• cümə, 29 Mart, 04:30
  • Baku Bakı 7°C

İqor Korotçenko: Regionda yeni reallıq formalaşıb

26.04.23 22:30 1542
İqor Korotçenko: Regionda yeni reallıq formalaşıb

Sərhəd nəzarəti barədə qərar qisasçıların bütün planlarını boşa çıxardı. Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsini heç kim dayandıra bilməz. Bu, dönməz və öz-özlüyündə tarixi prosesdir. Bu barədə AZƏRTAC-a müsahibəsində tanınmış siyasi icmalçı, hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

- Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah qaçaqmalçılığının, bununla da hələ də ölkəmizin ərazisində yerləşən qanunsuz erməni silahlı qruplaşmalarının təchizatının dayandırılması üzrə bir çox bəyanat və çağırışlardan sonra rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasına dair qərar qəbul etdi. Bu qərar üçtərəfli Bəyanatın müddəalarına, xüsusən onun altıncı maddəsinə tam uyğundur. Həmin maddədə deyilir: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyini təmin edir”. Bununla bağlı Sizin rəyinizi öyrənmək maraqlı olardı...

- Azərbaycan tərəfi Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulması haqqında qərarı Ermənistan tərəfindən çoxsaylı təxribatlara cavab olaraq qəbul edib. Ermənistandan Qarabağa qanunsuz yüklərin daşınması, müxtəlif təxribatlar sülh yolu ilə nizamlama prosesinə böyük zərər verib. Azərbaycan tərəfi bu məsələləri dəfələrlə Ermənistanın qarşısında qaldırıb və göstərilən qanunsuz fəaliyyətin qarşısının alınmasını tələb edib. Azərbaycan Ordusunun hərbi qulluqçularının olduqları hərbi yük maşını erməni diversantlarının quraşdırdığı minaya düşdükdən sonra həmin ərazidə təhqiqat aparılıb və həm piyada əleyhinə, həm də tank əleyhinə minalar aşkarlanıb. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. Görünür ki, Azərbaycanın səbri daşıb və bu səbəbdən nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərar qəbul edilib. Şübhəsiz ki, bu qərar məcburi xarakter daşıyırdı və hər şeydən əvvəl, erməni tərəfinin əməlləri ilə bağlıdır. Bu səbəbdən rəsmi İrəvan və erməni separatçıları bütün mümkün sualları özlərinə verməli və müvafiq olaraq, bütün iddiaları özlərinə qarşı qaldırmalıdır. Görülən tədbirlər sülh yolu ilə nizamlama prosesinin daha da fəal davam etməsinə kömək edəcək və erməni qisasçı dairələr bir daha müxtəlif növ silah-sursatın Qarabağa daşınması imkanına malik olmayacaq. Əlbəttə, onların bundan sonra silahlı bölmələrin rotasiyasını həyata keçirmək imkanı da olmayacaq.

- Ermənistanda Rusiya sülhməramlı missiyasının iflasa uğraması barədə bəyanatlar səslənir. Yeri gəlmişkən, erməni tərəfi bütün bəhanələrlə Qərbin yaxasından yapışmağa çalışır, onu özlərinin xilaskarı kimi görür...Siz necə hesab edirsiniz, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi danışıqların bərpa olunması üzrə səylərin boşa çıxması üçün erməni tərəfinin növbəti bəhanəsi olacaqmı?

- Son illər Ermənistanda öz uğursuzluqlarına görə Rusiyanı ittiham etmək bir tendensiya halını alıb. Öz nöqsanlarını, səhvlərini Rusiyanın sülhməramlı kontingentinin üzərinə qoymaq bu gün İrəvanın yürütdüyü siyasi kursa tam uyğundur. Lakin Rusiyanın ünvanına səslənən ittihamlar tamamilə əsassızdır. Baş vermiş və davam edən hər şey Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasətinin məntiqi nəticəsidir. Rusiyanın ünvanına ittihamlar konyunktura xarakteri daşıyır və İrəvanın Moskvadan və KTMT-dən tədricən qopması, müttəfiqlik qarşılıqlı münasibətlərini kəsməsi və hər şeydən əvvəl ABŞ və Fransa ilə yeni geosiyasi hərbi ittifaqlar yaratması üzrə siyasi kursu ilə əlaqədardır.

- Ermənistan paytaxtının mərkəzində və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan bayrağının yandırılması, bu ölkənin hakimiyyətinin bütün səviyyələrində azərbaycanlılara qarşı nifrət dolu bəyanatlar, revanşist çağırışlar və təxribatlar, xüsusən Azərbaycan ərazisinə silah göndərilməsi tamamilə məntiqli bir sual doğurur: Ermənistan regionda sülhün bərqərar olmasını istəyirmi və ya müəyyən qüvvələrin maraqlarına xidmət edərək stabilliyi pozan faktor olaraq qalacaqmı?

- İrəvanda Azərbaycan bayrağının nümayişkaranə şəkildə yandırılması təxribatı təkcə millətçi hoqqabazlıq deyil. Bu, millətlər arasında nifaqın və yeni münaqişənin başlanmasının şüurlu şəkildə qızışdırılmasıdır. Bu hərəkətə heç cür haqq qazandırmaq olmaz. Bunu edən həm Azərbaycan hakimiyyəti, həm də erməni hökuməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təəssüf ki, Ermənistanda revanşist qüvvələr kifayət qədər güclüdür, dünya erməni diasporu yetərincə destruktiv mövqe nümayiş etdirir və Paşinyanın arxasından geosiyasi oyun oynamaq istəyir. Məqsəd – Qarabağı Azərbaycandan ayırmaqdır. Sərhəd nəzarəti haqqında qərar revanşistlərin planlarının üzərindən xətt çəkdi. Qarabağın Azərbaycanın tam nəzarətinə qaytarılmasını heç kim dayandıra bilməz, bu, dönməz və öz-özlüyündə tarixi prosesdir.

- Və son sualım. Rəsmi Bakı üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, dəfələrlə qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edib. Lakin Ermənistan bu prosesi yubadır, bundan başqa quldur dəstələrini fəal şəkildə silahlandırır. Bunun səbəbi aydındır. Siz necə hesab edirsiniz, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi bu problemin həllinə kömək edəcəkmi? Axı, onların ətrafındakı dairə faktiki olaraq daralıb. Bununla bağlı separatçıların Rusiya sülhməramlı kontingentinin ünvanına ultimatumunu necə qiymətləndirmək olar?

- Regionda yeni reallıq formalaşır. Artıq qeyd etdiyim kimi, Ermənistanı üçtərəfli Bəyanata və yüksək səviyyədə digər razılaşmalara əməl etməyə yalnız Azərbaycan tərəfinin siyasi, diplomatik addımlarının hərbi xarakterli dəqiq tədbirlərlə uzlaşması məcbur edə bilər. Beləliklə, xüsusi olaraq, indi Laçın–Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra de-fakto baş verənlər Azərbaycan nümayəndələrinin inzibatçılığı altında olacaq. Başlıcası odur ki, erməni qanunsuz silahlı bölmələrinin çıxarılması bu gün regionun sülh yolu ilə inkişafı üçün zəruridir. Aydındır ki, təchizat və silah ehtiyatından məhrum olan qanunsuz erməni silahlı bölmələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüblər və ərazini tərk etməyə məcbur olacaqlar. Buna paralel olaraq, separatçı rejimin özünü buraxması, həmin əraziyə Azərbaycanın dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin gəlməsi, onların inzibatçılıq, sülh prosesi və əhalinin həyat fəaliyyətinin bütün sahələrini öz üzərinə götürməsi baş verməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin öz seçiminin etməsi – ya Azərbaycan vətəndaşı olması, yaxud özlərinə digər variantlar axtarması barədə hər kəsə məlum olan sözləri buna misaldır. Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinə ölkənin hüquqi məkanına yenidən inteqrasiya etməyi təklif edib, lakin hələ ki, heç kim bu təklifə cavab verməyib. Ümid edirik ki, yeni reallıq Qarabağ ermənilərini yaranmış vəziyyəti daha sakit və sağlam qiymətləndirməyə, praktiki inteqrasiya prosesinə başlamağa vadar edəcək.

banner

Oxşar Xəbərlər