• cümə, 23 Fevral, 23:32
  • Baku Bakı 5°C

Azərbaycan təsdiqlənmiş zəmanət istəyir

09.12.23 05:30 1208
Azərbaycan təsdiqlənmiş zəmanət istəyir

Prezident İlham Əliyev: “Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil”.

Prezident İlham Əliyevin sülh danışıqlarındakı mövcud vəziyyətlə bağlı son açıqlamaları prosesə tam aydınlıq gətirib. Dövlət başçısı ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında mühüm məqamlara toxunub. Üç saata yaxan davam edən və dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı Forumda səslənən fikirlər əslində rəsmi Bakının həm vasitəçilərə, həm də qarşı tərəfə növbəti mesajı və çağırışıdır.  

Bakının zəmanət tələbi  

Prezident İlham Əliyev bildirib ki, sülh sazişi, əslində, sülhü tam əks etdirmir. Məlum səbəblərdən Azərbaycana Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. “Biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, - dövlət başçısı bildirib. Göründüyü kimi, rəsmi Bakı Ermənistanda cərəyan edən prosesləri, İrəvanın atdığı addımları çox diqqətlə izləyir. Qarşı tərəfdən gələcəkdə sülhə gələ biləcək təhdidlərin qarşısını almaq üçün önləyici şərtlərini irəli sürür. 

Avropa Parlamentinin təxribatları

Prezident İlham Əliyevin açıqlamalarında diqqət çəkən əsas məqamlardan biri də sülh danışıqları prosesində Qərbin rolu ilə bağlıdır. Dövlət başçısı Qranada görüşündən imtinasının səbəblərini açıqlayaraq Brüsselin gələcək vasitəçilik missiyasında nələrə diqqət etməli olduğunu açıq şəkildə bildirib. Bu məsələdə sülhə maneə olan məqamları da sadalayıb: “Əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunun müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim”.
Dövlət başçısı digər səbəb kimi, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamələrini göstərib. Bildirib ki, Qranada görüşü oktyabrın 5-nə təyin edilmişdi: “Elə həmin gün Avropa Parlamenti Azərbaycanla bağlı müzakirələr təşkil etdi. Ona görə də qəsdən bu anti-Azərbaycan qətnaməni mənim Qranadada olmalı olduğum gün qəbul etməyi planlaşdırdılar ki, Azərbaycanla bağlı öz mövqelərini nümayiş etdirə bilsinlər”.

Bakının Brüsseldən istədikləri də konkretdir

Bakının Brüsseldən vasitəçilik missiyasının davamı üçün istəkləri də məlumdur. Tərəflər bu formatda mümkün yeni görüşü müzakirə edirlər. Prezidentin də qeyd etdiyi kimi, bu formatda artıq beşdən çox görüş keçirilib: “Növbəti görüşümüz isə nəticəyönümlü olmalıdır. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və hesab edirəm ki, bu, Brüsseldə anlayışla qəbul olunur”.

Azərbaycana qarşı ittihamlar yolverilməzdir

Bakının Qərb institutlarının bəzi rəhbərlərinin sülh prosesinə yanaşmasındakı ikili standartlardan da narazılığı var. Xüsusilə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin son bəyanatına ali səviyyədə münasibət bildirilib. “Cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir”, - Prezident vurğulayıb. 

“Biz sülhü onlar istədiyi qədər istəyirik”

Göründüyü kimi, Azərbaycan sülh danışıqları prosesində vasitəçinin kimliyindən və formatdan asılı olmayaraq müsbət nəticələr istəyir. Lakin bu istək qarşılıqlı olmalıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, yanılır: “Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü bəyanatla deyil, imzası ilə tanıyacaqlarsa, onda biz də eyni addım atacağıq”. 
Mövcud reallıq, Bakının beynəlxalq hüquqa əsaslanan ədalətli şərtləri və tələbləri çərçivəsində prosesin uğurlu alınmasının əsas məsuliyyəti Ermənistan rəhbərliyinin, onu yönləndirənlərin üzərinə düşür.

Azad Əliyev

banner

Oxşar Xəbərlər