• şənbə, 24 Fevral, 19:44
  • Baku Bakı 5°C

Güləşçilərimiz yeni sınaq qarşısında

16.09.23 01:30 5745
Güləşçilərimiz yeni sınaq qarşısında

Dünya çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək yarışlardandır. Düzdür, bundan sonra da lisenziya turnirləri çox olacaq. Amma həm prestijinə, həm lisenziya imkanlarına görə mundialın əhəmiyyəti böyükdür.

Sentyabrın 16-dan 24-nə qədər Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan mundialda geniş heyətlə təmsil olunacaq. Son Avropa çempionatındakı uğurlu nəticələrin ardınca burada gözləntilər yüksəkdir.

Azərbaycan millisi Serbiyaya 26 güləşçi ilə gedib

Ölkəmiz dünya çempionatında hər üç növdə təmsil olunacaq. Sərbəst və yunan-Roma güləşlərinin hər birində 10, qadın güləşində isə altı idmançımız medallar uğrunda mübarizə aparacaq.

Sərbəst güləş millimizin heyətində Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (51 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), İslam İlyasov (97 kq) və Georgi Mesvildişvili (125 kq) yer alıblar.

Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq), Elnurə Məmmadova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Maqomedxan Maqomedov (97 kq) və Beka Kandelaki (130 kq) medal qazanmağa çalışacaqlar.

Rusiyalı güləşçilərin qayıdışı ilə güclənən rəqabət

Budəfəki dünya çempionatında Rusiya və Belarusdan olan güləşçilər də mübarizə aparacaqlar. Ukraynadakı müharibəyə görə bu iki ölkənin təmsilçiləri uzun müddət idi ki, beynəlxalq yarışlardan kənar qalmışdı. Sentyabrın əvvəlində Dünya Güləş Birliyi onların yarışmasına icazə verildiyini açıqlayıb.

Yoxlamalardan sonra 236 idmançının müraciətindən 209-u müsbət cavablandırılıb. Ancaq onların qarşısına bəzi şərtlər qoyulub. Məsələ ondadır ki, həmin güləşçilər Rusiya və Belarusu təmsil edə bilməzlər. Onlar mundialda neytral statusda çıxış etməlidirlər. Sözügedən güləşçilərdən qızıl medal qazanan olsa, ölkələrinin himni səslənməyəcək.

Bu qərardan sonra dünya çempionatının daha rəqabətli keçəcəyini deməyə əsas var. Xüsusən, həmişə ən güclülərdən olan Rusiya güləşçilərinin qayıdışı digər idmançıların işini çətinləşdirəcək. Uzun müddət böyük yarışlardan kənar qalmaları şimal qonşumuzun təmsilçilərinin hansı formada olduqlarına dair müəyyən şübhələr oyandırır. Ancaq o da bəllidir ki, həmin idmançılar tamamilə yarışsız qalmayıblar. Bəziləri isə digər ölkələrin təmsilçiləri kimi yarışıblar. Böyük ehtimalla dünya çempionatında pəhləvanlarımızın əsas rəqibləri yenidən ruslar olacaqlar.

Əsas medal ümidlərimiz

Dünya çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək yarışlardandır. Düzdür, bundan sonra da lisenziya turnirləri çox olacaq. Amma həm prestijinə, həm lisenziya imkanlarına görə mundialın əhəmiyyəti böyükdür. Yığmalara Olimpiya çəkilərində təcrübəli, digər çəki dərəcələrində gənc idmançıların daxil edilməsi də bununla bağlıdır.

Dünya çempionatında sərbəst güləş yığmamızdan gözləntilər çoxdur. Komanda son Avropa çempionatında möhtəşəm performans göstərib. İki qızıl, iki gümüş və iki bürünc medalla yığma qitənin ən güclüsü olub. Dünya çempionatında komanda üzvlərinin Olimpiadaya minimum altı lisenziya qazanması gözlənilir. Komandanın baş məşqçisi Xetaq Qazyumov özü də bunu dilinə gətirib. Hacı Əliyev, Əliabbas Rzazadə, Turan Bayramov, Abubakar Abakarov, Maqomedxan Maqomedov və Georgi Meşvildişviliyə ümidlər böyükdür.

Qadın güləşi yığmasının lideri yenidən Mariya Stadnikdir. Doqquzqat Avropa çempionu karyerasının sonlarına yaxınlaşır. Onun hədəfi üçüncü dəfə dünyanın ən güclüsü olduğunu sübut etməkdir. Ondan başqa, Jalə Əliyeva və Elis Manalovadan böyük gözləntilər var.
Yunan-Roma güləşçilərimiz də son Avropa çempionatında uğurlu çıxış ediblər. Onlar medalların əyarına görə birinci, komanda hesabında isə ikinci olublar. Bu dəfə Eldəniz Əzizli, Nihat Məmmədli, Həsrət Cəfərov və Ülvü Qənizadə əsas medal ümidləridir.

Azərbaycan güləş ölkəsi adını çoxdan təsdiqləyib. Elə bu səbəbdən dünya çempionatında idmançılarımızdan yüksək nəticə tələbi normaldır. Üstəlik, onlar üçün ölkə xaricində və daxildə keyfiyyətli təlim-məşq toplanışları təşkil olunub. Yığmaların çalışdırıcıları da bu məqamı xüsusi qeyd ediblər.

İstənilən halda, dünya çempionatı özünəməxsus yarışdır. Burada nəticələri öncədən təxmin etmək çətindir. Fiziki və funksional hazırlıqdan əlavə psixoloji yanaşma da önəmlidir. Necə deyərlər, kim daha çox istəsə, o da məqsədinə nail olur. Pəhləvanlarımız apreldə Avropa çempionatındakı gözəl çıxışlarını bu dəfə bütün dünyaya göstərməlidirlər.

banner

Oxşar Xəbərlər