• cümə axşamı, 18 aprel, 05:57
  • Baku Bakı 15°C

Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdir

14.06.13 09:27 9926
Cipsilər uşaq bədəni üçün zəhərə bərabərdir
Kartof cipsiləri yalnız ölkəmizdə deyil, bütün dünyada istər uşaqların, istərsə də böyüklərin ən çox sevdiyi və tükətdiyi məhsullar içində yer alır. Sevildiyi və çox satıldığı üçün, bu gün müxtəlif tərkibli cipsilər dükanların vitrinlərini bəzəyirlər. Qiymətləri 40 qəpikdən başlayaraq artan bu məhsulları bir çox ekspertlər uşaqların həyatında əsl təhlükə mənbəyi hesab edir. Bütün uşaqların sevimli qidasına çevrilən kartof cipsiləri əslində bu kiçik bədənlər üçün zəhərə bərabərdir. Təsadüfi deyil ki, insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları siyahısında cipsilər birinci yer tutur. Mütəxəssislər hesab edir ki, kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng riskini artıraraq uşaqların gələcəyini məhv edir.
Cipsilər piylənməyə səbəb olur
Pediatr Mehriban Cəlilovanın sözlərinə görə, uşaqlarda yaranan piylənmə onların həyatında yaşlılara nisbətən daha təhlükəli fəsadlar törədir: “Araşdırmalara görə, cipsinin uşaqlarda yaratdığı ən böyük fəsad piylənmədir. Uşaq orqanizmi yenicə inkişaf etməyə başladığı üçün bu dövrdə piylənmə gələcəkdə səhhətində ciddi problemlər yaradır. Onlarda piylənmənin yaratdığı problemlər zaman keçdikdən sonra şəkər və başqa ciddi xəstəliklərə yol aça bilər. Bununla yanaşı piylənmə qanda xolesterinin miqdarını artırır”.
Siqaret qədər təhlükəlidir
Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ istehlak etməsi lazımdır. Lakin, gündə 2 paket cipsi yeyən uşaq bu nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə, onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ nisbətinin 20 qramı aşmaması lazımdır. “Siqaret qədər təhlükəli olan” işlənmiş yağların isə heç istehlak edilməməsi vurğulanır. Uşaqlarımızın yediyi 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var. Dünyada satılan kartof cipsilərinin üzərində yazılmadığı üçün hansı nisbətdə işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq kartof cipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3 qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür desək, gündə 100 qramlıq iki paket cipsi yeyən uşaq əslində bir yetkin şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur. Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz, ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır. Bununla yanaşı, kartof cipslərinin yağda qızardılması əsnasında ortaya çıxan "akrilamid" adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi müzakirələr aparılır.
“Cipsi yemək yağ içməyə bərabərdir”
Xatırladaq ki, bu araşdırmalardan sonra Böyük Britaniya ölkədə cipsi satışını qadağan etdi və “Cipsi yemək yağ içməyə bərabərdir” şüarıyla kompaniya başlatdı. Təşkilata görə, 35 qramlıq cipsi paketində 2,5 çay qaşığı yeməli yağdan istifadə edilir. Hər il dünyada 36 milyarda paket cipsi satılır, bu o deməkdir ki, cipsilərdə istifadə edilən yağ ilə gündə iki Olimpik üzmə hovuzu doldurula bilər.
Azərbaycanda da cipsilərə olan tələbat ürək açan deyil. Belə ki, ərzaq məhsulları satılan mağazalara yollandıq və cipsi satışı ilə bağlı satıcılarla söhbətləşdik. Onlar bizimlə söhbətində, cipsilərin ən çox satılan qidalar arasında olduğunu söylədilər: “Cipsilərin müştəriləri ən çox məktəb uşaqları olur və ən çox ədviyyatlı cipsilər, suxarilər alırlar”.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısını açıqlayıb. Məktəblərdə və bağçalarda qadağan edilən siyahıların içində cipsilər də yer alır. Məktəb bufetlərindən cipsi ala bilməyən uşaqlar dükanlardan alaraq ehtiyaclarını ödəyirlər.
“Cipsi satışı dayandırılmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində cipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə edildiyini bildirdi: “Bu mövzuda daim bu işlə məşğul olan dünyanın bütün təşkilatları, o cümlədən beynəlxalq istehlakçılar təşkilatı Azad İstehlakçılar Birliyinə və digər yerli nümayəndələrə məlumatlar verirlər ki, uşaq müəssisələrində, məktəb bufetlərində o cümlədən «Mc Donalds» şəbəkələrində kartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə son qoyulsun. Çünki, bu cür şəbəkələrdə satılan cipsilər GMO məhsullardır və üstəlik duzlu və qovurulmuşdur. Bunlar orqanizmdə müəyyən fəsadlar yaratdığı üçün Dövlət orqanlarının məktəb bufetlərində apardığı araşdırmaları və yaratdığı standartı mən zəruri hesab edirəm”.
E.Hüseynovun sözlərinə görə, təşkilat olaraq belə məhsulların satışının qarşısını almaq üçün müəyyən işlər görülməsinə baxmayaraq yaxşı nailiyyət əldə etmək mümkün deyil: “Çünki, istehlakçı hüquqlarını qoruyan dövlət orqanlarının bu sahədə işlərini çox zəif hesab edirəm. Dövlətin orqanlarını kiçik yaşlı uşaqların xeyrinə qərarlar qəbul edir, lakin onu icra edən orqanlar işlərini düzgün yerinə yetirmirlər. Mən düşünürəm ki, cipsilər yalnız məktəb bufetlərində deyil, ölkədə də tamamilə ləğv edilməlidir”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər