• cümə, 29 Mart, 18:34
  • Baku Bakı 14°C

Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə xidmət edir

18.03.23 19:30 691
Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə xidmət edir

Azərbaycan dünyaya düşünülmüş və gələcəyə hesablanmış siyasətini özündə ehtiva edən təkmil inkişaf modelini təqdim edir. Bu isə ölkəmizin iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşması, yeni çağırışlara cavabların tapılması məhz ölkəmizdə müzakirə edilir. Ötən il IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” mövzusu müzakirə edildisə, X Qlobal Bakı Forumu yeni çağırışlara yaranan ehtiyacı açıqladı. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusu ətrafında 61 ölkədən 360-dək nümayəndənin iştirakı ilə müzakirələr aparıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Dünya gündəliyinin aktual məsələlərinin Azərbaycanda müzakirə edilməsi ölkəmizin ortaya qoyduğu yanaşmaların, irəli sürdüyü çağırışların reallığı özündə əks etdirdiyini göstərir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu beynəlxalq müzakirələr platforması statusunu qazanıb.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın malik olduğu imkanların, hadisələrə real yanaşmalarının təqdimatıdır. “Prezident İlham Əliyev Forumdakı çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və dayanıqlı sülhün təmin edilməsi ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Bildirildi ki, münaqişələrin həlli dinc və qeyri-dinc yolla olur. Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz dogma yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb. Ermənistan münaqişəni dinc yolla həll etmək üçün erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Görünən o idi ki, onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi”, - deyə deputat vurğulayıb.

Diqqətə çatdırılıb ki, Qlobal Bakı Forumu Azərbaycanın sülh gündəliyinin müəllifi kimi göstərdiyi səylərə, həmçinin Qoşulmama Hərəkatı müstəvisində yeni əməkdaşlıq təcrübəsinə diqqəti yönəltdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı hər bir addım təşkilatın dünya siyasətində yerinin və mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal təşəbbüsləri ilə bir-birinə əks qütbləri bir araya gətirdi. X Qlobal Bakı Forumunun mövzusu hazırkı dövrün aktual məsələlərinin nədən ibarət olduğunu bir daha açıqladı. Çağırışlar və ümidlər yeni reallıqların gələcək üçün nə vəd etdiyinə işıq salır. Hər dövrün öz tələbi, çağırışı vardır. Onların yaratdığı ümidlərin reallıqda əksini tapması üçün birgə səylərin göstərilməsi vacibdir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışında bütün dövrlər üçün aktuallığını qoruyan enerji təhlükəsizliyindən də danışdığını qeyd edən M.Həsənov diqqətə çatdırıb ki, ümumilikdə Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edir. X Qlobal Bakı Forumunda aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanın irəli sürdüyü çağırışların gələcəyi ilə bağlı böyük ümidləri vardır. Bu gün sülh çağırışı əsasdır. Ermənistan ona yaradılan şansdan bəhrələnərək qısa müddətdə sülh müqaviləsini imzalamaqla regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına böyük töhfə verər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün stimuldur.

banner

Oxşar Xəbərlər