• bazar, 28 Aprel, 15:16
  • Baku Bakı 27°C

Ermənistan sülh prosesini uzatmaqla yalnız özünə zərər verir - ŞƏRH

03.09.22 17:00 912
Ermənistan sülh prosesini uzatmaqla yalnız özünə zərər verir - ŞƏRH

Bu gün dünyada baş verən qiymət artımı və inflyasiya prosesi ilə yanaşı, postpandemiya dövrünün yeni çağırışları dünya arxitekturasının formalaşması, o cümlədən yaranmış reallıqların nizamlanmasında yeni problemləri ortaya qoyur. Həmçinin bu problemlərdən savayı, Rusiya ilə Ukrayna arasında davam edən gərgin münasibət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında əlavə imkanların nəzərdən keçirilməsini vacib edir.

Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüssel şəhərində keçirilən sayca 4-cü görüşü öz mahiyyəti ilə hər iki tərəf üçün faydalı oldu, bir daha Azərbaycana sülhə əsaslanmış mövqeyini açıq elan etmə imkanı verdi.

Bu sözləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O bildirib ki, görüş konkret olaraq əvvəlki görüşlərdə müzakirə olunmuş və əldə edilmiş razılıqların yerinə yetirilməsi nöqteyi nəzərdən, habelə qəbul olunmuş qərarların icrasının əlavə tədbirlərlə davam etdirilməsi, həmçinin bir sıra məsələlərə aydınlıq gətirilməsi üçün əhəmiyyətli idi. Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti bu dörd saatlıq üçtərəfli görüşdə də özünü uğurla göstərdi. Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuata səsləndirdiyi açıqlaması onu bildirməyə imkan verir ki, danışıqlar onlar üçün həddindən artıq gərgin keçib. Ermənistanın daha əvvəl üzərinə götürdüyü öhdəliklərin icrasını bilərəkdən ləngitməsi, eyni zamanda, bu prosesin bu gün də müşahidə olunması keçiriləcək növbəti görüşlərdə qarşı tərəfin vəziyyətinin daha da mürəkkəb və acınacaqlı olacağına məntiqi işarədir.

“Prezident İlham Əliyevin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi Ermənistanın ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtlərini qəbul etməsi ilə nəticələndi. Belə ki, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Bu, bir daha Azərbaycanın regionda real güc sahibi olduğunun bariz nümunəsidir.

Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir”, - deyə deputat qeyd edib.

M.Əfəndiyev diqqətə çatdırıb ki, Azərbaycan postmüharibə dövründə sülhün əldə olunmasının ali məqsəd olduğunu nəinki təmsil olunduğu beynəlxalq təşkilatlar, eyni zamanda, dəfələrlə Avropa İttifaqının rəhbərliyi qarşısında da tam aydın, sualsız ortaya qoyaraq bu istiqamətdə çoxşaxəli fəaliyyətini davam etdirməkdədir. Ermənistan tərəfi isə bu prosesi nə qədər uzatmağa çalışsa da, daha çox özünə zərər verir. Danışıqların yekununda son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel onu da qeyd edib ki: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”.

“Beləliklə, təşkil olunmuş hər bir görüşdə bütün dünya Azərbaycanı sülhsevər və ədalətə əsaslanan qərarın qəbul olunmasını daha çox istəyən tərəf olaraq qəbul edir”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

banner

Oxşar Xəbərlər