• çərşənbə axşamı, 03 dekabr, 15:48
  • Baku Bakı 8°C

Kartof kəskin bahalaşacaq?

23.11.24 02:27 899
Kartof kəskin bahalaşacaq?

Payızlıq kartof yığımına start verilib. İnsanlar yeni məhsulun yığımı ilə qiymətin aşağı enəcəyini düşünürlər. Amma ekspertlər bildirirlər ki, əksinə, kartofun qiyməti daha da arta bilər.

Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Bəs görəsən, payızlıq kartofun yığımının başlaması bazarda kartofu bir az da olsa ucuzlaşdıra bilərmi?

Qiymətlər ildən asılı olaraq dəyişir

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, son illər ölkədə kartof istehsalında vəziyyət sabit deyil: “Kartof yığımının ötənilki statistikasına baxanda öndə gedən rayon Qazaxdır. Ən çox kartof əkilən iqtisadi rayon Qazax-Tovuzdur. 2023-cü ilin statistik məhsul yığımını müqayisə etsək Ağstafada 299,5, Gədəbəydə 129, Qazaxda 350, Şəmkirdə 286,2, Tovuzda 303,6 sentner kartof yığılıb. Cəlilabad rayonunda 311,8 sentner kartof yığılıb. İstehsala gəldikdə, 2023-cü ildəki kartof istehsalının statistik rəqəmləri göstərir ki, ölkə 2020-ci ilin vəziyyətinə qayıdıb. Həmin il bir milyon 37 min 636,8 ton kartof yığılmışdırsa, 2023-cü ildə bir milyon 10 min 517,4 ton kartof yığılıb. 2021-ci ildə 1 milyon 61 min 957,7 ton, 2022-ci ildə 1 milyon 74 min 261,3 ton kartof istehsal olunub. Şəmkirdə ilbəil kartof yığımı artıb, nəticədə 188 min 615,7 tona yaxın kartof yığımı olub. Cəlilabad rayonunda 2022-ci ildə 190 min 400 ton kartof istehsalı olmuşdusa, 2023-cü ildə bu rəqəm 186 min 60 tona enib. Göründüyü kimi, istehsal və kartof yığımının statistikası stabil deyil. Ona görə də, qiymətlər ildən asılı olaraq dəyişə bilər”. 

Həm də ixrac edirik

R.Qarayevin fikrincə, qiymətlər maksimum 10 qəpik azala bilər: “2024-cü il hələ başa çatmayıb. Amma bazarda qiymətlərə nəzər yetirsək, rayonlarda bir kiloqram iri və yuyulmuş kartofun qiyməti 80 qəpik idi. Bolluq olsa, bu qiymət maksimum 10-15 qəpik enə bilər. Məsələnin digər tərəfi xaricdən gələn kartofun daha ucuz olmasıdır. Bu, yerli bazarda olan kartofları sıxışdıra bilər. Nəzərə almaq lazımdır ki, yerli kartof həm də xarici bazarlara çıxarılır. 2024-cü ilin yanvar-iyul ayında Azərbaycandan 20 milyon 471 min dollar dəyərində 48 min 234 ton kartof ixrac olunub. Ötən dövrlərlə hazırki dövrü müqayisə etdikdə görə bilərik ki, qiymətlərdə cüzi də olsa, enmələr mövcuddur. Amma bazarda olan qiymətlərlə müqayisə etdikdə elə də böyük fərq yoxdur. Ötən ilin oktyabr ayı ərzində kartofun qiyməti 70 qəpiklə bir manat arasında dəyişirdisə, hazırda da eyni qiymətdir. Amma rayonlarda təklif edilən qiymətlərdə çox cüzi enmələr var. Bu, qısamüddətli də ola bilər”. 

Ucuzlaşmanın qarşısını alan amillər

İqtisadçının sözlərinə görə, qiymətlərə təsir edən ən əsas məqamlardan biri də vətəndaşla kəndli arasında vasitəçilərin olmasıdır: “Yarmarkaların keçirilməsi qiymətlərə təsir edə bilər. Kəndlinin birbaşa bazara çıxışı təmin olunmalıdır. Çünki qiymətləri daha çox vasitəçilər idarə edir. Kəndli gətirdiyi məhsulu tez şəkildə bir nöqtəyə təhvil verib getməyi üstün tutur. Bakıda gecələmək kəndlinin büdcəsinə uyğun deyil. Satıcılar da əksər hallarda bildirirlər ki, məhsullar bir nöqtədən gətirilir. Təbii ki, bu zaman daşınma xərci də məhsulun üzərinə əlavə edilməlidir. Belə olan halda regionlar və paytaxtda məhsul qiyməti xeyli fərqlənir. Rayonda bir manata qədər olan məhsulun qiyməti Bakıda 2-3 manat arası dəyişir. Həmçinin məhsulun satış ərazisi də önəmlidir. İcarəyə götürülən satış üçün yerin qiyməti də məhsula təsirsiz ötüşmür. Bazarda yerpulu adlanan haqq alınır. Belə halları nəzərə aldıqda, qiymət enməsini müşahidə edə bilmirik”. 

Rusiya bazarlarında kartof xeyli bahalaşıb

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Eldar Hüseynovun fikrincə, Rusiyada baş verənlərin təsiri nəticəsində ucuzlaşma haqqında danışa bilmirik: “Göstərilən statistikada qeyd olunan rəqəmlərdəki artım bazarda olan vəziyyətə təsir göstərə bilməyəcək. Çünki son günlər Rusiya bazarlarında kartofun qiyməti xeyli bahalaşıb. Bu səbəbdən, Azərbaycan və digər ölkələrdən Rusiyaya külli miqdarda kartof ixrac olunur. Rusiyada dolların qiymətində son günlər baş verən yüksəlmə də mütləq ki, Azərbaycanın daxili bazarından yan keçməyəcək”. 

Ekspertin fikrincə, ölkəmizin kartofa olan tələbatı çox, təminatı isə xeyli azdır: “Cəlilabad rayonundakı kartof sahələri xeyli azdır. Toplanacaq məhsul ölkəmizin kartof tələbatını ödəmək üçün kifayət etməz. Cəmi 2-3 ay tələbatı ödəmək mümkün olar. Daxili bazara təsir gücü maksimum 10 gün çəkər. Amma qiymətlərdə uzunmüddətli enmələrin olacağını söyləyə bilmirik. Hətta yaxın gələcəkdə - dekabr-fevral ayları arasında kartofun qiyməti kəskin şəkildə arta bilər. Yəni bu məhsulda hazırki il üçün ucuzlaşma qeyri-mümkündür. Bazarda tərəvəzlərdə xeyli qiymət artımı müşahidə edilir. Lakin qiymət enməsindən danışmaq mümkün deyil”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər