• bazar, 13 Oktyabr, 12:35
  • Baku Bakı 20°C

Azərbaycan Balkanları fəth edir - FOTO

08.07.23 06:00 3242
Azərbaycan Balkanları fəth edir - FOTO

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana rəsmi səfər edib, azərbaycanlı həmkarı İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə müzakirələr aparıb. Prezidentlər mətbuata birgə bəyanatla da çıxış ediblər. 

Son illərdə Azərbaycanın Balkan ölkələri ilə əlaqələri dinamik inkişaf edir, qarşılıqlı səfərlər reallaşdırılır. Xüsusilə də qaz ixracı coğrafiyamızın genişlənməsi baxımından bu qarşılıqlı əməkdaşlıq imkanları mühüm əhəmiyyət daşıyır. Albaniya Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri zamanı müzakirə edilən ən mühüm məsələ də məhz qaz ixracı olub.   

“Mən bu münasibətləri əla adlandırardım”

İyulun 7-də Prezident İlham Əliyev və Albaniyanın dövlət başçısı Bayram Beqayın geniş tərkibdə görüşü olub. “Biz çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Əlbəttə, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amildir. Mən bu münasibətləri əla adlandırardım və bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir”, - Prezident İlham Əliyev deyib. 

Albaniya Prezidenti Bayram Beqay isə bildirib ki, son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib: “Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm”. 

“Albaniyaya çox minnətdarıq”

Səfər zamanı müzakirə edilən məsələlərin detalları isə mətbuata birgə bəyanatda açıqlanıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb: “Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu”.

Həmin addımın dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”.

Daha çox ölkə Azərbaycan qazını alacaq 

İlham Əliyev iki ölkə arasında enerji əməkdaşlığına da toxunub: “Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir”.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır.
“Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir. “Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qaz paylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - deyə dövlət başçısı qeyd edib.

banner

Oxşar Xəbərlər