• bazar, 15 Iyun, 02:49
  • Baku Bakı 19°C

Şaftalımız sərhədləri aşır

14.06.25 03:15 170
Şaftalımız sərhədləri aşır

Azərbaycan şaftalısı Rusiya və Yaxın Şərq bazarlarında rəqabətə davamlı mövqedədir. Mövsümün erkən başlaması və məhsulun yüksək şəkərliliyi ixraca müsbət təsir edir. 

Beynəlxalq Ticarət Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycan şaftalı ixracı üzrə dünyada doqquzuncu yerdə qərarlaşıb. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb. Hesabat ilində Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində təzə şaftalı ixrac edib. Bu, 2023-cü illə müqayisədə 33 faiz çoxdur. 

Bazarlara daha erkən çıxır

Lənkəran Dövlət Universitetinin aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, ölkəmiz şaftalı istehsalı üçün olduqca əlverişlidir: “Azərbaycanın 2024-cü ildə 68,6 milyon dollar dəyərində şaftalı ixrac etməsi və dünyada doqquzuncu yerdə qərarlaşması böyük uğurdur. Bu, bir neçə amil ilə izah oluna bilər. İqlim şəraitini xüsusi qeyd etmək lazımdır. Xüsusilə Lənkəran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələri şaftalı üçün çox əlverişlidir. Növbəti faktor kimi, mövsümi üstünlüyü qeyd edə bilərik. Hansı ki, Azərbaycan şaftalısı bazara erkən çıxır və bu, onu regional bazarlarda Rusiya, Orta Asiya, Yaxın Şərqdə rəqabətə davamlı edir. Əmək resursları və kiçik təsərrüfatların olması, əl əməyinin yüksək olması bəzi keyfiyyət göstəricilərinin qorunmasına imkan verir”. 

N.Əzizlinin fikrincə, Azərbaycan şaftalısı bir sıra üstünlüklərə malikdir: “Öncə təbii dadı və ətri. Azot və suya qənaətlə becərilən şaftalıların şəkərlilik faizi yüksək olur. Şaftalımızın erkən yetişmə dövrü - may-iyun aylarında bazara çıxması əsasən Rusiyada bazar mövsümünü açır. Ekoloji təmiz istehsal metodları - orqanik və yarım-orqanik üsullarla istehsal potensialı var. Rusiya ilə coğrafi yaxınlıq, nəqliyyat xərclərinin az olması məhsulu rəqabətə davamlı edir. Bu göstəriciləri nəzərə alaraq, ixracın daha da artması mümkündür. Xüsusilə yeni bazarların araşdırılması və məhsulun dəyər zəncirinin (emal, qablaşdırma və logistika) inkişaf etdirilməsi buna əsas verir”.

Koordinasiya gücləndirilməlidir

Ekspert bildirdi ki, ixracın artırılması istiqamətində strateji addımlar kimi bir sıra qaydalara əməl olunmalıdır: “Məhsulun sertifikatlaşdırılması və keyfiyyət standartlarının tətbiqi, qida təhlükəsizliyi və GLOBALG.A.P. sertifikatları ixrac üçün vacib hesab olunur. Qablaşdırma və soyuducu zəncirlərinin qurulması, məhsulun təzə qalması üçün soyuq zəncir logistikasının genişləndirilməsi kimi addımlar mühümdür. Logistika və ticarət əlaqələrinin inkişafı yeni marşrutlar (məs. BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan) üçün dəmir yolu və hava nəqliyyatı imkanlarının genişləndirilməsi ixracın artırılmasında xüsusi yer tutur. Kooperativləşmə və birgə ixrac mexanizmləri, fermerlər üçün təlimlərin keçirilməsi, əkinçilik texnologiyaları, zərərvericilərlə mübarizə üzrə texniki təlimlər də bu istiqamətdə mühüm rola malikdir”. 

Mütəxəssis bildirir ki, şaftalı ixracındakı artımın davamlı olması üçün, dövlət qurumları və ixracatçılar arasında koordinasiya gücləndirilməli, rəqabət üstünlükləri qorunmalıdır”.

