• bazar, 13 Oktyabr, 11:35
  • Baku Bakı 18°C

Daha çox oyun, daha çox gəlir

24.08.24 01:18 1851
Daha çox oyun, daha çox gəlir

Avrokubokların yeni formatda keçirilməsi bir sıra yeniliklərə səbəb olacaq. Yeni formatda avrokubokların daha rəqabətli olacağı ehtimal olunur. İlk turlardan güclü kollektivlərin üz-üzə gəlmə ehtimalı oyunların baxımlılığını da artıracaq.

UEFA-nın 2022-ci ilin mayında qəbul etdiyi qərara əsasən, bu mövsümdən avrokuboklarda yeni format tətbiq olunacaq. Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) qrup mərhələləri ləğv edilir. Əvəzində hər turnir liqa formatında təşkil olunacaq.

Komanda və oyun sayı artır

Üç avrokubok yarışının hər birinin əsas mərhələsində 36 komanda iştirak edəcək. Daha əvvəl bu say 32 idi. Beləliklə, bu mövsümdən turnirlərin liqa mərhələsində oynamaq hüququ əlavə 12 komandaya da nəsib olacaq. Eyni zamanda, yarışlar arasında əsas mərhələlər üzrə keçidlər aktuallığını itirəcək. Yəni əgər indiyə qədər ÇL-in qrup mərhələsində üçüncü olan komanda AL-də mübarizəni davam etdirmək imkanına malik olurdusa, qrup mərhələləri ləğv edildiyindən bu, mümkün olmayacaq. Lakin təsnifat mərhələlərində keçidlər olduğu kimi qalır.

Komanda sayı ilə yanaşı, oyun sayında da artım olacaq. Məsələn, Çempionlar Liqasında əvvəllər hər iştirakçı minimum altı oyun keçirirdisə, bu mövsüm say səkkizə çatacaq. 36 komanda püşkatma öncəsi reytinqlərinə görə hərəsində doqquz kollektivin olduğu dörd səbətə bölünəcək. Hər klub hər səbətdən iki fərqli komanda ilə dördü evdə, dördü səfərdə olmaqla səkkiz oyun keçirəcək. Ev-səfər prinsipləri də səbətlər əsasında müəyyənləşəcək. Əvvəl qruplar formalaşdırılanda klub hər səbətdən yalnız bir komandaya rəqib ola bilirdisə, yeni mövsümdən özü ilə eyni səbətdə yer alan kollektivlərlə də qarşılaşmalı olacaq. Bu, liqa formatında favoritlərin erkən oynamasını məcburi edir. Güclülər yalnız nisbətən zəiflərlə deyil, bir-birləri ilə də üz-üzə gələcəklər. Eyni zamanda, nisbətən zəiflər yalnız güclülərlə yox, özləri ilə eyni səviyyədə olanlarla da qarşılaşacaqlar.

Səkkiz turdan sonra...

Liqada səkkiz turdan sonra ümumi turnir cədvəlinin 1-8-ci pillələrində qərarlaşan komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutanlar 1/8 finala yüksəlmək üçün ev-səfər prinsipi ilə pley-off oyunları keçirəcəklər. 25-ci və daha aşağı pillələri tutan kollektivlər isə avrokubokda çıxışı başa vuracaqlar.

Avropa Liqasında da format Çempionlar Liqasındakı kimidir. Konfrans Liqasında isə bir fərq var: komandalar səkkiz deyil, altı fərqli rəqiblə üz-üzə gələcəklər.

Klublar “qış yuxusuna” getməyəcək

Liqa mərhələsində oyun sayı artdığı üçün bu, təqvimə də təsir edəcək. İlk dəfə yanvar ayında avropkubok oyunları keçiriləcək. ÇL və AL-in Liqa mərhələsi oyunları sentyabr-yanvar, KL oyunları isə sentyabr-dekabr ayları aralığında oynanılacaq. UEFA-nın üç klub yarışının hər birində bir eksklüziv matç həftəsi olacaq, digər iki yarış isə bu həftəyə planlaşdırılmır.

Standart həftələrdə ÇL qarşılaşmaları çərşənbə axşamı və çərşənbə günləri, AL və KL görüşləri isə cümə axşamı baş tutacaq. Çempionlar Liqasının eksklüziv həftəsində turnirin oyunları çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri oynanılacaq. Avropa Liqasının eksklüziv həftəsində yarışın oyunları çərşənbə və cümə axşamı keçiriləcək. Konfrans Liqasının eksklüziv həftəsində turnirin oyunlar cümə axşamı baş tutacaq.

Artan gəlirlər

Oyun sayının çoxalması daha çox reklam və yayım gəliri anlamına gəlir ki, bu da UEFA-nın turnirlər üçün mükafatları da çoxaltması deməkdir. Üstəlik, böyük klubların qitə futbol qurumuna təzyiqləri, xüsusən Çempionlar Liqasının Avropa Super Liqası ideyasına yaxınlaşması ilə klublara ödənəcək pullar çoxalıb.

Çempionlar Liqasının əsas mərhələsinə yüksələn hər kollektiv 19 milyon avroya yaxın məbləğ əldə edəcək. Artıq turnirin pley-offunda yarışan “Qarabağ” buna görə 4,3 milyon avro əldə edib. Liqa mərhələsində hər qələbə 2,1 milyon avro, heç-heçə isə 750 min avro qazancdır. Turnirin qalibi isə büdcəsini əlavə 25 milyon avro zənginləşdirəcək.

Avropa Liqasının qrupunda hər qələbə 450 min avro, heç-heçə 150 min avro qiymətindədir. Bu turnirin qalibi isə 13 milyon avroya sahib çıxacaq. Konfrans Liqasının əsas mərhələsində iştirak klublara 3,17 milyon avro qazandıracaq. Azərbaycan təmsilçilərindən hazırda pley-offda olan “Zirə” buna çox yaxındır. KL-in qalibi isə yeddi milyon avro mükafata sahib çıxacaq.

Yeni formatın futbolumuza təsiri

Ümumi iştirakçı sayının artması Azərbaycan üçün də əlavə şanslar yaradıb. Son illər klublarımız Avropa Liqasından kənar qalırdılarsa, bu mövsümdən ölkə kubokunun qalibi AL-də mübarizə aparmaq hüququna malikdir. “Zirə” məhz orada çıxış etdikdən sonra, Konfrans Liqasına keçid etdi. Mübarizəyə Avropa Liqasından başlamaq komandalara əlavə şans verir ki, son illər klublarımız bundan məhrum idilər. Ümumi iştirakçı sayının artması nisbətən zəif futbol ölkələrinin mənafelərinə uyğundur. Bu mövsüm pley-offda bir neçə debütantın olması bunun göstəricisidir. Mükafat fondunun yüksəldilməsi isə böyük klubların işinə yarıyır.

Ümumilikdə yeni formatda avrokubokların daha rəqabətli olacağı ehtimal olunur. İlk turlardan güclü kollektivlərin üz-üzə gəlmə ehtimalı turnirlərin baxımlılığını da artıracaq. Lakin daha geniş təhlillər, formatın özünü doğruldub-doğrultmaması ilə bağlı müfəssəl fikirlər səsləndirmək üçün ən azı bir mövsümün yekunlaşması lazımdır.

banner

Oxşar Xəbərlər