• cümə axşamı, 28 mart, 17:18
  • Baku Bakı 16°C

“Balaca kişilər”in böyüməsi - TEATR

10.06.23 01:30 14389
“Balaca kişilər”in böyüməsi - TEATR

“Balaca kişilər” tamaşasında müasir qəhrəmanların tarixi obrazlarla vəhdəti xüsusi diqqət çəkir. Gözlənilməyən anda Şah İsmayıl Xətai, İbrahimxəlil xan, Hüseynqulu xan, Cavad xan zühur edir. Real hadisələr əsasında qurulan tamaşada gənclərimizin həyatla müharibə arasında yaşadıqları yüksək peşəkarlıqla səhnələşdirilib.

Çoxdandır “niyə teatr səhnələrində 44 günlük müharibəni əks etdirən yaxşı tamaşalar qoyulmur” deyə sual edirdik. Ötən il bu mövzuda “Balaca kişilər” tamaşasının da məşqlərinə başlanıldığını eşitdik. Budur, gözlənilən tamaşanın premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Müstəqillik günü ərəfəsində – mayın 27-də ürəklərə bir su kimi səpildi. Bu ürəyə səpilən su, həm də göz yaşı damcıları idi...

Səhnədə oyun, zalda həqiqət

Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahim, döyüş və fəndlərin quruluşçusu İsa Əsədov, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşa Nicat Kazımovun ifasında İlqar Fəhminin “Balaca kişilər” poemasının səsləndirilməsi ilə başlayır. Yan divarda poemanın videoçarxına diqqətlə, nəfəs almadan baxırıq. Çoxlarının ümid və inamını kəsdiyi gəncliyin sosial şəbəkələrdən, əyləncəli və şən həyatdan, təhsildən ayrılıb necə silaha sarılıb cəbhəyə getməsini izləyirik. Əslində, elə ilk andan tamaşa izləyiciləri səhnəyə bağlayır. Zalda sükutdur. Amma tamaşa boyu hər şəhid xəbərində zalda oturan şəhid analarının hıçqırtısı və “anan ölsün, ay bala” deyə reaksiyaları eşidilir. Səhnə və zal arasında ahəng yaşanır. Səhnədə oyun, zalda həqiqət. Amma oyun da həqiqət idi. Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev,  Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev rollarının öhdəsindən yüksək peşəkarlıqla gəlirlər. Erməni obrazını yaradan Şövqi Hüseynov “Fəryad” filmində mərhum Xalq artistimiz Məlik Dadaşovun oyununu xatırladır.

Tarixlə bu günün vəhdəti

Tamaşada müasir qəhrəmanların tarixi obrazlarla vəhdəti xüsusi diqqəti çəkir. Gözlənilməyən anda səhnədə Şah İsmayıl Xətai, İbrahimxəlil xan, Hüseynqulu xan, Cavad xan zühur edir. Öncə tarix boyu etdikləri səhvləri sadalayır, bir-birini mühakimə edir, sonda isə yeni nəslə yeni nəfəs üfürür kimi qəhrəmanlıq ruhu verir, damarlarında axan cəngavər qanını oyadırlar. Tamaşada insanın düşdüyü bütün psixoloji durumlar – müharibə və ölüm qarşısında yaranan qorxu, həyəcan, ümidsizlik, inamsızlıq, bunun ardınca vulkan kimi püskürən mübarizlik, qətiyyətlilik, zəfər çalmaq arzusu – hamısı peşəkarlıqla izləyiciyə ötürülür. Real hadisələr əsasında qurulan tamaşada gənclərimizin həyatla müharibə arasında yaşadıqları yüksək peşəkarlıqla səhnələşdirilib. 