Fermerlərin üzləşdikləri çətinliklər

N.Əzizli fermerlərin yaşadığı çətinliklərə də toxundu: “Bəzi fermerlərin əsas problemi məhsullarının standartlara cavab verməməsidir. Bəzən fermerlərdə keyfiyyət, ölçü, saxlanma şəraiti kimi göstəricilər aşağı olur. Onalrın maliyyə mənbələrinə çıxışı məhduddur. Qablaşdırma, soyuducu anbar və nəqliyyat üçün ilkin kapital çatışmazlığı kimi faktorları qeyd etmək olar. Bazarla əlaqənin zəifliyi xarici alıcılarla birbaşa əlaqə qurmaqda çətinliklər törədir. Rəsmiləşdirmə və gömrük prosesləri, bəzi hallarda ixrac prosedurları vaxt aparır.  Logistika imkanlarının məhdudluğu, soyuducu yük maşınlarının və saxlanma yerlərinin azlığı məhsulun xarab olması ilə nəticələnir”.

İxracın artması yerli bazara da təsir edir

Ekspertin sözlərinə görə, ixracın kütləvi olması yerli bazara təsir edə bilər. İkitərəfli təsir mümkündür: “Müsbət təsirlərə yerli istehsalçının gəliri artır, daha çox sərmayə yatırmağa motivasiya yaranır. Rəqabət artdıqca məhsulun keyfiyyəti də yüksəlir. Mənfi təsirlər isə budur ki, yerli bazarda məhsul azala, qiymət artımı baş verə bilər. Belə halda aşağı gəlirli istehlakçılar üçün əlçatanlıq azalır. Əgər keyfiyyətli məhsul yalnız ixraca yönəlsə, yerli bazarda daha zəif keyfiyyətli məhsul qalır”.

“Bağların yaşı çoxaldıqca, məhsuldarlığı artacaq”

İqtisadçı Akif Nəsirli isə düşünür ki, şaftalı istehsalımız gələcək illərdə daha da yüksələcək: “Son illər Azərbaycanda şaftalı bağlarının salınması istiqamətində ciddi addımlar atılıb. Şaftalı bağlarının sahəsi bir neçə dəfə artıb. Həm şimal bölgələrimizdə, həm də aran zonasında şaftalı bağlarının sahəsi genişlənməkdədir. O səbəbdən də ölkənin daxili bazarında mövsüm dövründə kifayət qədər şaftalı olur. Həm də ixracımız ilbəil artır. Hələlik, şaftalı bağlarımızın əksəriyyəti cavandır. Tam gücü ilə məhsul vermir. Gələcəkdə bu bağlardan daha çox məhsul götürə biləcəyik. Bağların yaşı artdıqca, məhsuldarlığı də yüksələcək”.  

A.Nəsirlinin fikrincə, yenə də fermerlərə dəstəyi gücləndirməliyik: “Bağlara subsidiyalar verilir. Miqdar hektarda ağacın sayına görə dəyişir. Subsidiyanın yalnız 25 faizinin nağdlaşdırılması, 75 faizinə vasitələr alınması qaydası dəyişməlidir. Fermer subsidiyanı tam həcmdə nağdlaşdırmaq imkanına malik olmalıdır”. 

“Məhsullarımızın təbii və keyfiyyətli olmasına diqqət yetirməliyik”

İqtisadçının sözlərinə görə, məhsulumuzun keyfiyyətini artıra bilsək, ixrac ölkələrinin sayını daha da çoxaldarıq: “Fermerlər şaftalı ixrac edərkən qida təhlükəsizliyinə dair sertifikat almalıdır. Əgər məhsul keyfiyyətli olmasa və onu digər ölkədə saxlasalar, fermer daha çox ziyana düşür. O səbəbdən məhsullarımızın təbii və keyfiyyətli olmasına diqqət yetirməliyik. Cənubi Asiyada da məhsullarımıza ciddi tələbat var. Amma onların standartları sərtdir”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər