• çərşənbə axşamı, 23 aprel, 15:56
  • Baku Bakı 24°C

İqtisadiyyatımız neqativ təsirləri neytrallaşdırıb - MÖVQE

26.11.22 20:15 873
İqtisadiyyatımız neqativ təsirləri neytrallaşdırıb - MÖVQE

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünə həsr olunmuş toplantıda ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev qazanılmış uğurlarla bərabər qarşıda duran vəzifələrdən də geniş bəhs edərək deyib: “Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir”. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür. Dövlətimizin başçısı İlham Əliyevin təbirincə desək “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır”. Eyni zamanda, bunlara nail olmaq üçün kölgə iqtisadiyyatına qarşı mübarizənin vacibliyi xüsusi vurğulanır. Kölgə iqtisadiyyatı qeyri-leqal, uçota alınmayan, əsas məqsədi dövlət orqanlarından gizli gəlir və ya nemətlərin əldə edilməsi və ya gizlədilməyən, lakin rəsmi statistika orqanları tərəfindən uçota alınmayan və məkrli məqsədlərlə istehsal olunan məhsul və xidmətləri özündə birləşdirir.

Kölgə iqtisadiyyatı probleminin həlli hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından mühüm amil kimi dəyərləndirilir. Kölgə iqtisadiyyatının genişlənməsi isə əksinə, ölkənin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz kölgə iqtisadiyyatının ümumi daxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi səbəblərindən biri kimi qiymətləndirilir. Kölgə iqtisadiyyatının mahiyyəti onun prinsipcə leqal maliyyə-təsərrüfat əməliyyatları toplusu kimi qəbul edilməsinə baxmayaraq, bu əməliyyatların çətin aşkarlanması qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən bilərəkdən yayınma və ya vergi ödəməmələri faktlarının gizlədilməsi ilə xarakterizə olunur. Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdə iki hissəsi bu və ya digər dərəcədə qeyri-formal iqtisadiyyatla əlaqədardır və ya əlaqədə olmuşdur.

Kaspi.az xəbər verir ki, bu sözləri YAP Veteranlar Şurasının üzvü, professor Vahid Novruzov söyləyib.

O bildirib ki, kölgə iqtisadiyyatının mənfi tərəflərindən danışarkən, ilk növbədə, onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğunu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsini və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsini, işçilərin əməyə motivasiyasının azalmasını, innovasiyaların tətbiqinin çətinləşdirilməsini və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarılması göstərilə bilər. Eyni zamanda, kölgə iqtisadiyyatı cəmiyyətdə sosial-etik normaların pozulmasına ciddi zəmin yaradır. Mütəxəssislərin hesablamalarına görə, kölgə iqtisadiyyatının həcmi ümumi daxili məhsulun 30-35 faizindən artıq olduqda dövlət milli iqtisadiyyatın idarə edilməsi üzərində nəzarəti itirmiş olur. Məhz buna görə də Prezident İlham Əliyev belə deyib: “Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”.

Qeyd etmək lazımdır ki, kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər getdikcə daha böyük vüsət almaqdadır.

“İqtisadi subyektlərin kölgəli fəaliyyəti hər bir ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinə, iqtisadi inkişaf dinamikasına və sahibkarlığın gələcək perspektivlərinə ciddi təsir göstərir. Bu baxımdan kölgə iqtisadiyyatını nəzərə almadan milli iqtisadiyyatın və onun sahələrinin miqyasları barədə obyektiv dəyərləndirmə aparmaq, milli və beynəlxalq iqtisadi proseslərin sistemli təhlilini reallaşdırmaq qeyri-mümkündür. Xarici təcrübə göstərir ki, qeyri-formal və kölgə iqtisadiyyatının ölçülərinin xarakterinin öyrənilməsi səmərəli və səriştəli iqtisadi qərarların qəbul edilməsi nöqteyi-nəzərindən çox mühümdür. Məhz uzunmüddətli plan və proqramların dayanıqlığından irəli gələn milli iqtisadiyyatın tərəqqisi kölgə iqtisadiyyatı barədə obyektiv informasiyaların əldə olunmasını və idarəetmədə nəzərə alınmasını tələb edir. Lakin təəssüf ki, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 21 ölkədə kölgə iqtisadiyyatının təhlili göstərir ki, 30 il ərzində kölgə iqtisadiyyatının ölçüsü iki dəfə, yəni ümumi daxili məhsul 10 faizdən 20 faizə qədər artıb”, - deyə YAP Veteranlar Şurasının üzvü qeyd edib.

Onun sözlərinə görə, dünyada baş verən proseslərdən qaynaqlanan uzunmüddətli təzyiqlərə baxmayaraq, həyata keçirilən uğurlu makroiqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı neqativ qlobal təsirləri neytrallaşdırmağa nail olub. Artıq icrasına başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına - kölgə iqtisadiyyatının genişlənməsinə səbəb ola biləcək digər bütün amillərin zəiflədilməsinə zəmin yaradır. Dünya təcrübəsi göstərir ki, gizli pul axınları olmadan kölgə iqtisadiyyatı mövcud ola bilməz. Başqa sözlə, kölgəli proseslər qeyri-qanuni formalaşan pul fondları, gəlirlər, kapital vasitəsilə həyata keçirilir ki, bunun üçün də kölgəli pul axınları tələb olunur. Kölgə iqtisadiyyatının genişlənməsi kölgəli pul axınlarının formalaşması isə “əlverişli mühit”in olması ilə birbaşa bağlıdır. Məhz pul kütləsinin dövriyyədə çox olması, nağd hesablaşmanın yüksək səviyyəsi kölgə iqtisadiyyatının genişlənməsi üçün zəmin yaradır.

Professor bildirib ki, ümumiyyətlə, pul kütləsinin ümumi dövriyyəsində nağd vəsaitlərin payına görə kölgə iqtisadiyyatının həcmi barədə fikir yürütmək olur. Nağd pulun payı nə qədər yüksək olarsa, iqtisadiyyatda kölgə iqtisadiyyatının yaranması riski bir o qədər artıq olur. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 15 faiz olduğu halda inkişaf etmiş ölkələrdə bu 7-10 faiz təşkil edir. Bu baxımdan nağdsız hesablaşmaların ölkəmizdə nəzərəçarpacaq dərəcədə azalması da təqdirəlayiqdir.

“Bununla belə, qeyd etmək lazımdır ki, şəffaflıq və nəzarət sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir ki, təsdiq edilmiş açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı da məhz açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının, sahibkarlığın dəstəklənməsi, çirkli pulların yuyulmasına qarşı hüquqi bazanın möhkəmləndirilməsi və açıq hökumətin təşviqi ilə bağlı ölkəmizdə görülən tədbirlərin davamlılığının təmin edilməsini özündə ehtiva edir. Son dövrlərdə qəbul edilmiş dövlət proqramları və strategiyalar da bu qəbildəndir.

Eyni zamanda, ölkəmizdə şəffaflığın artırılması və kölgə iqtisadiyyatının azaldılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir”, - deyə Vahid Novruzov qeyd edib.

banner

Oxşar Xəbərlər