• çərşənbə axşamı, 16 aprel, 16:39
  • Baku Bakı 19°C

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb?

14.03.23 14:22 1424
Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb?

Uzun müddətdən sonra Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində azalma qeydə alınıb. Fevral ayında qeydə alınan 0.2 faizlik azalmanın əsas səbəbi nədir? Bu proses davamlı xarakter ala bilərmi?

Martın 1-nə olan statistik göstəricilərə əsasən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9 milyard 43,8 milyon ABŞ dolları təşkil edib. Bu, fevralın 1-i ilə müqayisədə 0,2 faiz azdır. Nəzərə alaq ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,5 faiz, son 1 ildə isə 26,3 faiz artıb. Uzun müddətdir Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində azalma qeydə alınmırdı. İndiki azalmanın səbəbləri isə maraq doğurur.

İqtisadçı ekspert Cəfər İbrahimli bildirdi ki, bu azalma elə də böyük rəqəm deyil: “Bazarın valyuta əməliyyatları həcmi ilə müqayisədə çox kiçik bir rəqəmdir. Cüzi azalma bankların xaricdə investisiyaları və ya idxalın maliyyələşdirilməsi ilə bağlı hər hansı bir tələbin artması fonunda baş vermiş ola bilər. Bu il ərzində hazırkı iqtisadi vəziyyətdə Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin azalması gözlənilən deyil”.

 

Azalma aprel ayında da müşahidə olunacaq

Maliyyə bazarları üzrə ekspert Azər Balamedovun sözlərinə görə isə, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmindəki azalma apreldə də müşahidə olunacaq: “Hazırda müşahidə olunan 0,2 faiz azalma trend yox, korreksiyadır. Mərkəzi Bankın valyuta ehtiyatları artım trendindədir. Sistematik olaraq ildə 1-2 dəfə düşüş ola bilər. Hətta hər rübdə də düşüş olması mümkündür. Amma 0,2 faiz böyük bir məbləğ deyil. Hətta ola bilər apreldə də azalma olsun. Amma ümumi trend yenə də qüvvədə qalır. Bu azalmanın təhlükəli olması üçün valyuta ehtiyatlarında korrektiv yox, trend şəklində azalma olmalıdır”.  

Avro, funt, dollar...

A.Balamedovun fikrincə, bu prosesə dünyanın aparıcı valyutalarında baş verən dəyişiklik də təsir edir: “Mərkəzi Bankın valyuta ehtiyatları birbaşa dünya maliyyə bazarlarına bağlıdır. Yəni dünyanın aparıcı valyutalarındakı dəyişiklik ehtiyatların həcminə, çəkisinə təsir edir. Son 2 ayda həm avronun, həm də funtun dəyəri dollara görə aşağı düşüb. Gələcəkdə avro və funt yenidən güclənsə, valyuta ehtiyatlarının artım trendinə gətirib çıxaracaq və hazırkı 0,2 faiz düşüş yəqin ki, aradan götürüləcək. Amma bu proses 1-3 ay çəkə bilər”.

Neftin qiyməti büdcədə əsas rol oynayır

Maliyyə ekspertinin sözlərinə görə, valyuta ehtiyatlarına həmçinin neftin qiyməti də təsir edir: “Azərbaycanda neftin qiyməti büdcədə əsas rol oynayır. Neftin qiyməti valyuta ehtiyatlarına həm mənfi, həm də müsbət təsir edə bilər.  Son 1 ildə neftin qiyməti yüksək həddədir. Keçən ilin fevralın 24-dən bu ilin mart ayına qədər qiymətin qısamüddətli də olsa, təxminən 134-135, hətta 137-138 dollara qədər qalxmasını görmüşük. Bu da Mərkəzi Bankın valyuta ehtiyatlarına müsbət təsir edir. Çünki büdcə ilə heç bir problem yaranmır. Büdcə ilə problem yaranmırsa, manata da təzyiq olmur. Son dövrlərdə neftin qiyməti sabitdir- 80 dolların üzərindədir”.

Düşüş hər ay 2-3 faiz qeydə alınarsa...

 A.Balamedov qeyd etdi ki, dünyada baş verən hadisələr fonunda qiymət artımlarının olması da səbəb kimi göstərilə bilər: “Dünyada gedən ümumi inflyasiya prosesləri ilə bağlı, həmçinin idxal olunan məhsullarda qiymət artımı var deyə, hökumət müəyyən addımlar atdı, yanvar ayından maaşlar, təqaüdlər artırıldı. Manata təzyiqin qarşısının alınması, inflyasiyanın nəticələrinin zəiflədilməsi, dollar və manatın məzənnəsinin sabit saxlanması üçün Mərkəzi Bank da müəyyən addımlar atır. Öz bazasında olan valyutalardan istifadə edir, onları bazara çıxarır, satır. Beləliklə, ehtiyat valyutaların satışından əldə edilən gəlirlə manatın sabitliyi qorunur. Bu da düşüş səbəbi ola bilər. Amma Mərkəzi bank üçün qorxulu heç nə yoxdur. Çünki azalma qısamüddətli olmalıdır. Bundan sonra yəqin ki, sabitləşmə görəcəyik. Düşüş hər ay 2-3 faiz və stabil olaraq 6-7 ay ərzində davam edərsə, o zaman təhlükəli ola bilər. İlin birinci yarısı ilə bağlı elə bir ehtimal yoxdur”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər