• çərşənbə axşamı, 23 aprel, 15:54
  • Baku Bakı 24°C

Biz ondan doymadıq… - ANIM

27.01.24 02:28 8539
Biz ondan doymadıq… - ANIM

Əməkdar artist Niftulla Əsgərov yaddaşlarda gülərüz və müsbət insan kimi qalıb. Həmkarları deyirlər ki, iş prosesində də heç vaxt problem yaratmayıb. Baxmayaraq ki, özünün ciddi problemləri olub. 

Lənkəran Dövlət Dram Teatrı Əməkdar artist Niftulla Əsgərovla vidalaşdı. Dostları, sənət yoldaşları, doğmaları inanırdı ki, o, bir gün xərçəngə qalib gələcək və yenidən səhnəyə qayıdacaq. Ancaq aktyor sağlığında sevərək oynadığı səhnədən son mənzilə yola salındı. Niftulla Əsgərov doğulub böyüdüyü Girdəni kəndində torpağa tapşırıldı...

Onu yola salmağa çox adamlar gəlmişdi - sənət dostları, rayon ictimaiyyəti, vəzifəlilər, teatrsevərlər... Hamısının da dilindən böyük təəssüf hissi ilə bir fikir səsləndi: “Heyf ki, biz onu itirdik!”

Vidalaşmağa gələnlər onu da qeyd edirdilər ki, mərhum aktyor istedadlı olduğu qədər də mehriban və səmimi insan olub. Rollarını ürəkdən və fədakarlıqla oynadığı üçün tamaşaçılar ona inanıb.

N.Əsgərov 2018-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Lənkəran Dram Teatrının səhnəsində oynadığı çoxsaylı rollara sonradan kinoseriallardakı obrazları da rəngarənglik qatıb, yaradıcılığını zənginləşdirib.  

“Bizim Əhməd haradadır?”, “Bayram axşamı”, “Vəziyyət rusca”, “Elçilik”, “Xalxın evi” kimi müasir komediya filmlərindəki xarakterik rolları onu auditoriyaya fərqli ampluada sevdirib.

N.Əsgərov səhnəsinə 1995-ci ildə üz tutduğu Lənkəran Teatrından şəxsi səbəblərdən bir müddət uzaqlaşıb. Xalq artisti Qabil Quliyev təəssüflə bildirir ki, teatrdan uzaqlaşması əslində N.Əsgərovun ziyanına olub: ”Kollektivdə işləyirdi, rolları vardı, hamı da hörmətini saxlayırdı. Teatra yenidən qayıdanda isə artıq xəstə idi...”

Kommersiya kinosunun siması

“Niftulla müəllim uzun illər Lənkəran Teatrında çalışıb, müxtəlif rollar oynayıb. Sonradan isə Azərbaycan kommersiya kinosunun simasına çevrilmişdi”, - deyə Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı danışır: “Lənkəran teatrında Niftulla müəllimi sevənlər çox idi. Həm kollektiv, həm də teatrsevərlər tərəfindən sevilirdi”. İ.Hacılı xatırlayır ki, N.Əsgərov 1995-ci ildən teatrda işləməyə başlasa da, sonradan müəyyən fasilə onu teatrdan ayırıb: “2023-cü ilin mart ayında yenidən teatra qayıtması üçün müraciət etdi. Biz onu məmnuniyyətlə yenidən teatra qəbul etdik. O əməliyyat keçirmişdi, sağalmaq üzrə idi. Bizim fikrimiz vardı ki, onun üzərində monotamaşalar, komediyalar quraq. Tamaşaçılar yenidən onu səhnədə görsün. Amma xəstəliyi yenidən kəskinləşdi və əməliyyat olundu. Teatrın kollektivi ona baş çəkməyə getdi, o, yenə də hamını mehribanlıqla, həmişəki kimi gülər üzlə qarşılamışdı. Amma sonra bu acı xəbəri eşitdik…”

“Həyatda nə qədər şən, gülərüz idisə...”

