• çərşənbə axşamı, 23 aprel, 14:57
  • Baku Bakı 24°C

Klublarımızın “qış bazarlığı” 

13.01.24 02:17 4589
Klublarımızın “qış bazarlığı” 

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar mövsümün ikinci yarısına hazırlıqları davam etdirirlər. Transfer pəncərəsi açılsa da, ciddi transferlər gözə dəymir. 

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsidir. Klublar mövsümün ikinci yarısına hazırlıqları davam etdirirlər. Artıq transfer pəncərəsi açılıb. Komandalar heyətdə “təmizləmə prosesi”ni də davam etdirirlər. Komandaların yeni keçidlər üçün hələ kifayət qədər - fevralın 8-dək zamanı var.

İkiyə bölünən klublar

Öncəki mövsümlərdə qış fasiləsində Premyer Liqa təmsilçilərinin əksəriyyəti ölkə xaricində toplanış keçirdilər. Bu mövsüm isə Azərbaycanı tərk etməyənlər də kifayət qədərdir. Daha dəqiq desək, komandalar ikiyə bölünüblər. Onlardan 5-i - “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Qəbələ” və “Kəpəz” ölkəni tərk etməmək qərarına gəliblər. “Neftçi”, “Sumqayıt”, “Səbail”, “Turan Tovuz” və “Sabah” beşliyi isə hazırlıq keçmək üçün Türkiyənin Antalya bölgəsinə üz tutublar.

Bu mövsüm qış fasiləsinin müddəti azdır. Artıq yanvarın 21-də Premyer Liqada XIX tura start veriləcək. Əvvəlki mövsümlərdə isə fasilə fevralın əvvəlinə qədər davam edirdi. Ölkə daxilində qalmaq qərarına gələnlər bunu məhz fasilənin az olması ilə izah edirlər. Antalyaya yollananların əsas üstünlüyü orada fərqli ölkələrdən olan komandalarla yoldaşlıq oyunları keçirmək imkanının olmasıdır. Bu, klublara öz güclərini daha dəqiq qiymətləndirmək imkanı verəcək. Ölkəni tərk etməyənlər isə yalnız yerli klublarla yoxlama oyunlarında üz-üzə gəlməklə kifayətlənməli olacaqlar.

“Qarabağ”ın fərqli hədəfi

İlk yarını lider bitirən “Qarabağ”ın mövsümün ikinci hissəsi üçün planlaşdırması digərlərindən fərqlidir. Komanda 41 xal toplayıb və ən yaxın izləyicisi “Zirə”ni 12 xal üstələyir. Böyük ehtimalla qəsəbə təmsilçisi üçün əsas hədəf mövsümü elə ikinci pillədə başa vurmaq olacaq. “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətin verdiyi rahatlıqla çempionatdan daha çox Avropa Liqasının pley-offunu düşünə bilər. Ağdam klubunda yaxın plan üçün diqqətin məhz buna yönəldiyini söyləmək mümkündür.

Komada heyətini gücləndirmək istiqamətində fəaliyyəti davam etdirir. “Atlılar” “Sabah”dan Azərbaycan millisinin üzvü Aleksey İsayevi transfer edib. Qeyri-rəsmi məlumatlara görə, 500 min dollar təzminat ödənən yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. “Sabah”ın düşünən beyni olan İsayev “Qarabağ”ın yarımmüdafiə xəttində dərinliyini və yaradıcılıq elementlərini artıracaq.

Mütəxəssislərin fikrincə, “Qarabağ”da hazırda yeni oyunçuya ən çox ehtiyacın olduğu mövqe müdafiənin mərkəzidir. Kevin Medina zədəlidir və hələ bir müddət də komandaya kömək edə bilməyəcək. Avropa Liqasında Portuqaliya “Braqa”sı ilə qarşılaşmada Ağdam təmsilçisi şanslarının olmasını istəyirsə, bu mövqeyə yeni oyunçu transfer etməlidir. Məlumata görə, klub axtarışları davam etdirir.

Baş məşqçisini dəyişən “Neftçi”

“Neftçi” mövsümün ikinci yarısına yeni baş məşqçi ilə başlayacaq. Adrian Mutunun rəhbərliyi altında heç cür istənilən oyunu nümayiş etdirə bilməyən və “Qarabağ”dan 13 xal geri düşərək 3-cü pillədə qərarlaşan “ağ-qaralar” rumıniyalı mütəxəssisi monteneqrolu Miodraq Bojoviçlə əvəzləyib. Təcrübəli mütəxəssis əvvəlki komandalarında aqressiv hücum futbolu oynatması ilə diqqət çəkib. Bu səbəbdən azarkeşlərin ondan gözləntiləri böyükdür.

“Neftçi”nin heyətində də ciddi dəyişikliklər olacağı gözlənilir. Bir müddət əvvəl yarımmüdafiəçi Kenni Sayef komandanı tərk etmişdisə, artıq Aaron Olanere ilə də yollar ayrılıb. Bojoviç açıqlamalarında heyətin bu mövsüm üçün hədəflərə çatmağa kifayət etdiyini söyləyib. Lakin o, eyni zamanda iki hücumçu ilə güclənməyin vacibliyini qabardıb. “Neftçi” üçün qarşıdakı dönəmdə əsas hədəf mövsümü ilk iki pillədən birində bitirmək və ölkə kubokunu qazanmaqdır.

Digər klublarda ümumi vəziyyət

Digər klublara gəlincə, transfer məsələsində hələlik elə də ciddi aktivlik müşahidə olunmur. Mükafatlar uğrunda mübarizə aparan “Zirə”də yarımmüdafiəçi Andriya Lukoviç yola salınıb, hücum xəttinə “Qəbələ”dən tanıdığımız Rafael Utziq cəlb olunub. “Qəbələ” isə Klesio Bauku geri qaytarıb.

Sonuncu pillədə “qırmızı-qaralar”a şərik olan “Kəpəz” “Səbail”də az şans qazanan Amil Yunanovu heyətinə qatıb.
“Araz-Naxçıvan”, “Sumqayıt”, “Turan Tovuz” və “Sabah”da tamamilə sakitlik hökm sürür. Xüsusilə sonuncuda aktivliyin olacağını ehtimal etmək olar. “Sabah” 8-ci pillədədir və hədəflərindən xeyli uzaq düşüb. Aleksey İsayevin gedişinin isə yarımmüdafiədə ciddi çatışmazlıq yaradacağı şübhəsizdir. Paytaxt təmsilçisi hazırda həm bu boşluğu aradan qaldırmaq, həm də digər mövqeləri gücləndirmək barədə düşünür. “Sumqayıt” və “Səbail”də də heyətlə bağlı problem mövcuddur. Hər iki komandada uzunmüddətli zədəyə məruz qalan oyunçular var.

Ümumən klublarımız sanki “qış yuxusu”ndadırlar. Bununla belə, hələ daha yaxşı hazırlaşmaq üçün də, heyəti komplektləşdirmək üçün də vaxt var. Hansı klubun bu dövrdən daha yaxşı yararlandığı isə mövsümün sonunda məlum olacaq.

 

banner

Oxşar Xəbərlər