəsində, müxtəlif versiyalarla fəaliyyət göstərir. Buna pensiya sisteminin ikinci və ya üçüncü pilləsi deyənlər də var. Bu barədə beynəlxalq təcrübəni öyrənərkən Avropa İttifaqının yardım alətinə də müraciət etmişik. İki il öncə tender elan olundu, bir xarici şirkət yerli tərəfdaşı ilə birlikdə seçimdə uğur qazandı. Təxminən 1 il bundan əvvəl həmin şirkətlə işlərə başlamışıq. Onlar bizə özəl pensiya fondları və qeyri-dövlət pensiya institutları haqqında iki qanun layihəsinin, həmçinin digər normativ hüquqi aktların əks olunduğu qanunvericilik toplusunun hazırlanmasında yardımçı olublar. İlkin versiya 10 gün bundan öncə bizə təqdim olunub, hazırda müvafiq şöbələrdə baxılır, müzakirələr gedir. Proses bitdikdən sonra digər aidiyyəti qurumlarla müzakirələrə də başlayacağıq. Ümid edirəm ki, cari il ərzində sözügedən qanun layihəsinin ictimai müzakirəsində bir yerə çatacağıq. Amma bu mexanizmi kor-koranə, tələsik yaratmaq effekt vermir. Dünyada bəzi ölkələr belə fondları sadəcə ad xatirinə yaradıblar, lakin bir müddət sonra mexanizm işləməyib, effektini itirib. Misal üçün, Rusiyada donduruldu, Qazaxıstanda yaradılsa da effekt vermədi. Hətta bəzi ölkələrdə yaradılan özəl pensiya fondlarında toplanılan vəsait sonradan dövlət sığorta şirkətinə transfer olundu. Bu kimi nümunələri gözə alaraq 2024-cü ildə elə bir iş ortaya qoymaq istəyirik ki, uzunmüddətli, ölkə iqtisadiyyatına və sahibkarlara faydalı, işlək mexanizm olsun, vətəndaşlarımıza müsbət təsiri olsun.

- Bəzən elə hallar olur ki, yığım kapitalı olan insanlar təqaüd yaşına çatmadan vəfat edirlər. Belə olan halda onların yığdığı kapitalın aqibəti necə olur? Bəzi ölkələrdə bu kapital onların varisləri arasında bölünür. Bəs bizdə necədir?
- Bizdə də bu mexanizm var. Vəfat edən vətəndaşın topladığı kapital itmir. O sığorta kapitalı olaraq bizdə qorunur, dünyasını dəyişən vətəndaşın fərdi hesabında uçotu aparılır. Tutaq ki, vətəndaş 50 min kapital toplayıb və bu gün 45 yaşındadır. O vəfat etdiyi təqdirdə belə fərdi uçotu silinmir, baza məlumat sistemində saxlanılır. Vəfat edən həmin şəxsin həyat yoldaşı sonradan ikinci dərəcə əlillik alır 45 yaşında. Bu zaman xanım işləməsə də, kapitalı olmasa da, pensiya almaq hüququ olmasa da dünyasını dəyişən ərinin 50 min manatlıq topladığı kapital mövcud olduğu üçün, dul qadın yaşından və pensiya almaq hüququnun yaranıb-yaranmamasından asılı olmayaraq, ikinci və ya birinci dərəcə əlilliyi varsa, dərhal ərinin topladığı kapitala uyğun olaraq ona pensiya təyin olunur. Biz bir dəfə təhlil apardıq və ortaya belə bir mənzərə çıxdı ki, 60 min kapital toplamış şəxs yaşa görə pensiyaya çıxarsa 416 manat alır. Həmin şəxs ikinci və ya üçüncü dərəcə əlilliyə görə pensiyaya çıxarsa, eyni kapitala görə 900 manat alacaq. Vəfat edərsə, ailəsi də 900 manat həcmində pensiya alacaq. Göründüyü kimi, toplanan kapital qarşılığında yaşa görə pensiya daha az olur. Ancaq əlilliyinə görə dövlət vətəndaşı daha çox müdafiə edir. Ailə başçısını itirəndə isə ailəsi mərhumun yaşa görə alacağı pensiyadan 3 dəfə çox pensiya alır. Dövlət hər mərhələdə vətəndaşını daha çox qorumağa çalışır. Başqa bir misalda ailənin xanımı əlillik alıb və artıq işləyə bilmir, sosial durumu yaxşı deyil. Bu zaman ərinin topladığı kapital ona verilir. Başqa bir misalda vəfat edən şəxsin uşağının yaşı 18-dən aşağıdırsa, yaxud əyani təhsil alır və yaşı 23-dən aşağıdırsa, yenə atasının topladığı kapitala görə pensiya alır. Bu zaman həmin gəncin iş stajı və sair nəzərə alınmır. Digər bir versiyada adam 43-50 yaşında dünyasını dəyişib, yaxşı kapital toplayıb, amma ailəsi, varisi yoxdur və onun 65 yaşın üzərində olan anası 240 manat pensiya alır. Oğlunun topladığı kapital bölünüb vurulduqdan sonra ortada təxminən aylıq 350 manatlıq pensiya yaranır. Həmin qadın dərhal bizə müraciət edir. Bundan sonra həmin ananın yaşa görə pensiyası dayandırılır və oğlunun kapitalına görə ona pensiya təyin olunur. Sadalanan bu misalların hamısı vəfat edən şəxsin topladığı kapitaldan istifadə qaydalarına real nümunələrdir. Yəni valideyn övladının, övlad valideynin, ər-arvad bir-birinin kapitalından istifadə edə bilər. Bundan daha təkmil bir sistemi necə təsəvvür edirlər, mən bilmirəm. Bəzi xarici ölkələrdə vəfat edən valideynin topladığı kapitalın övlada birdəfəlik ödənməsi halları da mövcuddur. Misal üçün, övlad autizmdən əziyyət çəkir və ona bu kapital birdəfəlik qaytarılır. Belə təcrübələr mövcuddur. Lakin Azərbaycanda vəfat edən şəxsin topladığı kapitalın hansı durumda olmalarına rəğmən birdəfəlik olaraq yaxınlarına qaytarılması mexanizmi yoxdur. Biz pensiya məbləğini 10 manat artıranda 110 milyonluq, 40 manat artıranda təxminən yarım milyard əlavə yük gətirir pensiya sığorta sisteminə.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər