• cümə, 29 Mart, 10:05
  • Baku Bakı 5°C

BMT-nin su ehtiyatları üzrə konfransı keçiriləcək

18.03.23 22:00 627
BMT-nin su ehtiyatları üzrə konfransı keçiriləcək

2023-cü il üçün su ehtiyatları üzrə BMT-nin konfransı martın 22-24-də bu təşkilatın mənzil qərargahında keçiriləcək. Tədbir 2030-cu ilədək su təhlükəsizliyinin və sanitariya xidmətlərinin təmin edilməsi sahəsində tərəqqinin sürətləndirilməsi üçün unikal imkandır. Su ehtiyatları dayanıqlı inkişafın əsas amilidir və Yer kürəsində həyatın bütün aspektlərini dəstəkləyir. Təhlükəsiz və təmiz suya əlçatanlıq təməl insan hüquqlarından biridir. Bununla yanaşı, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, onilliklər ərzində su ehtiyatları sahəsində təsərrüfatsızlıq və onlardan düzgün istifadə olunmaması həyatın bir çox sahələrinə mənfi təsir edən böhrana gətirib çıxarıb.

Su insanların rifahının təmin edilməsində, enerji və ərzaq məhsulları istehsalında, sağlam ekosistemlərdə, gender bərabərliyində, yoxsulluğun səviyyəsinin azaldılmasında və bir çox başqa sahələrdə çox mühüm əhəmiyyətə malikdir. Bununla belə, hazırda bəşəriyyət qlobal su böhranı ilə qarşılaşır. Bütün dünyada milyardlarla insan əvvəllər olduğu kimi, su çatışmazlığından əziyyət çəkir. Hesablamalara görə, təhlükəli su, pis sanitariya və gigiyena şəraiti ilə əlaqədar meydana gələn xəstəliklərdən hər il 800 mindən çox insan ölür. Bu qiymətli ehtiyata tələbat da artır; 4 milyarda yaxın insan ildə ən azı bir ay kəskin su çatışmazlığından əziyyət çəkir.

İqlim dəyişikliyi nəticəsində sel və daşqınlar, quraqlıq halları da artır. Bu fəlakətlər dayanıqlı inkişafa, biomüxtəlifliyə, həmçinin insanların su və sanitariya xidmətləri ilə təmin edilməsinə mənfi təsir göstərir. Ümumdünya Meteorologiya Təşkilatının son hesabatına görə, 2000-ci ildən bəri daşqınlar 134 faiz, davamlı quraqlıq isə 29 faiz artıb. Su ehtiyatları, həmçinin iqlim dəyişikliyi probleminin həllində də açar rolu oynaya bilər. Karbon qazının atmosferə emissiyasının qarşısını ətraf mühitin mühafizəsi yolu ilə almaq mümkündür. Bununla yanaşı, torf və su-bataqlıq zonalarının genişləndirilməsi və kənd təsərrüfatında dayanıqlı metodların tətbiqi içməli su ehtiyatları üzərində olan təzyiqi azaldacaq, su təchizatı və sanitariya infrastrukturunun yaxşılaşdırılması isə gələcəkdə hər kəsin suya əlçatanlığı probleminin həllinə kömək edəcək. Su ehtiyatları milli hökumətlərin iqlim siyasəti və fəaliyyət proqramlarının mərkəzində olmalıdır.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini və 2023-cü il su ehtiyatları konfransının baş katibi Li Tsyuxua bildirib ki, bu tədbirdə qətiyyətli qərarlar qəbul ediləcək və sözügedən problemlə bağlı genişspektrli müzakirələr aparılacaq.

Konfransda dövlət və hökumət başçıları, nazirlər və maraqlı tərəflər iştirak edəcəklər. Tədbirin əsas yekun sənədlərindən biri isə su ehtiyatları üzrə gündəliyin təsdiqi olacaq. Bu sənəd üzv ölkələrin, maraqlı tərəflər və özəl sektor təmsilçilərinin mövcud problemlərin həlli istiqamətində öhdəliklər götürməsini ehtiva edir. Konfrans çərçivəsində beş mövzuda interaktiv dialoqlar da aparılacaq.

banner

Oxşar Xəbərlər