• çərşənbə axşamı, 25 iyun, 15:52
  • Baku Bakı 29°C

“Kim tanınmaq istəyir, aktyor olur” - SƏNƏT

27.04.24 01:50 3342
“Kim tanınmaq istəyir, aktyor olur” - SƏNƏT

Ziya Ağa: “Nəzərə almaq lazımdır ki, alınan maaşla insanlar ailə dolandırır. Maaş indikindən beş dəfə artıq olsa, teatr da inkişaf edəcək, kino da”.

Bu gün teatr sanki yeni dövrünü yaşayır. Yeni dövrün öz qaydaları, teatrın isə öz qanunları var. Teatr indi inkişafının hansı mərhələsindədir? Bununla bağlı aktyor və prodüser Ziya Ağa ilə söhbətləşdik:

– Bu gün teatrda pafosa ehtiyac varmı?

- Teatrda pafos, teatrallıq olmalıdır. Sadəcə, sovet və ya artıq klassikləşmiş pafos lazım deyil. Biz bəzən süni oyunla pafosu qarışdırırıq. Bunlar ayrı-ayrı şeylərdir. Mən indi buradakı kimi səmimiyyət və sürətlə səhnədə də danışsam, bu, düzgün olmaz. Bunun üçün kino var. Əgər sən çəkməçi Akif dayını yox, Şekspirin “Otello”sunu oynayırsansa, pafosun olmalıdır. Amma bu pafos süni yox, düzgün və yerində səslənməlidir. Fuad Poladovdan çox pafosla oynayan yox idi. Amma onu hamı sevirdi. Çünki insan bütün səmimiyyəti ilə oynayırdı. 

“Nəyə lazımdır o tamaşa?”

– Dekonstruksiyalara münasibətiniz necədir? 

– Dekonstruksiya zamanı əgər rejissor və bütün heyət işi sevərək edirsə, heç kimin heç kimə nifrəti yoxdursa, sadəcə yaxşı bir iş görmək naminə birləşiblərsə bu, yaxşı iş olacaq. Bəzən deyirlər ki, klassiklərə toxunmaq olmaz. Sual çıxır. “Otello”  bütdürsə, toxunmaq olmazsa, hər şey yazılan kimi olmalıdırsa, onda rejissor baxışı nəyə lazımdır? Elə aktyor əsəri oxusun, necə var, elə də oynasın. Əsərdə replikalar var, remarkalar var. Vəssalam! Yəni bir tamaşada rejissor baxışı, rejissor quruluşu yoxdursa, nəyə lazımdır o tamaşa? Həmçinin əsərlərə yeni nəfəs verilməli, lazım gəlsə yeni dövrə uyğun dekonstruksiya da olunmalıdır.

– Teatrın inkişafı, sizcə, hansı səviyyədədir?

- İndi dünyada teatr elə inkişaf edib ki... Bilmirsən kinoya baxırsan, yoxsa tamaşaya. Tamaşada bu boyda həqiqət olmamalıdır. Bizdə və Rusiya teatrlarında hələ də bu şərtilik qalıb. Vidadi Həsənovun bir sözü qulağımda sırğadır: “Teatrı aktyora qaytarmaq lazımdır”. Musiqi, görüntü, dekorasiya, işıq, səs effektlərinin tamaşaçıya toxunması üçün kino var. Tamaşada auditoriyaya aktyor toxunmalıdır oyunu ilə. Aktyor zalda oturan neçə yüz insanın enerjisini özünə alır, özü də ona enerji ötürür. Ən gözəl mübadilə budur. 

“Budaq sınacaq, hər ikisindən də olacağıq”

– Teatrların repertuarından razısınız?

