• şənbə, 27 Aprel, 12:27
  • Baku Bakı 27°C

Gözəl aktyor, uğurlu qələm adamı - ANIM

17.02.24 04:37 7214
Gözəl aktyor, uğurlu qələm adamı - ANIM

Üzündə təbəssüm, əməlində xeyirxahlıq, davranışında əxlaq, işində ciddiyyət olan aktyor. Xalq artisti, Akademik Milli Dram Teatrının mərhum aktyoru Ramiz Novruz haqqında söz düşəndə sənət yoldaşları onu belə xatırlayırlar. 

“Nə qədər Azərbaycan tamaşaçısı var, o yaşayacaq və daim xatırlanacaq. Həm gözəl aktyor, həm də uğurlu qələm adamı kimi...” 
Xalq artisti, Akademik Milli Dram Teatrının mərhum aktyoru Ramiz Novruz haqqında söz düşəndə sənət yoldaşları onu belə xatırlayırlar. Üzündə təbəssüm, əməlində xeyirxahlıq, davranışında əxlaq, işində ciddiyyət olan aktyoru “Kaspi” də (fevralın 21-i anım günüdür) həmkarlarının xatirələri ilə andı. 

Səhhəti ilə bağlı şikayətlənmirdi

Teatrın ağsaqqalı, Xalq artisti Rafiq Əzimov xatırlayır ki, Ramiz Novruzun teatra gəlişindən dünyadan köçdüyü günə qədər fəaliyyəti gözünün qabağında keçib:

“O, həddən artıq sənətsevər, böyük bir eşqlə məşqlərə tələsən, hər bir rolun üzərində ciddi işləyən, müxtəlif xarakterli rolları böyük peşəkarlıqla yaradan aktyor idi. Səhnədə Ramiz Novruzla bir neçə tamaşada tərəf-müqabil olmuşam. Hər dəfə onunla bir səhnədə oynamaqdan böyük zövq almışam. Çünki sənin qarşındakı nə qədər ciddi aktyor olsa, nə qədər müsbət yanaşsa, tərəf-müqabil də ondan çox ilham alır və  ümumi tamaşanın gedişatına müsbət qiymət verir”. R.Əzimov deyir ki, Ramiz Novruz istedadlı aktyor olmaqla bərabər, dramaturgiya ilə məşğul olan qələm adamı olub: “Onun yazdığı pyeslər bu gün də tamaşaçıların və yaradıcı heyətin qəlbində yaşayır. Ağlımıza gəlməzdi ki, belə bir sağlam və istedadlı aktyor tez bir zamanda bizi tərk eləsin. Biz ondan heç vaxt səhhəti ilə bağlı şikayət eşitməmişdik. Təəssüf ki, belə bir insanı itirdik. O, yaddaşımızda yalnız müsbət bir insan kimi qaldı. Hazırda oğlu Cavidan bizimlə bir səhnədə irili-xırdalı rollarda çıxış edərək atasının yolunu davam etdirir. Bu, az da olsa bizə təsəllidir”.

Səhnədə onunla savaşmaq böyük zövq idi

“Biz Ramizlə tələbə yoldaşı olmuşuq, eyni kursda oxumuşuq. Adil İsgəndərovdan dərs almışıq. Təyinatımızı fərqli yerlərə aldıq. Sonradan Ramiz də Sumqayıt teatrından “Azdrama”ya gəldi və bir yerdə çalışdıq”, - deyə Xalq artisti Nurəddin Mehdixanlı xatırlayır:

“Ramiz vəfat etdiyi günə qədər bir yerdə çalışmışıq. O, əksər tamaşalarda tərəf-müqabilim olub. Ramiz çox mütaliəli, istedadlı, peşəsinin ustası olan aktyor idi. Həm də Ramizin qələmi, yazmağı vardı. Bir neçə pyesin müəllifi idi. Onun ən məşhur pyesi “Hələ sevirəm deməmişlər”idi. Bu əsərə Bəhram Osmanov quruluş vermişdi. O tamaşa bizim teatrın ən uğurlu və ən çox qastrol səfərinə çıxan tamaşalarından oldu. Əsər Qarabağ savaşı ilə bağlı idi. Mən də ən uğurlu və çox sevdiyim rollarımdan birini bu tamaşada oynayırdım. Ramiz özü də o tamaşada rol almışdı. “Atabəylər”, “Od gəlini”, “Aydın” tamaşalarında da tərəf-müqabil idik. Ramiz Azərbaycan teatrı və kinosunda öz imzasını qoymuş böyük aktyorlarımızdan idi”. N.Mehdixanlı deyir ki, mərhum aktyorun kinoda da rolları uğurlu alınmışdı: “Çox vaxt Ramiz Novruz adı gələndə elə Həzi Aslanov deyirdilər. Həyat bəzən gözlənilməz hadisələr yaradır. Ramiz xəstələndi və təəssüf ki, bizdən ayrıldı. Ən xoşbəxt aktyor odur ki, səhnədə onun qarşısında güclü aktyor var. Səhnədə toqquşmağa, savaşmağa qarşısında güc var. Ramiz Novruz həmin aktyorlardan idi ki, səhnədə onunla savaşmaq böyük zövq və uğur idi. Mən çox xoşbəxtəm ki, uzun illər Ramiz Novruzla bir səhnədə olmuşuq”. 

Çəkdiyi əzabı üzündə gördüm

Əməkdar artist Sənubər İsgəndərli mərhum sənət yoldaşını tamaşaçıların sevimli aktyoru kimi xatırlayır:

“Ramiz müəllim mənim də sevimli həmkarım, dostum idi. Dəfələrlə bir səhnədə tərəf-müqabil olmuşuq. Saysız-hesabsız tədbirlərdə birgə iştirak etmişik. Hər dəfə də onda özümə və insanlara qarşı bir istilik görmüşəm. O, səhnədə özünü önə  çəkən aktyorlardan deyildi, mənəm-mənəmliyi yox idi. Pafosdan uzaq idi, həm səhnədə, həm də həyatda... Bərbəzəkli sözləri sevməzdi, tək öz roluna yox, ümumi tamaşaya xələl gəlməsin deyə işinə, oynadığı rollara çox ciddi yanaşırdı. Mən ondan həmişə dost kimi məsləhət alardım. Ürəyi təmiz, üzügülər insan idi. Adamı hər dəfə görəndə əllərini yana açıb qucaqlamaq istəyirmiş kimi gülürdü. Həmişə ondan belə istiliyi gördüm. Son işimiz Yuri Polyakovun “Sinif yoldaşları” tamaşası idi. Onda səhhəti yaxşı deyildi. Səhnə arxasına çıxanda görürdüm ki, onu tər-su aparır. “Hər şey yaxşıdır, mənə fikir vermə” deyirdi. O vəziyyətdə də tamaşanı düşünürdü”.  

Əsl Azərbaycan kişisi

Ramiz Novruz kinorejissor Yavər Rzayevin “Sarı gəlin” filmində hərbi hissənin komandiri Rasim rolunu oynayıb. İndi Yavər Rzayev “onun haqqında danışanda kövrəlirəm”, deyir:

“İstər Ramiz Novruz, istərsə də Nurəddin Mehdixanlı ilə çoxdan tanışam. Mən İncəsənət Universitetində oxuyanda onlar yeni qurtarmışdılar. Amma bizim görüşlərimiz olurdu. Mən sonra Moskvaya getdim və qayıdanda “Sarı gəlin” filmini çəkməyə başladım. Bu, rəmzlərlə danışan bir filmdir. Cəsur Azərbaycan kişisi obrazı haqqında çox düşünürdüm. O rolu sınaqsız Ramizə təklif etdim. Bu film 90-cı illərdə çəkilməyə başladı. Sərhəddə dayanan əsgərlər gəlib bizə kömək edirdilər. Film çətin şəraitdə çəkilirdi. Filmdə ağır səhnələr vardı - tanklar, atəşlər... Çəkilişlərdə kaskadyordan istifadə edilmədi. Hamısını aktyorlar özləri edirdilər. Ramizin zahiri və daxili etik normaları əsl Azərbaycan kişisinə xas idi. İndi təəssüflənirəm ki, son zamanlar əlaqəmiz yox idi...”

İstedadlı aktyor və qələm adamı

Rejissor Bəhram Osmanov mərhum aktyoru işinə münasibətdə dəqiq, nizam-intizamlı, məsuliyyətli insan adlandırır:

“Ramizlə bir neçə tamaşada işləmişəm. Ədəbiyyata marağı yaxşı olduğundan onun iki tamaşasını hazırlamışam. Gəncə Dram Teatrında “At ilinin birinci ayı” və Milli Dram Teatrda  “Hələ sevirəm deməmişlər” tamaşaları... Ramiz istedadlı aktyor və qələm adamı idi. Biz onun simasında gözəl bir insanı və istedadlı sənət adamını itirdik...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər