cümə, 08 Dekabr, 13:03

Baku Bakı 10°C

Ermənistanın növbəti fiaskosu

icon 621 icon 18 noyabr 2023 | 00:13
Ermənistanın növbəti fiaskosu


Beynəlxalq Ədalət Məhkəməsi 17 noyabr 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycana qarşı 10 iddiasından yeddisini rədd edib. Məhkəmə Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiq edib. 

Azərbaycan İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı iş üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli müvəqqəti tədbirlər barədə qərarını qeydə alıb. 
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib: “Biz Məhkəmənin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində uzun müddətdir qəbul edilmiş və beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərarını alqışlayırıq. Həmçinin diqqətəlayiq haldır ki, Məhkəmə Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini də rədd edib”.

Azərbaycanın Qarabağın erməni sakinləri ilə bağlı siyasəti qəbul edilir

Məlumatda bildirilir ki, Məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir: “Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”.

Açıqlığın və əməkdaşlığın etirafı

Məlumatda o da qeyd edilir ki, Məhkəmənin Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfərini asanlaşdırmaq və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığa dair tələbi ilə bağlı heç bir tədbir görməyi tələb etməməsi faktı Azərbaycanın bu sahədə göstərdiyi açıqlığın və əməkdaşlığın etirafıdır: “Bu, ölkəmizə qarşı irəli sürülən bütün ittihamları mahiyyətcə əsassız edir”.

Saxlanılan separatçılarla bağlı iddia rədd edildi

XİN-in bəyanatında vurğulanır ki, məhkəmə Ermənistanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvədə olan maddələrinə uyğun olaraq hərbi təcavüz, separatizmi qızışdırmaq, terror aktları və s. ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Azərbaycanın istintaq tədbirlərinə dair Ermənistanın iddiasını eyni şəkildə təmin etməyib. Azərbaycan Ermənistanın və bütün digər tərəflərin qanuni istintaq tədbirlərinə müdaxiləsini dayandıracağını gözləyir. «Azərbaycan CERD üzrə öhdəliklərinə ciddi yanaşır”, - deyə bəyanatda bildirilir.