• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

“Əməkdaşlıq iş üzərində qurulmalıdır” - SƏFİRLƏ MÜSAHİBƏ

10.06.23 03:00 3966
“Əməkdaşlıq iş üzərində qurulmalıdır” - SƏFİRLƏ MÜSAHİBƏ

Abdullah Mohamed Abdullah Almauidi: “Ümid edirik ki, gələcəkdə Küveytdən Azərbaycana turist axını 2-3 dəfə artacaq. Azərbaycan turizm üçün əlverişli ölkədir. Bakıda və regionlarda turizm üçün hər cür infrastruktur və şərait mövcuddur”. 

Azərbaycan-Küveyt münasibətləri yüksək səviyyədə davam edir. Küveyt dövləti bu əməkdaşlığa Azərbaycan torpaqlarının işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləməsi ilə də töhfə verib. Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidi “Kaspi” qəzetinə müsahibəsində iki ölkə arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb.

İnkişaf edən əməkdaşlıq

- Cənab səfir, Azərbaycanla Küveyt arasında qarşılıqlı əlaqələrin inkişafı hansı səviyyədədir?
- Ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunub. Xüsusən siyasi əlaqələrimiz çox güclüdür. Beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkə eyni mövqedən çıxış edir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. çərçivədə əməkdaşlığımız  inkişaf edir. Ölkələrimizin xarici işlər nazirlikləri arasında da müəyyən təşkilatlarda hər iki ölkədən olan namizədlərin qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı razılıqlar mövcuddur. Hər iki ölkə digərinin beynəlxalq təşkilatlarda olan namizədini dəstəkləyir. Cənab Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən bu barədə geniş fikir mübadiləsi apardıq. Prezident də bu əlaqələrin bütün sahələrdə inkişaf edəcəyinə və uğurlar əldə olunacağına ümidini ifadə etdi. İki ölkə arasında hökumətlərarası birgə komissiyalar fəaliyyət göstərir. Bu komissiyalara iki ölkənin xarici işlər nazirləri rəhbərlik edir. Komissiyalarda iki ölkənin nazirlik və idarələri iqtisadiyyat, təhsil, mədəniyyət, turizm, qida təhlükəsizliyi və s. sahələrində təmsil olunurlar. Artıq komissiyanın iki iclası keçirilib. Koronavirus pandemiyası üçüncü iclasın keçirilməsinə mane olub. Komissiyanın 3-cü iclasının 2023-cü ildə keçirilməsi planlaşdırılıb. Mən səfir kimi təyin olunanda dövlətimiz tərəfindən üzərimə qoyulan ilk vəzifə bu komissiyanın fəaliyyətini inkişaf etdirmək, qərarlarını, imzalanmış ikitərəfli sazişlərini həyata keçirməklə bağlı olub. Məqsəd hansısa memorandum və müqavilələrin imzalanması və kağız üzərində qalması deyil, bunların həyata keçirilməsi, real olaraq gözlənilən nəticələrin əldə olunmasıdır. Bu məsələ ilə bağlı cənab Prezidentlə ətraflı fikir mübadiləsi aparmışıq və öz tərəfimizdən istəyimizi də bildirmişik. Bu, cənab Prezident tərəfindən böyük rəğbətlə qarşılandı.

Turizmə töhfə verən amillər

- Ötən il ərzində 22 min küveytli Azərbaycana səfər edib. Bunu ölkəmizin Küveytdəki səfiri Emil Kərimov yerli media orqanlarının nümayəndələri ilə görüşündə qeyd edib. Təəssüf ki, nə qədər azərbaycanlının Küveytə səfər etməsi ilə bağlı statistikanı bilmirik. Bu mənada, turizm sahəsində əlaqələrin inkişafı üçün planlar nədir?
- Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də turizmlə bağlıdır. Azərbaycanda turizm son illərdə inkişaf edib və hazırda ən uğur qazanan sahələrdən biridir. Buraya Körfəz ölkələrindən, o cümlədən Küveytdən də çoxlu turist gəlir. İki ölkə arasında birbaşa hava reysi də var. 2017-ci ildən müntəzəm reyslər həyata keçirilir. Bu da turizmə töhfə verən amillərdəndir. Ümid edirik ki, gələcəkdə Küveytdən Azərbaycana turist axını 2-3 dəfə artacaq. Azərbaycan turizm üçün əlverişli ölkədir. Bakıda və regionlarda turizm üçün hər cür infrastruktur və şərait mövcuddur. 

Xalqların bir-birini daha yaxşı tanıması

- Azərbaycanda Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının da belə bir mərkəz açması ilə bağlı planı var. Bəs Küveyt dövləti mədəniyyətlərin yaxınlaşması üçün hansı addımları atır?
- İstərdik ki, bizim ölkənin də burada Mədəniyyət Mərkəzi olsun. Biz sosial məsələlərdə, mədəniyyətin inkişafında, o cümlədən, xeyriyyəçilikdə yaxından iştirak edirik. Mədəniyyət əlaqələrinin inkişafına gəlincə, hesab edirəm ki, Azərbaycanda Körfəz ölkələrinin mədəniyyət günlərinin, həmçinin Küveytdə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi mühüm məsələlərdən biri olar. Xalqların bir-birini daha yaxşı tanıması, yaxınlaşması, bir-birlərinin mədəniyyətləri ilə daha yaxından tanış olması baxımından bu, bir fürsət olacaq. Mən səfir olduğum dönəmdə qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması ilə bağlı təklif irəli sürmüşəm.

- Küveyt ali təhsil sistemi azərbaycanlı tələbələr üçün nə qədər maraqlıdır? Qarşılıqlı tələbə mübadiləsi varmı?
- Hazırda qarşılıqlı olaraq tələbə mübadiləsi mövcuddur. Bu mübadilənin əhəmiyyəti böyükdür. Mübadilənin istənilən səviyyədə olması üçün dövlətlər tərəfindən dəstək verilməlidir.

- Səudiyyə Ərəbistanında olarkən öyrəndik ki, ölkədə həkim, mühəndis kimi xeyli azərbaycanlı çalışır. Küveytdə azərbaycanlılar üçün iş imkanları necədir?     
- Küveytdə Azərbaycan icması fəaliyyət göstərir. Orada işləyən Azərbaycan vətəndaşları var. Onlar əsasən özəl sektorda çalışanlardır. İş əməkdaşlığı da hökumətlərarası komissiya tərəfindən müəyyənləşən məsələdir.

Medianın müasir dünyada rolu

- Diplomat kimi çalışdığınız ölkələrdə media ilə əlaqələri necə tənzimləyirsiniz?
- Media orqanları arasında ikitərəfli əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkil olunması böyük əhəmiyyət kəsb edir. Medianın müasir dünyada çox böyük rolu vardır. Xüsusən ölkələr və cəmiyyətlər arasında  qarşılıqlı əlaqələrdə media böyük əhəmiyyət daşıyır. Mən şəxsən səfir olaraq medianın inkişafını və onunla əlaqələri dəstəkləyirəm. Komissiyanın iclasında bu barədə müzakirələr olacaq. Bütün bu məsələlərin kağız üzərində qalması ilə bağlı fikrimiz yoxdur. Düşünürəm ki, hər bir sahədə olan əməkdaşlıq iş üzərində qurulmalıdır.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər