• cümə axşamı, 25 aprel, 17:08
  • Baku Bakı 23°C

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq

11.05.21 17:45 1255
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Geosiyasi reallığın yaratdığı şərait diktə edir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra ediləcək. Bu layihənin icra olunması ilə Azərbaycan xalqı 101 il bundan əvvəl əlindən alınmış Zəngəzura qayıdacaq. Bununla da, Zəngəzur layihəsi Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
BunuAZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad dəmir yolu stansiyası ilə tanış olub: "Əlbəttə ki, bu tanışlıq da səbəbsiz deyil. Çünki bir müddət öncə Müzəffər Ali Baş Komandan Ordubaddan 50-60 kilometr məsafədə yerləşən Mincivan qəsəbəsində ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına da baxış keçirmişdi. Hər iki dəmir yolu stansiyası isə Zəngəzur dəhlizinin mühüm həlqəsini təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həm Zəngilanda, həm də Ordubadda mərkəzlər yaradılacaq və bununla da 40 kilometrlik Zəngəzur dəhlizi açılacaq”.
"44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanın imzaladığı kapitulyasiya sənədində - 10 noyabr Bəyanatında Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması müddəası təsbit olunub”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır: "Heç şübhə yoxdur ki, Azərbaycan bu məsələ ilə bağlı üzərinə düşən vəzifələri icra edir və edəcək. Hətta artıq Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolunun təməlini qoyub, tikinti işləri də aparılmaqdadır. Ordubaddan Ermənistan sərhədinə qədər yalnız çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcək. Amma onu da nəzərə almaq lazımdır ki, hazırda həm sərnişin, həm yük daşımaları üzrə Naxçıvan dəmir yolu da fəaliyyət göstərir. Yəni, anlaşılan odur ki, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu inşa edildikdən sonra bütün infrastruktur yaradılmış olacaq”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında mətbuata müsahibəsində bir daha Azərbaycanın öz üzərinə düşən vəzifələri icra edəcəyini bildirib: "Əlbəttə, Azərbaycan əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək növbəti tarixi nailiyyətimiz olacaq”.
banner

Oxşar Xəbərlər