• cümə, 19 Aprel, 02:23
  • Baku Bakı 18°C

Deputat: Azərbaycan Ordusu Ermənistanın heç bir ərazisinə müdaxilə etməyib

20.01.23 19:30 808
Deputat: Azərbaycan Ordusu Ermənistanın heç bir ərazisinə müdaxilə etməyib

Avropa Parlamentinin yanvarın 18-də qəbul etdiyi qətnamə ötən ilin hesabatına qiymət vermək xarakteri daşıyır. Amma həmişə olduğu kimi yenə də burada birtərəfli, həqiqətə uyğun olmayan anti-Azərbaycan mövqelər də var. Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi tutmasının səbəbini biz yalnız erməni sevgisi ilə izah edə bilmərik. Burada ola bilsin ki, daha dərin məqamlar var. O cümlədən Qafqazda nüfuz məsələsində Rusiya ilə onların açıq və gizlin savaşı da burada öz əksini tapıb. Qətnamədə açıq aydın göstərilir ki, Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması və orada öz nüfuzunun yerləşdirilməsi onların gündəliyində duran məsələdir. Amma məsələ burdadır ki, Avropa Parlamentinin bu qətnaməsi də bölgədə sülhün, əməkdaşlığın və tərəqqinin bərpasına və yaxud inkişafına yönəlməyib. Qətnamə bölgədəki gərginliyi daha da qızışdırmaq və ədalətsiz Ermənistan mövqeyi tutmaqla davamlı sülh müqaviləsinin imzalanmasına əngəl törətmək məqsədilə hazırlanıb.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Avropa Parlamentinin birtərəfli qaydada guya Ermənistan-Azərbaycan sərhədinə monitorinq qrupu göndərməsi, o qrupun heç bir mandatı olmadığı halda fəaliyyət göstərməsi yenə də burada öz əksini tapır. Amma Azərbaycanın razılığı olmadan hər hansı bir monitorinqin aparılmasının heç bir hüququ əsası yoxdur və Azərbaycanın üzərinə heç bir öhdəlik qoymur. Digər tərəfdən onlar yenə də sentyabrın 12-də baş verən hadisələri Azərbaycanın Ermənistana hərbi təcavüzü kimi qiymətləndirirlər. Bu da açıq-aşkar yalan və böhtandır. Azərbaycan ermənilərin növbəti təxribatının qarşısını almaq üçün müəyyən hərbi əməliyyatlar həyata keçirməyə məcbur oldu. Azərbaycan Ordusu Ermənistanın heç bir ərazisinə müdaxilə etməyib, tələbləri də pozmayıb.

“Bundan əlavə, Ermənistanın ərazi bütövlüyünü vay-şivənlə qabağa çəkən Avropa Parlamenti niyə 2020-ci il noyabrın 10-da imzalanan bəyanatdakı bəndlərin Ermənistan tərəfindən yerinə yetirilmədiyinə diqqət çəkmir? Məhz həmin bəndlərdə Ermənistan-Azərbaycan arasındakı sərhədlərin müəyyənləşdirilməsi delimitasiya və demarkasiya prosesi barədə də müddəalar var idi. Azərbaycan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq Ermənistan tərəfinin sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı hələlik real addımları yoxdur. Digər tərəfdən Ermənistan müxtəlif bəhanələrlə danışıqları pozmağa çalışır. Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Avropa İttifaqı səviyyəsində aparılan görüşlər Ermənistanın pozuculuq fəaliyyəti nəticəsində davam etmədi, pozulmuş oldu. Ermənistan heç bir əsası olmadan həmin görüşlərdə Ermənistanın bacısı Fransa Prezidentinin iştirakını da irəli sürüb. Yəni, bunun heç bir hüquqi əsası da yoxdur. Avropa Parlamenti yaxşı olardı ki, bu xüsusiyyətlərə diqqət yetirsin”, - deyə Musa Quliyev qeyd edib.

Onun sözlərinə görə, Avropa Parlamenti guya ki, Qarabağdakı ermənilərin hüquqlarının müdafiəçisi kimi çıxış edir və narahatlığını bildirir. Bununla da bağlı heç bir əsas yoxdur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşları kimi hüquq və azadlıqlara mənsubdurlar və bu, Azərbaycan tərəfindən təmin olunur. Avropa Parlamentinin bu bəyanatı da, ondan əvvəlki olan bəyanatları və qətnamələri kimi heç bir hüquqi əhəmiyyət daşımır və Azərbaycanın qarşısında heç bir öhdəlik qoymur. Yəqin ki, bu da növbəti kağız qalağından başqa bir şey olmayacaq.

banner

Oxşar Xəbərlər