Əməkdar artist Sucəddin Mirzəyev mərhum həmkarını istedadlı və teatra böyük məhəbbəti olan insan kimi xatırlayır: “Həyatda nə qədər şən, gülərüz idisə, səhnədə də o qədər nikbin idi. Tamaşada bəzən əsərin sözlərini yaxşı xatırlamırdı: “Yadımda saxlaya bilmirəm”, - deyə improvizə edirdi. Müəllif sözləri bir yana, onun ifası improvizə ilə adama o qədər ləzzət edirdi ki, tamaşanın qurtarmasını istəmirdin. Səhnədə onunla tərəf-müqabil olanda adam yorulmurdu. Mən tərəf-müqabil kimi ondan doymurdum. Niftulla həyat eşqi yüksək olan insan idi. Onunla üz-üzə gələndə qeyri-ixtiyari üzünə təbəssüm qonurdu, onunla zarafatlaşmaq, deyib-gülmək, “sancmaq” istəyirdin”. S.Mirzəyəv hesab edir ki, həmkarının sənət potensialı tam açılmadı: “O, teatra gec gəldi. Əvvəl mədəniyyət sahəsində işləyirdi. Sonradan bildik ki, bizim rayonda teatra  həvəsi olan belə istedadlı insan var. Amma o teatra olan potensialını tam nümayiş etdirə bilmədi. Niftulla bəlkə bundan sonra da oynayardı, 65 yaş nədir ki… O, mənə “ağsaqqal, salam” deyəndə, mən ona “gənc, necəsən?” deyirdim”. Baxmayaraq ki, 5-6 yaş fərqimiz vardı. O, bu sənətə gəlişi ilə elə bil gənclik illərini yaşayırdı. Niftullanın həyat eşqi, yaşamaq eşqi vardı. Biz ondan doymadıq…”

“Lənkərana qonaq gəlin…”

“My name is İntiqam” komediya filmində birgə çəkildiyi sənət dostu, Əməkdar artist Teymur Məmmədov N.Əsgərovun ölümünü Azərbaycan teatrı və kinosu üçün itki hesab edir: “Mehriban, sakit adam idi. Fəxri adı da eyni vaxtda almışdıq. İstedadlı aktyor idi. Rejissorlar onunla işləməyi xoşlayırdılar. Zarafatcıl idi, yumoru vardı. Kimi görürdüsə, “Lənkərana qonaq gəlin” deyirdi.

“Xalxın evi” serialındakı tərəf-müqabillərindən olan Əməkdar artist Çingiz  Əhmədov mərhum aktyoru səmimi və təmkinli insan kimi xatırlayır: “Xalxın evi” serialı 3 mövsüm ərzində çəkildi. Biz onunla üç il dalbadal bir serialda oynadıq. Niftulla müəllim mənim atamın rolunu oynayırdı. Həmin müddətdə onu çox səmimi insan kimi tanıdım. Elə sənətkarlar çox az olur. O, səliqəli, təmkinli bir insan idi. Heyf ki, aramızdan tez getdi…”  

Professor, necəsiniz?

Lənkəran Teatrında vaxtilə baş rejissor işləyən Tural Mustafayev mərhum aktyorla quruluş verdiyi “Ruhlar” tamaşasında işləyib: “Bakıdan Lənkərana gedəndə məni elə mehribanlıqla qarşıladı ki, heç vaxt unuda bilmərəm. Niftulla müəllim yadımda gülərüz və müsbət insan kimi qalıb. İş prosesində də heç vaxt problem yaratmazdı. Baxmayaraq ki, özünün problemləri vardı, amma biz bunu məşq prosesində hiss etməzdik”. Rejissor bildirir ki, mərhum aktyor onun hazırladığı “Ruhlar” tamaşasında professor rolunda oynayıb. Bu, onun ən yaddaqalan rollarından olub: “Həmişə ona “Professor” deyirdim. Bakıya qayıdandan sonra da zəngləşib hal-əhval tutanda “Professor, necəsiniz?” deyə soruşurdum. Niftulla müəllim xarakterik aktyor idi. O, ikinci dərəcəli rolları elə oynayırdı ki, bütün diqqət ona yönəlirdi. İstedadlı aktyor kiçik rolu böyük rola çevirə bilir. Niftulla müəllim də belə aktyorlardan idi”.

Təranə Məhərrəmova 

 

banner

Oxşar Xəbərlər