Öz biznesinə başla… - Fotolar

"Əhalinin özünüməşğulluğunun təmin
olunması sahəsində əlavə tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin ötən
il imzaladığı sərəncam ölkədə işsiz və iş axtaran vətəndaşların ailə bizneslərini
qurmalarına geniş imkanlar yaratmaq baxımından əhəmiyyətlidir. "Özünüməşğulluq - öz məşğulluğunu
qur və ailə biznesinə yiyələn” proqramı nəinki aktiv əmək bazarı siyasətinin xeyli güclənməsinə səbəb
olub, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsində, kiçik ailə
biznesinin inkişafında mühüm addım kimi dəyərləndirilir. Proqram əmək
potensiallarının reallaşdırılması yolu ilə vətəndaşların gəlirlərini
artırmalarına, kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Sərəncam əsasında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
həyata keçirilən "Öz məşğulluğunu
qur və ailə biznesinə yiyələn” pilot layihəsi ölkəni əhatə edərək işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunda
böyük fəallıq yaradıb.
Respublikanın bütün bölgələrini əhatə
edən və 2016-cı ildən start götürən pilot layihə başa çataraq icrasına
başlanılıb. Bakıdan 101 km məsafədə yerləşən, 50 minə yaxın əhalisi olan
Qobustan rayonunda isə "Özünüməşğulluq proqramı”nın yaratdığı ab-hava xeyli fərqlidir.
Layihə iştirakçılarının qurduqları məşğulluq
və yiyələndikləri biznes sahələri ilə yerində tanış olmaq üçün Qobustan
rayonuna səfərim zamanı proqramın ümumilikdə yaratdığı məmnunluğu müşahidə
etdim.

İştirakçı şərtlərə əməl etməzsə
Qobustan əsasən kənd təsərrüfatı rayonu kimi
tanınır. Əhalisi dədə-babadan maldarlıq, quşçuluq, əkinçilik və qismən
bostançılıqla məşğul olub. Bu gün də rayonda təsərrüfatçılıq ənənələri davam
etdirilir. Qobustan rayonu paytaxta ən yaxın inzibati ərazi olduğu üçün
buralardan iş axtarışı ilə bağlı paytaxt Bakıya üz tutanlar daha çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünüməşğulluq - öz
məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi isə aztəminatlı və işsizlikdən əziyyət çəkən insanlar tərəfindən böyük
sevinclə qarşılanıb. Hələlik rayon üzrə layihənin elektrik qaz qaynaqçısı,
bərbər, dəmir tor toxuyan, heyvandarlıq sahələri üzrə beş iştirakçısı var.
Proqramdan irəli gələrək, iştirakçıların
aktivlərlə (avadanlıqlarla) təminatı da həyata keçirilib.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təlimçiləri
tərəfindən seçilən iştirakçılara iki ay müddətində rayonda təlimlər keçirilib.
Təlimlərlə bərabər, imtahanların nəticələri də seçimdə rol oynayıb.
İştirakçıların kurs müddətində əldə etdikləri bilgilər onlara təkcə fərdi təsərrüfatlarını
quraraq özünüməşğulluq imkanlarına yiyələnməyin sirlərini deyil, həmçinin öyrəndiklərini
praktikada tətbiq etməyi öyrədib.
Qobustan rayon Məşğulluq Mərkəzinin direktoru Ərəstun İbrahimov sosial müdafiəyə ehtiyacı olan aztəminatlı
ailələrin işlə təmin olunması məqsədi ilə həyata keçirilən proqram çərçivəsində
xüsusən aztəminatlı ailələrə, şəhid ailələrinə və Qarabağ müharibəsi
veteranlarına üstünlük verildiyini bildirdi. Belə ki, iştirakçılar əsasən rayon
üzrə ən çox tələbat hiss edilən sahələr üzrə seçilib. Həmçinin müxtəlif peşələr
üzrə müraciət edənlər qeydiyyata alınıb. Əgər layihə yenidən başlayarsa, həmin
peşələr üzrə iştirakçılar qoşulacaq: "Bir ay ərzində rayon üzrə 50-60 vətəndaş
iş üçün müraciət edir. Xüsusən qış aylarında iş axtaranların sayı da çoxalır və
əsasən kişilər üstünlük təşkil edir”. İştirakçı ilə icraçı arasında imzalanan
müqavilənin şərtlərindən danışan direktor bildirir ki, iştirakçı aktivlərdən
istifadə etməklə bir il müddətində özünüməşğulluğu və biznesini inkişaf etdirməyi
öhdəsinə götürür: "Dəyəri göstərilməklə aktivlərin verilməsi və təhvil alınması
ilə bağlı icraçı və iştirakçı arasında akt tərtib olunur. Əgər iştirakçı şərtlərə
əməl etməzsə, verilən avadanlıq geri alınacaq və növbəti proqram çərçivəsində
digər iştirakçıya veriləcək”.
Pilot
layihənin Qobustan rayonunda uğurla həyata keçirildiyini deyən Məşğulluq Mərkəzinin baş məsləhətçisi Şəmsəddin Nuriyev ümumilikdə proqramı
xüsusən gənc və aztəminatlı ailələr üçün uğurlu hesab edir: "Dövlət bu istiqamətdə
qayğını artırsa, rayondan Bakıya köçüb gedənlər və paytaxtda işləyənlər geri
qayıdacaq. Öncə adamlar kiçik biznes qurmaqla öz ailə təsərrüfatlarını
yaradırlar, gələcəkdə ehtiyac və imkan, həmçinin bazarda tələbat olarsa,
bizneslərini genişləndirə və əlavə işçi qüvvəsi cəlb edə bilərlər”. Həmçinin
layihə davamlı olarsa, gələcəkdə
avtomobil çilingərliyi, qaynaqçılıq, qadın bərbərliyi və s. sahələr üzrə sakinlərin
biznes sahələri yaranar.