“Gənc nəslin yanğısı, coşqusu mənə çox təsir etmişdi”

Əsərin müəllifi İlqar Fəhmi deyir ki, müharibə başlayanda xalqın birliyi, xüsusilə də, döyüşə can atan gənc nəslin yanğısı, coşqusu ona çox təsir etmişdi: “Həmin vaxt “Balaca kişilər” mini-poeması yarandı. Onun əsas ideyası, məğzi insanın qısa müddətdə qəfil uşaqlıqdan fədakarlıq etməyi öyrənərək böyük bir insana çevrilməsi idi. Bu proses adi halda illərlə çəkir. Amma bizdə müharibə başlayanda bu, çox qısa müddətdə baş verdi. Poema da bu ideyanın üzərində qurulub. Pyesin də əsas məğzi bu idi. Təbii ki, müharibə mövzusunda yüzlərlə pyes yazmaq olar. Amma bizim məqsədimiz, qoyulan problem məhz bu duyğuları açmaq idi. Deyə bilərlər ki, niyə orada bizim xüsusi təyinatlılarımızın qəhrəmanlığı, Şuşanı azad edən igidlərimizin şücaəti, dronlar yoxdur. Qeyd etdiyim kimi, məqsədimiz insanın bir anın içində böyüməsi və bunun psixoloji tərəfləridir. Sanki insanın daxilində partlayış baş verir, tarixi kökləri oyanır, gen yaddaşı geri qayıdır. Hər birimizin daxilində bu qəhrəmanlığa aparan yolda açılmasını gözləyən bir qapı var. Pyes də məhz həmin qapının açılması barədədir”. 

Poemanın qəhrəmanları pyes qəhrəmanlarına çevrildi

Rejissor Nicat Kazımov deyir ki, döyüşlər yeni başlayan dövrdə həyat yoldaşı sosial şəbəkədə İlqar Fəhminin paylaşdığı “Balaca kişilər” şeirini görüb və ona göstərib: “Oxudum, çox toxundu. “Mədəniyyət” kanalı və Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə onu səsləndirib, klip çəkdik. Klip müharibə boyu kanallarda səslənirdi. Sonra İlqar Fəhmiylə belə qərara gəldik ki, poemanın qəhrəmanları pyes qəhrəmanlarına çevrilsin. Tarixi personajların pyesə əlavə olunmasını isə mən istədim. Çünki 44 günlük savaş dövründə əcdadlarımızın ruhu da bizimlə birləşmişdi. Pyes ərsəyə gəldi, teatrda keçirilən müsabiqədə qalib oldu. Tamaşanın məşqlərinə ötən il başlanılmışdı. Eyni zamanda, “Kod adı V.X.A.” tamaşasının məşqi gedirdi. Həm də bir qədər maddi sıxıntılarımız olduğu üçün premyera bir qədər ləngidi. Tamaşa bütövlükdə teatrın öz hesabına, heç bir yerdən maddi dəstək almadan hazırlandı”. 

Evlərə tavan olan ağaclar

Səhnədə çox nəhəng, kökləri hər tərəfə yayılan bir ağac var. Rejissor onunla bağlı da fikirlərini danışdı: “İlk dəfə Şuşaya gedəndə yol boyu dağılıb-tökülmüş xarabalıqlarda ağacların olmadığını, amma tavansız evlərin içində ağacların bitdiyini və onların evlərə sanki bir tavan olduğunu gördüm. Bu mənzərə mənə çox pis təsir etmişdi. Onu səhnədə görmək istədim, tamaşanın rəssamı Vüsal Rahim onu maraqlı formada səhnəyə gətirdi. Şəhidlərimiz də bizim və gələcəyimizin köklərinə çevrildi. Biz Vətən müharibəsində iştirak edən, şəhid olan hər kəsə borcluyuq. Onlar itirilmiş torpaqlarla birgə bizim itirilmiş qürurumuzu qaytardılar”.

Tamaşa izləyicilərin iyirmi dəqiqədən çox davam edən ayaqüstü alqışı ilə yekunlaşdı... 

Xanım Aydın

banner

Oxşar Xəbərlər