• bazar, 27 Oktyabr, 01:29
  • Baku Bakı 12°C

Azərbaycandan türk dünyasına çağırış

09.09.23 05:30 2812
Azərbaycandan türk dünyasına çağırış

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin qəbulunda bildirib ki, iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcəkdir. İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir. 

Azərbaycanın xarici siyasət kursunda türkdilli ölkələrlə əməkdaşlığı genişləndirmək, türk dünyasında birliyə, həmrəyliyə nail olmaq prioritet təşkil edir. Son illərdə sözügedən istiqamətdə həyata keçirilən diplomatik səylər nəticəsində ciddi uğurlara imza atılıb.  

Türk dünyası böyük bir ailədir

Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin qəbulunda bu məsələyə xüsusilə toxunub. Dövlət başçısı bildirib ki, iki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşü keçiriləcəkdir. İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir: “Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan. Azərbaycan bütün dövrlərdə bu təşkilatın güclənməsinə hər zaman öz dəstəyini əsirgəməmişdir və bizim xarici siyasət prioritetləri arasında təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur. Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda, biz bunu əməli işlərdə də göstərmişik”. Prezidentin sözlərinə görə, türk dünyası böyük bir ailədir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilib.

“Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun. Burada, əlbəttə ki, həm qarşılıqlı yardım, eyni zamanda, iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə daimi koordinasiya və məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardım, yəni, bütün bunlar önəmli amillərdir və bizim birliyimizi daha da gücləndirəcək. Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır. Bir daha demək istəyirəm ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir. Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq”, - İlham Əliyev deyib. 

Şimali Kipr nümayəndəsinə xüsusi diqqət

Dövlət başçısı qəbulda Şimali Kipr nümayəndəsinin iştirakına xüsusi diqqət ayırıb: “Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm. Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”.

Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür etdi

İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.
ŞKTC Prezidentinin saytında yer alan açıqlamada Ersin Tatar bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycandakı tədbirlərdə dalğalancağını açıqlamasından məmnuniyyət duydum. Aralıq dənizinin şərqində bir türk dövləti olan ŞKTC varlığını bir millət, üç dövlət anlayışı ilə davam etdirir. Azərbaycan ilə aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissələri olaraq münasibətlərimizin davamlı inkişafı ən böyük arzumdur". Ersin Tatar açıqlamasında Prezident İlham Əliyevə bir daha təşəkkürünü ifadə edib, qardaşlıq və əməkdaşlığın sonsuza qədər davam etməsini diləyib.

Uca səslə danışmağın zamanıdır

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da AZƏRTAC-a açıqlamasında deyib ki, dövlət başçısının siyasi ritorikası artıq Türk Dövlətləri Təşkilatı barədə daha uca səslə danışmağın zamanının gəldiyini göstərir.

“Görüşün ən mühüm aspekti heç şübhəsiz ki, Azərbaycan Prezidentinin Şimali Kipr bəyanatı oldu: “Şimali Kiprin bayrağı bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır”. Bu, Azərbaycana münasibətdə ikili standartlardan çıxış edən, etnik düşmənçilik və təhlükəli hədd almış separatizmə dəstək verənlərə Bakının layiqli cavabı oldu. Azərbaycan Lideri bir daha göstərdi ki, biz hər kəslə haqq etdiyi və anladığı dillə danışa biləcək hərbi-siyasi gücük”, - deyən deputat əlavə edib ki, Şimali Kiprə dair sonrakı mövqeyimiz də çox aydındır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur. Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq.

banner

Oxşar Xəbərlər