• çərşənbə axşamı, 23 iyul, 18:41
  • Baku Bakı 31°C

Yüksək gəlir vəd edən sahə

18.11.23 04:30 3052
Yüksək gəlir vəd edən sahə

Azərbaycan məhsulları keyfiyyətinə və qiymətinə görə, həm MDB məkanında, həm də dünya bazarında rəqabət apara bilər. Bunun üçün potensial və geniş imkanlar var.

İqtisadi İslahatların Təhlili Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında qeyd edilir ki, cari ilin ilk doqquz ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, spirtli içkilər üzrə 2022-ci ildə əldə edilən gəlir 7 891.4 min dollar, 2023-cü ildə isə 18 653.3 min dollar olub. Təxmini artım 2.4 dəfədir. Spirtsiz içkilər üzrə isə bu rəqəm 2022-ci ildə 6 387.1 min dollar, 2023-cü ildə isə 29 131.7 min dollar təşkil edib. Burada təxmini artım 4.6 dəfədir.

Göründüyü kimi, ixrac rəqəmləri müsbətdir. Bəs bu rəqəmlər sözügedən sahənin gələcəyi üçün nələr vəd edir?

Rusiya Azərbaycan məhsullarına möhtac qalıb

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, idxal rəqəmləri iki səbəbdən artır: “Əvvəlki illərlə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin həm idxalında, həm də ixracında artım müşahidə olunur. Səbəblərdən ən başlıcası Rusiya-Ukrayna müharibəsi fonunda bəzi markaların, brendlərin Rusiyadan çıxmasıdır. Bu da onların oxşarları və alternativlərinin Azərbaycan bazarından idxal edilməsinə gətirib çıxarıb. İkinci səbəb isə budur ki, sahibkarlar xaricə ixrac istiqamətində işlərini fəallaşdırıblar”.

Dünya bazarında da rəqabət apara bilərik

X.Kərimlinin fikrincə, artım rəqəmləri çox da böyük deyil: “Hesab edirəm ki, bu göstəriciləri dəfələrlə artırmaq imkanlarımız var. Yəni ixrac potensialı hələ pikə çatmayıb. Azərbaycanda müxtəlif meyvə şirələri var ki, dünya və MDB bazarına çıxarılır. Azərbaycan məhsulları həm keyfiyyətinə, həm də qiymətinə görə MDB məkanında da, dünya bazarında da rəqabət apara bilər. Amma iki qonşu dövlət - həm Gürcüstan, həm də Ermənistan bu sahədə bizi dəfələrlə qabaqlayırlar. Gürcüstan şərabları, Ermənistan da konyakları ilə məşhurdur. Bizim rəqəmdən dəfələrlə artıq dünya bazarına spirtli içki ixrac edirlər. Düşünürəm ki, biz də artım tempini saxlaya bilərik. Amma potensial Rusiya bazarına ixracın daha da artırılmasına imkan verir”.

Təşviq etmək istəyiriksə...

Ekspert bildirdi ki, ixracı daha da artırmaq üçün bu sahədə çalışan sahibkarlara dəstək məqsədilə müəyyən addımlar atılmalıdır: “İxracın artırılmasını sahibkarlar təşkil edirlər. Sadəcə, Azərbaycanda ixracı təşviq mexanizmləri kifayət qədər yaxşı deyil. Bu baxımdan ixracyönümlü iqtisadiyyatın qurulması lazımdır. İxracyönümlü iqtisadiyyat istiqamətində vergi, gömrük məcəlləsi də tənzimlənməlidir. Sahibkarların dövriyyə kapitalının əlindən çıxmaması üçün ixrac şirkətlərinə bu sahədə müəyyən müddətlik güzəştlər edilməlidir. Təşviq etmək istəyiriksə, müxtəlif ticarət evləri təşkil etmək olar. Azərbaycan hökumətinin hesabına ticarət evləri, sərgilər qurula bilər. Hökumət bunu maliyyələşdirməlidir ki, sahibkarlar xarici tərəfdaşlarını tapsın”.

Bu sahədə ixtisaslaşa bilərik

İqtisadi məsələlər üzrə mütəxəssis Emin Qəribli isə qeyd etdi ki, bazarda yaranan fürsətlərdən yararlanaraq daha da inkişaf edə bilərik: “Qeyri-neft sektorunun inkişafına dair dövlət proqramları qəbul olunub. Bu səbəbdən dinamika var idi və spirtsiz içkilərdə ixtisaslaşırdıq. Qeyri-neft ixracatında şirələr mühüm rol oynayırdı. Son dövrlər tələbat artdıqca, bizim məhsullarımız Rusiya və digər bazarlara ixrac olunur. Hətta Avropa bazarlarına da çatdırırdıq. Onu nəzərə alaq ki, Rusiya bazarına müəyyən sanksiyalarla əlaqədar bir neçə şirkət məhsul ixrac etmir və ona görə imkanlar genişdir. Hesab edirəm ki, xüsusən də spirtsiz içkilərdə artıq ixtisaslaşırıq. İndi bazar genişlənir, tempi saxlaya və artıra biləcəyik. Potensialımız yüksəkdir, perspektiv çoxdur”.

İxrac subsidiyalarını artırmaq olar

E.Qəribli düşünür ki, bu sahəyə diqqət artırılmalıdır: “Məhz ixracyönümlü olduğuna görə ixrac subsidiyalarını da artırmaq olar. Bu isə öz növbəsində həmin sahələrin inkişafına təkan verəcək. Bildiyimiz kimi, Qarabağ bölgəsi xüsusən spirtli içkilərdə ixtisaslaşıb. Burada xüsusi üzüm sortları var idi ki, məhz bu ərazilərə aid idi. İnanıram ki, bu ərazilər daha çox əkilib becərilərsə, imkanlarımız daha da genişlənər. Gələcəkdə həm spirtli, həm spirtsiz içkilərin ixracatında geniş imkanlar yaranacaq”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər