çərşənbə, 08 Fevral, 05:42

Baku Bakı 3°C

Mifoloji varlıqların ədəbi tərənnümü

icon 702 icon 20 yanvar 2023 | 02:30 Mifoloji varlıqların ədəbi tərənnümü

Mifoloji varlıqlar təkcə nağıllarda yox, həm də ciddi ədəbiyyatda da yazıçıların təxəyyül mənbəyinə çevrilib. Onların bəziləri hətta bir yox, bir neçə müəllifin qəhrəmanına dönüb.

Mifologiya və mifoloji varlıqlar ta qədim zamanlardan həmişə insanlara maraqlı olub. Ayrıca mifoloji ədəbiyyat olduğu kimi, həm də ədəbiyyatda da mifoloji obrazlar var və çox geniş yayılıb. Müxtəlif dövrlərin yazıçıları zaman-zaman əsərlərində onlara müraciət ediblər. Təbii ki, onlardan uğurlu olanları da olub, olmayanları da. Amma mifoloji varlıqların həmişə xüsusi bir maraq doğurması faktdır. Ədəbiyyatda fentezi (fantaziya) janrının inkişafı onların folklordan ədəbiyyata sürətlə axınına daha da geniş şərait yaradıb. Mifoloji varlıqlar təkcə nağıllarda yox, həm də ciddi ədəbiyyatda da yazıçıların təxəyyül mənbəyinə çevrilib. Onların bəziləri hətta bir yox, bir neçə müəllifin qəhrəmanına dönüb. Bundan başqa, rəssamlıq və heykəltəraşlıqda da bu obrazlara çox müraciət olunub. 

Su pərisinə oxşayan rusalka

Mifoloji varlıqlardan çox məşhur olanları var. Onlar, əsasən, heyvan, yarıinsan-yarıheyvan və ya tamamilə başqa varlıqlarla əlaqəsi olmayan məxluqlardır. Onlardan çox məşhurları rusalka və su pəriləridir. Maraqlısı budur ki, çoxu elə bilir onlar eynidir. Xeyir, elə deyil. Rusalka qadına bənzəyən, uzun saçlı, ayaqları olan varlıqdır. Özü də slavyanlara aiddir. Bəzi məlumatlara görə, o, şər qüvvədir, çəməndə, meşədə, sahildə peyda olur. İnsanı qıdıqlayıb öldürə və ya suda batıra bilir. Bəzi məlumatlara görə rusalkalar hətta qurbağa, dələ, dovşan və s. kimi heyvan cildində də peyda ola bilirlər. Su pərisi isə yarıbalıq-yarıqadın olan bir varlıqdır. Rusalka da su pərisi kimi tərcümə edilir ki, bu, iki məxluqun qarışdırılmasına səbəb olur. Su pərilərinin varlığı ilə bağlı inamlar dənizçilərin söhbətlərindən yaranıb və yayılıb. Belə bir fikir var ki, günlərlə, aylarla dənizdə üzən, yorğun olan dənizçilərin gözünə, hətta suiti də gözəl bir qadın kimi görünə bilərdi. 

Gəmini dibə çəkən kalmarlar

Mifologiyanın suda yaşayan obrazlarından krakenləri də qeyd etmək olar. Kraken Norveç və Qrenlandiya balıqçılarının nağıllarından doğulan əfsanəvi bir bədheybətdir. Bu nəhəng varlıqlar çox da böyük olmayan gəmini dənizin dibinə çəkə biləcək “gücdədirlər”. Əslində, gerçəkdə də nəhəng kalmarlar var və onlar, həqiqətən, gəmini qənimət bilib suyun dibinə çəkə bilərlər. Bəlkə də, dənizçilər həmin o kalmarları gözlərində çox böyüdüblər. Beləliklə də, bu cür miflər yaranıb.

Kentavr, yoxsa atlı?

Yarıat-yarıinsan olan mifoloji varlıq Kentavr da əsrlər boyu maraq obyekti olub. Kentavr sözü yunancadan “qatil” və ya “öküz ovçusu” kimi tərcümə olunur. Əsasən, yunan mifologiyasında rast gəlinən kentavrlar qurşaqdan yuxarı insan, qurşaqdan aşağı at olan obrazdır. Onlar yaxşı ox atmağı bacarırlar. Bu mifoloji varlığın haradan yaranması isə müxtəlif mənbələrdə fərqli göstərilir. Amma gerçəyə daha çox yaxın olanı, çox güman ki, bu obraz haqqında təsəvvürlər şimaldan olan köçəri tayfaların at çapmağın nə olduğunu bilməyən sivil insanlarla görüşündən sonra yaranıb. Sivil insanlar bunun nə olduğunu bilməyib, təxəyüllərində belə bir obraz yaradıblar. Çünki onlar at belində olublar və yaxşı ox atıblar. Piyada qoşununda olanlar üçün bu, qeyri-adi və möcüzəvi görünüb. O ki qaldı ədəbiyyata, kentavrlar obraz kimi geniş istifadə olunub. 

Təkbuynuz ecazkarlığı

Mifologiyada at obrazının davamında mütləq Təkbuynuzu da qeyd etməliyik. Onlar çox gözəl, yaraşıqlı, başının ortasında tək buynuzu olan atlardır. Qədim Yunanıstan və Qədim Romada onların real atlar olduqlarına inanırdılar. Avropada isə Təkbuynuzlar həmişə müqəddəslik, təmizlik simvolu sayılıblar. Hətta onların buynuzunun xüsusi müalicəvi əhəmiyyətə malik olduğunu da deyirdilər. Bu ecazkar mifoloji varlığın gerçək forması necəydi, bu da çox maraqlıdır. Bu barədə bir çox mülahizələr var. Onlardan ikisini diqqətinizə çatdıraq. Birincisi, belə bir versiya var ki, ola bilər, cənublular norveçlilərin satdığı narval (balıq) dişini qeyri-adi heyvanın buynuzu kimi qəbul ediblərmiş. Çoxbilmiş alverçilərə adi balıq dişini satmaqdansa, qeyri-adi heyvanın buynuzunu satmaq daha sərfəli olubmuş. İkinci bir versiya isə budur ki, romalılar və yunanlar elasmoterinin (kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş məməlilər cinsi) qalıqlarını tapanda təkbuynuzun obrazını xəyallarında canlandırıblar. Bu, kərgədanlar sinfinə aid çox qədim bir heyvandır ki, buynuzu təxminən alnının ortasında olurdu. Amma bu buynuz Təkbuynuzun buynuzu kimi incə və qəşəng deyildi. O, çox iri və uzun olurdu. Hətta böyük bir heyvanın bu üzündən girib o biri üzündən çıxa biləcək qədər uzun və böyük olurdu.

Daim maraqlı varlıqlar

Yuxarıda qeyd etdiyimiz mifoloji obrazlar daha çox tanınanlardır. Amma ümumilikdə götürsək, onların sayı yüzlərlə, minlərlədir. Hamısı da bir-birindən fərqli və maraqlıdır. Bu obrazların hansının gerçəkdən də olduğunu, hansının sadəcə təxəyyül məhsulu olduğunu, hansının isə bənzətmə olduğunu dəqiq bilən, əlbəttə ki, yoxdur. Bu obrazlar özü-özlüyündə əsrlər boyu həm insanların, həm də ədəbiyyat və mədəniyyətin marağında olub. Onlara maraq bu gün də azalmayıb, tarixi, yaranışı və ümumiyyətlə, hekayələri daim diqqətdədir.

Xanım Aydın