• şənbə, 20 Iyul, 12:52
  • Baku Bakı 32°C

Klublarımızın rekord transfer xərcləri

23.09.23 03:00 7323
Klublarımızın rekord transfer xərcləri

Bu yay Azərbaycan Premyer Liqası klubları transfer bazarında ciddi aktivlik nümayiş etdiriblər. Elita təmsilçilərinin demək olar, hər birinin heyətində köklü dəyişikliklər olub. Hətta oyunçu alış-verişində, adətən, passiv görünən, “nöqtə” transferlər etməyə çalışan “Qarabağ” da prosesdən kənar qalmayıb. Digər iddialılar - “Sabah”, tamamilə yenilənən “Neftçi” də bu baxımdan diqqət çəkiblər.

Premyer Liqa klubları bu yay ümumilikdə 130 yeni oyunçu cəlb ediblər. Onlardan 63-ü Azərbaycana yeni gələn legionerlərdir. Eyni zamanda, “Qarabağ” Patrik Andradeni geri qaytarıb. Ayrılıqların ümumi sayı isə 129 olub. Onlardan bəziləri ölkə daxilində klub dəyişənlərdir.

Yeni transferlərə xərclənən pullar

Elita klubları yay transfer pəncərəsi zamanı yeni keçidlərə ümumilikdə 2,5 milyon avro xərcləyiblər. Bu, məlum olan, rəsmən açıqlanan rəqəmlərdir. Bir neçə futbolçu var ki, onlar üçün də təzminat ödənib, lakin dəqiq məbləğ bəlli deyil. Ümumilikdə yeni transferlərin həyata keçirilməsinə 3,5 - 4 milyon avro xərclənib.

Hətta dəqiq bəlli olan 2,5 milyon avro da Azərbaycan klubları üçün bir transfer pəncərəsi zamanı xərclənən rekord məbləğdir. 2008/09 mövsümündən qeydə alınan verilənlərə əsasən, yalnız 2013/14    mövsümündə rəqəm bundan artıq olub. Həmin vaxt klublarımız 2,513 milyon avro xərcləyiblər. Lakin o zaman bu, iki transfer pəncərəsi - yay və qışda qeydə alınıb. Həmin vaxt yayda klublar 1,08 milyon avro, qışda isə 1,443 milyon avro xərcləyiblər. Göründüyü kimi, bu il qeydə alınan rəqəm klubların eyni transfer pəncərəsi üçün olan xərcləri arasında mütləq rekorddur. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm yeni oyunçuların cəlb olunmasına 1,287 milyon avro ödənilib.
Bu yay “Qarabağ” və “Sabah” hərəyə 800, “Neftçi” 550, “Zirə” 250, “Sumqayıt” 100 min avro transferlərə xərc çəkib. “Qəbələ”, “Səbail”, “Kəpəz”, “Araz Naxçıvan” və “Turan Tovuz” isə yalnız azad agent olan oyunçularla müqavilə imzalayıblar. Ən yüksək məbləği “Qarabağ” Juninyo üçün ödəyib – 450 min avro. Ayaz Quliyevlə Jarl Marqarita “Sabah”a, Yuri Matias isə “Neftçi”yə 400 min avroya başa gəlib.
Premyer Liqanın 10 klubu satışlardan 830 min avro əldə edib. Əslində, bu da Azərbaycan təmsilçiləri üçün kifayət qədər yüksək rəqəm hesab olunur. “Qarabağ” Musa Qurbanlının satışından 500 min avro qabağa düşüb. “Sabah” Coy-Lens Mikelsdən 300 min, “Zirə” isə Cəlal Hüseynovdan 30 min avro əldə edib.

Premyer Liqanın dəyəri rekord həddə çatıb

Klubların keyfiyyətli transferlər həyata keçirməsi ölkə çempionatının dəyərinin yüksəlməsinə səbəb olub. Hazırda 10 klubun heyətlərinin ümumi dəyəri 81,43 milyon avrodur. Bu, Azərbaycan Premyer Liqası üçün rekord məbləğdir.

Hazırda ən dəyərli heyətə malik klub “Neftçi”dir (16,63 milyon avro). “Ağ-qaralar” “Qarabağ”ı (13,7 milyon avro) geridə qoyublar. “Sabah” isə Ağdam təmsilçisinə yaxınlaşıb. “Bayquşlar”ın heyətinin ümumi dəyəri 13,38 milyon avroya çatıb.

Bu yay Azərbaycana gələn ən bahalı oyunçu Andre Şinyaşikidir. “Neftçi”nin ABŞ “Şarlott”undan azad agent kimi cəlb etdiyi futbolçunun dəyəri üç milyon avrodur.

Klubların əliaçıqlığının səbəbləri və mümkün təsirlər

Son illərdə Azərbaycan klublarının maliyyə durumları yaxşılaşıb. İki mövsümdür dövlət tərəfindən hər bir elita təmsilçisinə üç milyon manat ayrılır. Bu, təkcə əsas komanda yox, eyni zamanda akademiya və infrastruktur üçün nəzərdə tutulub. I Liqa klubları üçün ayrılan maliyyə 300 min manat, yeni yaradılan II Liqa üçün isə 50 min manatdır.

Dövlət dəstəyi klubların heyət formalaşdırma prosesində imkanlarını genişləndirib. Eyni zamanda elita təmsilçilərinin əksəriyyətinin digər sponsorları da var. Bu baxımdan yalnız “Kəpəz” və “Qəbələ”ni istisna etmək olar. Hansı ki, həmin komandalar hazırda turnir cədvəlində sonuncu pilləyə şərikdirlər. Maliyyə imkanlarının yaxşı olması klubların heyətə daha sanballı oyunçular cəlb etməsinə imkan yaradır. Klublar artıq təkcə azad agentlərə yönəlmək məcburiyyətində qalmır, istədikləri oyunçuları gətirmək üçün pul xərcləməkdən çəkinmirlər.
2023/24 mövsümü olduqca maraqlı başlayıb. Geridə qalan altı turda demək olar ki, bütün komandalar bir-birinə rəqabət təklif etməyi bacarıblar. “Zirə” liderdir, debütant “Araz Naxçıvan” startdan iddiasını ortaya qoyub, “Qəbələ”, “Sabah” kimi avrokubok təmsilçiləri aşağı sıralardadırlar, “Qarabağ”, “Neftçi” oyunlarda aşkar güclü görünmürlər və s. Komandaların keyfiyyətli oyunçular transfer edə bilməsi, yekunda liqada rəqabətin artmasına səbəb olur. Yaxşı əcnəbilər həm də son illərdə limitə görə asanlıqla heyətdə yer tapan yerli oyunçulara siqnal olmalıdır. İndi onlar oynamaq üçün daha çox çalışmalıdırlar. Şübhəsiz, rəqabətli mühit yekunda ölkə futboluna faydasız ötüşməyəcək.

banner

Oxşar Xəbərlər