• cümə, 19 Aprel, 10:47
  • Baku Bakı 13°C

Azərbaycanda vəhşi heyvanlar helikopterlə quduzluğa qarşı peyvənd olunacaq

09.01.23 18:00 673
Azərbaycanda vəhşi heyvanlar helikopterlə quduzluğa qarşı peyvənd olunacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti orqanlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işləri aparacaq.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, peyvəndləmə bu ilin yanvar ayında ilk dəfə helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə aparılacaq. Aldadıcı yemi paylayacaq marşrut müəyyənləşdirilərək müvafiq xəritə tərtib edilib. Marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketinin paylanması nəzərdə tutulub.

Bununla bağlı həmin briketlərə toxunulmaması və digər zəruri məlumatlarla bağlı sakinlər arasında maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi məqsədilə posterlər və bukletlər hazırlanıb:

"Son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxması müəyyənləşdirilib. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin “PVS aləti” vasitəsilə beş ballıq meyarla qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib və müasir dünya təcrübəsinə uyğun olaraq yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib".

banner

Oxşar Xəbərlər