• çərşənbə axşamı, 03 dekabr, 15:43
  • Baku Bakı 8°C

Cəbrayıla növbəti köç

30.11.24 00:38 382
Cəbrayıla növbəti köç

Köçürülən ailələrin Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Onlara yeni evlərin açarları təqdim olunub. 

Cəbrayıl şəhəri dünən 40 ailə olmaqla, daha 200 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr doğma yurdlarına qovuşublar.

Bütün şərait yaradılıb

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Açarlar və təlimatlar 

Yeni gələn ailələrə evlərinin açarları da təqdim olunub. Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr açarları təhvil alıb, evlərində məskunlaşıblar. 

"O qədər sevinirəm ki..."

Cəbrayıla köçürülən keçmiş məcburi köçkünlər qayıdış sevinclərini mətbuat nümayəndələri ilə bölüşüblər. "Cəbrayılımıza köçürük - 30 ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız azad olundu. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun", - deyə keçmiş məcburi köçkün Səkinə Musayeva oxu.az-a bildirib. "O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Allah Prezidentimizə uzun ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o əlavə edib.

Cəbrayıl şəhərinə köçən digər sakin Kərimov deyib ki, bu rayonda anadan olub: "Orada yaşamışam, ömrümün çoxu - uşaqlığım, cavanlığım orada keçib. 30 illik həsrətdən sonra yenidən qayıdıram. Söz vermişəm, çatan kimi torpağımı bağrıma basacağam. Cəbrayılıma qurban olum. O qədər sevinirəm ki, heç danışa da bilmirəm".O, bu günü onlara nəsib edən vətən övladlarına minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.

30 minə yaxın insan yaşayır

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

banner

Oxşar Xəbərlər