• şənbə, 27 Iyul, 15:09
  • Baku Bakı 28°C

Futbolda “qum fırtınası”

22.07.23 06:30 3571
Futbolda “qum fırtınası”

Son illərdə öncə ərəb milyarderlər Avropa klublarına sərmayə yatırmağa başladılar. Bu zaman ölkə çempionatına yüksəködənişli oyunçular cəlb olunurdu, ancaq rəqəmlər indiki qədər fantastik deyildi. Hazırda isə ərəblər sevimli əyləncələrini özlərinə daha yaxın etmək üçün kisənin ağzını açıblar.

Dünya futbolunda davam edən yay transfer dövrü özünəməxsusluğu ilə seçilir. Adətən yalnız Avropanın böyük klubları ciddi aktivlik göstərirdilərsə, indi vəziyyət fərqlidir. Bu yay Səudiyyə Ərəbistanı təmsilçiləri “köhnə qitə” klublarına böyük rəqabət təklif edirlər. Hətta bəzi hallarda asiyalılar daha üstün olurlar.

Səs-küylü “10-luq”

Bu ana qədər yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubları 10 böyük transfer həyata keçiriblər. Şübhəsiz, onların arasında ən diqqətçəkəni “Real Madrid”dən ayrılan Kərim Benzemanın “Əl-İttihad”a keçididir.

“Kral klubu” ulduzuna yeni müqavilə təklif etsə də, fransalı hücumçu Ərəbistan yarımadasından aldığı daha yaxşı maliyyə şərtləri olan təklifi üstün tutdu. Benzema “Qızıl top”un hazırkı sahibidir və o, tezliklə Səudiyyə Ərəbistanı çempionatında top qovacaq. Bu məqam ərəblərin transfer bazarında payının miqyasını anlamaq üçün yetərlidir. Belə ki, dünyanın ən yaxşı futbolçusu hazırda Səudiyyə Ərəbistanı klubundadır. Ərəblərin bu yay həyata keçirdiyi ən bahalı transfer “Əl-Hilal”ın İngiltərə “Vulverhempton”undan heyətinə cəlb etdiyi Ruben Neveşdir. Klub 26 yaşlı portuqaliyalı üçün qarşı tərəfə 55 milyon avro ödəyib. “Əl-Hilal” İtaliya təmsilçisi “Latsio”dan heyətinə qatdığı Serqey Milinkoviç-Saviç üçün isə 42 milyon avrosundan keçib. Ən bahalı üçüncü keçid Jotanın Şotlandiya “Seltik”indən “Əl-İttihad”a 29 milyon avroya transferidir. Bundan başqa, Kalidu Kulibali 23 milyon avroya “Çelsi”dən “Əl-Hilal”a, Eduar Mendi 18,5 milyon avroya “Çelsi”dən “Əl-Əhli”yə, Marselo Brozoviç 18 milyon avroya “İnter”dən “Əl-Nəsr”ə, Aleks Telleş “Mançester Yunayted”dən 4 milyon avroya “Ən-Nəsr”ə keçib. “Liverpul”dan ayrılan Roberto Firmino “Əl-Əhli”yə, “Çelsi”ni tərk edən Nqolo Kante isə “Əl-İttihad”a azad agent kimi qoşulub. Tezliklə onlara Cordan Henderson, Riyad Mahrez kimi adlar da qoşula bilər.

Formasının zirvəsində olanlar da gedir

Ərəb klubları son illərdə transferlərə yüksək məbləğlər xərcləməyə başlasalar da, ilk böyük keçid ötən qış baş tutdu. Problemli şəkildə “Mançester Yunayted”dən ayrılan Kriştianu Ronaldu astronomik məvacib qarşılığında “Əl-Nəsr”ə “hə” dedi. İlk qaranquş, cığıraçan olan portuqaliyalı bu addımına görə tənqid olunurdu. Ancaq get-gedə genişlənməkdə olan proses onun yanlış qərar vermədiyini göstərir. İlk vaxtlar Səudiyyə Ərəbistanı klublarının sadəcə ad olaraq ulduzları transfer etdiyi düşünülürdü. Ancaq getdikcə vəziyyət dəyişdi. Artıq formasının zirvəsində olan və ya üst səviyyədə hələ bir neçə ilə də oynamağı bacaracaq futbolçular bu Asiya ölkəsinə üz tuturlar. Beləliklə, yalnız yaşlı, “futbolu bitmiş” oyunçuların pul qazanmaq üçün ərəb klublarına keçməsi fikri stereotip halına gəlib. Aleks Telleş istisna olmaqla adını sadaladığımız futbolçuların hər biri azı iki-üç mövsüm də ən üst səviyyədə oynamağa qadirdirlər. Düzdür, onların əksəriyyətinin yaşı artıq 30-u keçib. Lakin son illər “futbol oynamaq yaşı”nın xeyli artdığını nəzərə alsaq, 32-34 yaş belə, müasir futbolda çox hesab edilmir. Üstəlik, Jota, Ruben Neveş və Sergey Milinkoviç-Saviç formalarının zirvəsində Ərəbistan yarımadasına üz tutublar. Onların müvafiq olaraq 24, 26 və 28 yaşı var. Jotanı bir neçə top-klub heyətinə cəlb etməyə çalışmışdı. Ruben Neveşin xidmətində “Barselona” maraqlı idi. Hətta “Əl-Hilal” onu transfer etdikdən sonra “Barsa”ya atmaca da atmışdı. Milinkoviç-Saviçin xidmətində isə “Yuventus” maraqlı idi. Ərəblər artıq Avropa nəhənglərinin hədəfində olan ulduzları “oğurlamağı” bacarırlar. “

Qum fırtınası”nın sonu nə olacaq?

Daha əvvəl Çin klubları oxşar strategiya seçmişdilər. Onlar da səs-küylü transferlər həyata keçirir, ulduz futbolçulara yüksəködənişli müqavilələr təklif edirdilər. Lakin bu, o qədər də effekt vermədi və çinlilər artıq bir neçə ildir prosesdən kənara çəkiliblər. Bəzi mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanında da oxşar hal yaşanacaq. Səudiyyə Ərəbistanının futbolda iştirakı bir qədər fərqlidir. Son illərdə öncə ərəb milyarderlər Avropa klublarına sərmayə yatırmağa başladılar. Bu zaman ölkə çempionatına yüksəködənişli oyunçular cəlb olunurdu, ancaq rəqəmlər indiki qədər fantastik deyildi. Hazırda isə ərəblər sevimli əyləncələrini özlərinə daha yaxın etmək üçün kisənin ağzını açıblar. Üstəlik, Səudiyyə Ərəbistanı hökuməti bu prosesə dəstək olur. Transfer edilən futbolçuların performans göstəriciləri keçidlərin yalnız piar məqsədi daşımadığını, keyfiyyətin də düşünüldüyünü deməyə əsas verir. Yaxın illərdə Səudiyyə Ərəbistanı çempionatının Avropa Top-5 liqalarından sonra ən güclü çempionat olacağını düşünənlər az deyil. Lakin “qum fırtınası”nın dünya futboluna dəqiq təsirlərini indidən ehtimal etmək çox çətindir. Proses hələ başlanğıc mərhələsindədir.

banner

Oxşar Xəbərlər