Dövlətin dəstəyi
Heyvandar Şahin Quliyev təlimlərin əhəmiyyətindən danışaraq
"Kurslar bizə təkcə biznesi necə qurmağın yollarını deyil, həmçinin biznes plan
tərtib etməyi və öz büdcəni necə idarə etməyin sirlərini öyrətdi” deyir:
"Bundan əvvəl biz hər hansı iş görmək istəyəndə kor-koranə hərəkət edir, biznes
planının nə demək olduğunu və qiymətləndirməni bilmirdik. Məsələn, kurslar
artıq malın istehsalı üçün nə qədər vəsait sərf edildiyini, malın necə
satılmasını, gəlirin necə əldə edilməsini və s. öyrətdi”.

Ailə əməyinə əsaslanan
təsərrüfatını quran 37 yaşlı heyvandar dövlət tərəfindən verilən mal-qara ilə
artıq ilkin nəticələr əldə edib: "İki inək və balaları ilə gələcəkdə təsərrüfatı
genişləndirməyi nəzərdə tutmuşam. Bu gün artıq südə, qatığa pul xərcləmirəm.
Dörd nəfərlik ailəmi heyvandarlıqla dolandırıram. Gələcəkdə inəklərin sayını
artırmaqla təsərrüfatı genişləndirib başqa iş axtaranları da işə cəlb edə bilərəm.
Bu, bizə dövlətin böyük dəstəyidir”.

Rayonun Ərəbşalbaş kənd sakini, 32 yaşlı Cəsarət Musayev "Ailəmə xidmət etmək yolunu tapmışam”
deyərək, dövlətin yaratdığı imkana görə sevincini bölüşdü: "Əvvəllər də bərbərlik
edirdim. Təcrübəm vardı, amma avadanlığım yox idi. Buna görə müştərilər çox
müraciət etmirdi. Özünüməşğulluq proqramı isə öz biznesimi qurmağa əsil fürsət
oldu. Dövlət məni lazımı avadanlıqla təmin etdi. Əgər əvvəllər müştəriyə xidmət
etmək üçün təkcə qayçıdan istifadə edirdimsə, bu gün artıq stol-stul və digər
avadanlıq var. Bu isə müştərilərin daha çox müraciət etməsinə və razı
qalmalarına səbəb olur. Həmçinin bərbərlik xidmət növü kimi rayon ərazisində
yaşayan əhalinin məmnunluğuna səbəb olub”.

Hazırda dörd övladı, həyat yoldaşı və ata-anası ilə
birlikdə səkkiz nəfərlik ailəni dolandırmaq üçün dövlətin yaratdığı imkandan
yararlanan bərbər, gələcəkdə övladını davamçısı kimi yetişdirəcəyini deyir:
"Ailə biznesinin qurulması artıq bu sahəni inkişaf etdirməyə və gəlirlərimizi
artırmağa imkan yaradıb”.

30 yaşlı Elnur Gülməmmədov isə dəmir tor toxumaq üzrə kiçik
biznesini qurub. Sexdəki avadanlıqlar – dəzgah, məftillər, qayçılar, spirallar,
elektron tərəzi və s. alətlərdən ailə üzvləri də istifadə edərək, bizneslərinin
inkişafına kömək edirlər. 6 nəfərdən ibarət ailə üzvləri hamısı sexdə
çalışır: "Tor toxumaqla çoxdan məşğulam.
Amma bir ara material olmadığı üçün fasilə verdim. Özünüməşğulluq proqramı isə
bizim üçün əla imkan yaratdı. Artıq sifarişlərin sayı çoxalıb. Bu peşəni oğluma
da öyrətmişəm. Hətta iş çox olanda həyat yoldaşım da kömək edir”. E.Gülməmmədov
deyir ki, hazırladığı torlar kənd təsərrüfatı, eləcə də, həyətyanı sahələrin
hasara alınmasında istifadə olunur: "Artıq dolanışıq qayğısı çəkmirik. Öz
biznesimizi qurmuşuq. Buna görə, ailəmiz adından dövlətimizə təşəkkür edirik”.

Ünvanlı Sosial Yardım proqramına yeni
yanaşma
Bir
aydan çoxdur ki, layihə iştirakçılarının qurmağa başladıqları kiçik biznes sahələri
artıq ilk gəliri qazandırır. Bir illik sınaq müddətində Məşğulluq İdarəsi hər
ay sahibkarların fəaliyyətinə baxış keçirəcək və müqaviləyə əsasən, onların
hesabatlarına baxılacaq. Sahibkarların fəaliyyəti özlərini doğruldacağı təqdirdə,
aktivlər həmişəlik onların mülkiyyətinə veriləcək.
Hələlik isə hər iki tərəf - həm "vətəndaşlarımız
işlə təmin olunub, ailələrini dolandırırlar” deyən icraçılar, həm də dövlətin
qayğısından ruhlanan iştirakçılar razıdırlar. Dövlətin əlini öz çiynində hiss
etməsi vətəndaşlar üçün ən böyük güvəndir. Bu qayğı isə onlara təkcə fəaliyyətlərini
aktivləşdirməyə və ailələrinə çörək qazanmağa deyil, həmçinin ölkədə
sahibkarlığı inkişaf etdirib, iqtisadiyyata töhfə verməyə həvəsləndirir. İştirakçılar
məmnunluq yaradan pilot layihənin daha da genişləndirilməsini və çoxsaylı
insanları əhatə etməsinin tərəfdarıdırlar.

Ekspertlər də "Özünüməşğulluq
proqramı”nı təkcə ölkədə tətbiq olunan innovativ layihə kimi deyil, həm də büdcə
asılılığını aradan qaldırmaq istiqamətində yaranan ehtiyac kimi dəyərləndirirlər.
Üstəlik proqram ünvanlı sosial yardım proqramına yeni yanaşma hesab edilir:
«Ünvanlı sosial yardım yoxsulluq həddində yaşayan insanların büdcədən maliyyələşməsini
nəzərdə tutur. Bu da vətəndaşların büdcədən asılılığının yaranmasına gətirib
çıxarır. Baxmayaraq ki, vətəndaşlarımız dövlət büdcəsindən yardım alırlar,
ancaq artıq bu proqramın dəyişməsinə, insanların özlərini öz gəlirləri hesabına
təmin etməsinə ehtiyac var. Özünüməşğulluq proqramı da insanların özləri üçün gəlir
yaratmalarına və özlərini təmin etmələrinə imkan verir” deyə iqtisadçı ekspert Vüqar Bayramov"Kaspi”yə açıqlamasında proqramın əhəmiyyətini vurğuladı. Ünvanlı yardam
proqramının mərhələli şəkildə "Özünüməşğulluq proqramı” ilə əvəz edilməsinə
ehtiyac olduğunu deyən V.Bayramov vətəndaşların sosial baxımdan büdcədən
subsidiyalaşmamağının tərəfdarıdır: "Digər tərəfdən, proqram vətəndaşın öz-özünə
iş yeri yaratmasına imkan verəcək, eyni zamanda onun aktivləşməsinə səbəb
olacaq. Bu, büdcədən subsidiyalaşan vətəndaşların sahibkara çevrilməsinə və
özünü məşğul etməklə, büdcə xərclərinin qənaət edilməsinə imkan yarada biləcək».
"Özünüməşğulluq proqramı”nın Qobustan
rayonunda həyata vəsiqə alan pilot layihəsinin ilkin işartıları isə ekspertin
söylədiyi məqamlarla üst-üstə düşür. "Bizə iş verin, işləyək” deyən sakinlərin
ehtiyacı isə proqramın nəinki sosial-iqtisadi əhəmiyyətliliyini artırır, həmçinin
daha da genişlənməsini və çoxsaylı vətəndaşlara şamil edilməsinə ehtiyacı üzə
çıxarır.
Təranə MƏHƏRRƏMOVA
Məqalə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