– Bu gün hamı yeniliyə qaçır. Amma bizim hələ “Əlifba”da qalan problemlərimiz var. Qayıdıb onları düzəltməliyik. Çox sadə, düzgün dramaturji materialları götürüb, düzgün xətti olan bir tamaşa qurub, doğru oynayan aktyorlarla tamaşa dünyaya gətirməliyik. Birinci o mərhələni keçək, ondan sonra repertuarı yeniləməkdən, yeniliklər etməkdən danışarıq. Biz hələ o mərhələyə keçməmişik. Biz ölkə üzrə bu mərhələni adlamalıyıq. Həyatını buna sərf edən, əsər, roman yox, sırf teatr üçün pyes yazan dramaturqumuz yoxdur. Nə vaxt ki dramaturqumuz olar,  bir-birimizi pisləyə-pisləyə yox, sevə-sevə keçərik gözəl işlər görməyə. Ondan sonra artıq  kim yenilik istəsə edər, kim də istəsə klassik üslubu qoruyar. Amma kökü möhkəmlətmədən, budaqlara keçmək olmaz. Budaq sınacaq, hər ikisindən də olacağıq. 

– Ümumiyyətlə, bu gün teatrlarımızda nə çatışmır?

– Teatrlarda maaş azdır. Ən böyük problemlərdən biri budur. Obyektiv yanaşsaq, ölkədə elə teatrlar var ki, peşəkarlıq baxımından YUĞ teatrından qat-qat aşağı səviyyədədir, amma daha çox maaş alırlar. Söz verirlər, amma nədənsə düzəlmir. Başqa teatrlarda aktyor, rejissor, rəssam sayı daha çoxdur. Yüz nəfərlik heyətin içində baxırsan ki, 30 nəfər peşəkardır. YUĞ teatrında isə aktyorlu, rejissorlu cəmi elə 30 nəfər olar. Onların demək olar ki, hamısı peşəkarlardır. Teatr 35 ildir ki, aktiv fəaliyyət göstərir, amma diqqət ayrılmır. Nəzərə almaq lazımdır ki, alınan maaşla insanlar ailə dolandırır. Maaş indikindən beş dəfə artıq olsa, teatr da inkişaf edəcək, kino da.

Bundan başqa, dünyanın hər yerində aktyorlara universitetdə səhnədə oynamağı öyrədirlər, amma düzgün məşq eləməyi yox. Məşq etmək qaydaları üslubu yoxdur. Baxırsan ki, hərə bir cür edir. Bunun da bir sistemi olmalıdır.

“Teatr ruhumu sığallayır” 

– Tamaşa nə vaxt uğurlu olur?

– Haqqında danışılanda. Biz bir tamaşa oynadıq. Hamı ondan danışmağa başladı. Biri yaxşı deyirdi, biri pis, biri tamaşanın quruluşundan, digəri aktyor oyunundan danışırdı. Yəni müzakirə mövzusuna çevrilmişdi. Hətta teatra aid olmayan adamlar da ondan danışdılar. Mən heç bir fikrə reaksiya bildirmədim. Əgər bir ay tamaşadan danışırlarsa, deməli, bu tamaşa var. Ola bilər ki, lap yaxşı tamaşa oynayaq, amma o, hadisəyə çevrilməsin, heç kim ondan danışmasın. Lap ona görə Xalq artisti adı alsan da, demək tarixə düşməyib, onu tanıyan yoxdur.

– Niyə aktyor oldunuz?

– Kim tanınmaq istəyir, aktyor olur. Mən də şöhrət üçün, tanınmaq üçün gəlmişəm. Əvvəl filmlərə çəkilmişəm, sonra teatrda oyanmışam. “Azdrama”da işləməyə başladım. Gördüm ki, monitordakı görüntüdənsə, ona qədərki proses daha çox xoşuma gəlir. Bu isə teatrda həmişə var. Adam bir mərhələdən sonra başa düşür ki, ömrünü buna sərf eləmək istəyir. Kino mənim saçımı, teatr isə ruhumu sığallayır. 

– “Azdrama”dan niyə getdiniz?

– Getmək lazım olduğunu hiss etdinsə, gərək gedəsən. Özünə xəyanət etmək olmaz. Azadlıq imtina etməkdən başlayır. Onu bacarmasan, heç nə edə bilməyəcəksən. Sonra qayıtmaq da olar. 

Söhbətləşdi: Xanım Aydın
Fotolar: Sabir Məmmədov

 

banner

Oxşar Xəbərlər