• şənbə, 26 Iyul, 18:03
  • Baku Bakı 34°C

Dünyaya səs salan Şuşa Forumu 

26.07.25 04:14 162
Dünyaya səs salan Şuşa Forumu 

Şuşa Qlobal Media Forumu sözün əsl mənasında adının haqqını vermiş oldu. Prezident İlham Əliyevin dəqiq, aydın, qətiyyətli və müstəqil xarici siyasət kursunu tam dolğun əks etdirən bəyanatları ilə. 

Prezident İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər dünyada böyük rezonansa səbəb olub. Aparıcı media orqanları dövlət başçısının qlobal məsələlər ilə bağlı fikirlərinə geniş yer veriblər. Bununla yanaşı, forum sonrası səsləndirilən bəyanatların əks-sədası olaraq müəyyən proseslərin də şahidi oluruq. 

Mixail Qusmana qarşı qərəzli qərar 

Məsələn, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Müvafiq sərəncamı iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Rusiya Federasiyasının Əməkdar jurnalisti titullarına malikdir, UNESCO-nun Beynəlxalq Kommunikasiyaların İnkişafı Proqramının Rusiya Komitəsinə rəhbərlik edir. Sərəncamda hansısa səbəb göstərilməsə də, Rusiya mediasında bununla bağlı yer alan məlumatlar qərarın haradan qaynaqlandığına aydınlıq gətirir. Qeyd edək ki, Mixail Qusman digər məşhur rusiyalı politoloq Sergey Markovla bərabər Şuşa Qlobal Media Forumuna qatılıb. Qusman Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti haqqında dəyərli fikirlər səsləndirib. Moskva-Bakı münasibətlərində yaşanan soyuqluqdan dolayı onun bu mövqeyinin bəzi rəsmi dairələrin xoşuna gəlmədiyi iddia olunur. Hərbi müxbir Yuri Kotenok Mixail Qusmanın işdən çıxarılmasına münasibət bildirərək onun bakılı olduğunu və Azərbaycanın maraqlarını müdafiə edə biləcəyini xatırladıb. Jurnalistin fikrincə, İlham Əliyevə münasibətinə görə TASS-ın işdən çıxarılan baş direktorunun birinci müavini xarici agentə bərabər tutula bilər. 

“Xarici agent” ovu

Rusiyalı politoloq Sergey Markov da hədəfə alınanlar arasındadır. Qeyd edək ki, o, bu forumu İlham Əliyevin fikirlərini eşitmək və müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaq üçün unikal imkan adlandırıb, həmçinin Azərbaycan lideri haqqında fikirlərini bölüşüb. “Şübhəsiz ki, o, müasir dünyanın ən təcrübəli liderlərindən biridir. Qalib ölkəni təmsil edən lider. Bir çox liderlər ondan bilmək istərdilər ki, qələbənin sirri nədir? Biz də bu sualları prezidentə vermək istəyirik. O, çox müdrik, bacarıqlı rəhbərdir”,-  Markov deyib. Məhz bu fikirlərinə görə, onun da xarici agent elan olunmasına dair çağırışlar səsləndirilir, linç kampaniyası aparılır. 

Rusiyanı “şoka salan” Ukrayna bəyanatı

Azərbaycan Prezidentinin Ukraynada davam edən müharibə ilə bağlı mövqeyi də dünya mediası tərəfindən çox böyük maraqla qarşılanıb. Ukraynalı məşhur jurnalist Dmitro Qordonun Şuşa Qlobal Media Forumunda iştirakı və Prezident İlham Əliyevə ünvanladığı sualın cavabı həm Ukrayna və Rusiyada, həm də Qərb mətbuatında geniş şərh olunmaqdadır. Hətta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qordonun bu tədbirdə iştirakından “şoka düşdüyünü” bəyan edib. Qeyd edək ki, Prezident İlham Əliyevin Ukrayna müharibəsi ilə bağlı “heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq” çağırışı sadə ukraynalılar arasında da böyük rəğbətlə qarşılanıb.

“Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Qordon” nəşri, “Korrespondent”, “Tsensor” informasiya agentlikləri, xəbər portalları və Ukraynanın digər media orqanlarında Azərbaycanın dövlət başçısının fikirləri dərc edilib. Ukrayna mediası, həmçinin Azərbaycanın işğalda olan ərazilərinin müharibə yolu ilə azad edilməsinə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dair fikirlərinə yer ayırarkən yazıblar ki, Prezident İlham Əliyev Ukraynaya heç vaxt işğalla razılaşmamağı məsləhət görüb. “İndi verdiyim cavab o zamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”, - deyə məqalələrdə Prezident İlham Əliyevin çıxışına istinadla yazılır.

Göründüyü kimi, Şuşa Qlobal Media Forumu sözün əsl mənasında adının haqqını vermiş oldu. Azərbaycan Prezidentinin dəqiq, aydın, qətiyyətli və müstəqil xarici siyasət kursunu tam dolğun əks etdirən bəyanatları ilə. 

Azad Əliyev 

 

banner

Oxşar Xəbərlər