• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Yorulmuş ürəyi ilə söz “yoğuran” şair

23.10.17 12:12 14974
Yorulmuş ürəyi ilə söz  “yoğuran” şair
Əbülfət Mədətoğlunun son illərdə nəşr etdirdiyi kitablardan, onların məram və məqsədlərindən, şairin sözə poetik don biçməyindən, ülgü vurmasından xəbərdarıq. Əbülfətin hər dəfə yeni nəşr olunmuş kitablarından onun yazdıqlarının estetik çəkisi də gözlərimiz önündə boy verməkdədir. Əbülfət Mədətoğlu Allahdan "mədəd” diləyərək buğum-buğum inkişaf edir, özünəməxsus üslub daşıyıcısına çevrilir, şeirlərini öz içində müəyyənləşdirdiyi ölçüləri ilə ortaya qoyur, maraqlı bədii-estetik assosiasiyalara meydan verir.
Əbülfət 2012-ci ildə "Mənim kimi sevə bilsən”, 2015-ci ildə "Ürəyim sənlə danışır” kitablarından sonra bu il "Cəzayam sevdiyim qıza” (Bakı, Heroqlif, 2017, 224 səh.) əsəri ilə oxucu ictimaiyyətinin görüşünə gəlib. Bu kitabda onun topladığı şeirlərin məzmunu, mahiyyəti, estetik qayəsi, oxucuya təsir gücü, fikrimizcə, daha üstün bədii qiyafədədir. Əbülfət getdikcə sözü "yoğurmağı”, "kündələməyi”, "yapmağı” yaxşı bacaran şair kimi gözümüz önündə dayanır.
Əbülfətin son dövrlər poeziyası "həyata sarılan”, onu rəngləyən, amalını oxucu içində dirildən, təbiətin, insanın, sevənin ruhunu oxşayan, romantik duyğularla ruhaniyyat yaradan, bəzən cəmiyyət və həyatla antaqonizmdə olan kəsərli "silah” təsiri bağışlayır.Əbülfət söz qarşısında boyun əymir. Onun eynindən keçməyən, ağıla gəlməyən invariantlarını yaradır. "Cəzayam sevdiyim qıza” kitabının mayasında şairin məhz belə hissləri, düşüncələri yer alır. Əbülfət şeir yazarkən ürəyi ilə danışmaqla, onunla mükalimə etməyə daha böyük üstünlük verir. Şairin kövrək duyğuları sözə çevrilib, təklikdə öz özünə pıçıldayan sevgi çiçəyinə bənzəyərək puçurlayır. Adını çəkdiyimiz bu kitabda Əbülfət, demək olar ki, hər yerdən və hər şeydən uğurlu danışır. Burada ali hisslərin pərvaz etməsi də var, vətənsizliyi onun özünə dərd etməsi də. Dünyayla söhbətinin tutmaması da var, ümidinin ölməsi də. Ürəyinin ağrısından yorulması da var, ovunaraq hisslərinin daşlaşması da. "Çuxası söküldüyündən” Allahından zülmünü yerdən götürməsini xahiş etməsi də var, Qarabağın daşına əlini gəzdirməyib, gözlərini öpməməsi də, dərdinə bürünüb gözlərini qurutması da var. Ürəyinə nə qədər dərdlər verildiyini söyləməsi də var, onu necəgəldi vuranları duyması da var, xəyallarına güc gəlib, dünyanı dolaşması da, dünyasından şikayətlənməsi də və s.
Deyirlər şair olmaq fərqli istedad olub, Allahı sevənlərin və Allahın özünün sevdiyi insanların işidir. Burada bəlkə romantik hiss və duyğuya daha çox söykənilsə də, hesab edirik ki, inandırıcı, sınaqdan keçirilmiş məqamlar da nəzərdən qaçırılmamalıdır. Məsələn, Nobel mükafatı laureatı Orxan Pamuk yaradıcılığa şeirlə başlayıb, onun bu janrda əsərləri çap üzü görsə də, özü də izah edə bilməyəcəyi səbəblər ucbatından şairlikdən uzaqlaşmışdı. Çünki, onun fikrincə, əsil şair olduğuna inanılan insanın belə bir üstünlüyü var: ona gizli bir səs "Sən bunu yaz” deyə pıçıldayar, o da yazar, amma yazıçıya heç kimsə bir söz pıçıldamaz. O.Pamuk daha sonra "şeir Allahın özəl qullarına pıçıldadığı kəlmələrdir. Mənə pıçıldamadı”, - deyərkən nəzmin fitri istedadla bağlı olduğunu israrla bildirmişdi.
Əbülfət Mədətoğlu da Allahın özəl qullarına pıçıldadığı kəlmələri qələmə alıb, kağıza köçürüb bizlərə çatdıranlardandır. Şairin kitabının xeyli səhifələrini əhatə edən "Trabzon şeirləri”ndə onun ürək ağrılarının döyüntüsü eşidilməkdə, az qala oxucunun qulağında cingildəməkdədir. Ona görə də o, həkimin onun ürəyini necə müalicə edəcəyi ilə bağlı:
amma
ürəyimizi
unudanları –
onu hardan,
necəgəldi vuranları
seçib görə
bilməyəcək...
ürəyimizin
dilindən
xəbərsiz həkim
ürəyimizdəkilərin
yanından
sakitcə ötüb gedəcək ( s.24) - nigarançılığını bizə çatdırır.
Yaxud türkiyəli kardioloq-professor Mustafa Gökçəyə ithaf etdiyi yenə də ürəklə bağlı fikirlərini:
Böyük loğmandı...
deməli,
ürəyimin
içini görəcək!
məni
heç vaxt
yaşamadığım
bir həyəcan
əsir aldı...
əlim ürəyimin
üstə qaldı... ( s. 26) - şəklində dilə gətirəcəkdir.
Əbülfət sözlərə ənənəvi naxış vurmağı o qədər də məqbul saymır. Buna görə də o, sözləri öz düzümünə uyğun olaraq sıralamağa daha çox meylli olur:
Dolaşıram dünyanı
Xəyallarımın gücüylə...
Yaşayıram hər anı -
Bu günlərin köçüylə! (s.33) - deyərək cərgələməkdən xoşu gəlir.
"Qarabağım, Qarabağ” şeirində biz Əbülfətsayağı daha çox düzüm görürük:
Əlim daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa közərim -
Qarabağım Qarabağ?! Qarabağım, Qarabağ - (s.18) – deyə hayqırır və Qarabağın günəşinin buludlaşmasından, Qara dərdimizi daimi göynədən Qarabağımızın unudulmasından şikayətlənir. Bu yanğı "Yerim” şeirində daha çox giley-güzara çevrilir.
Elə bil şairin ümidi ölür, elə "Ümid öləndə” şeirində olduğu kimi:
Ağ qaraya ləkə olur,
Dərd sevincə ləkə olur,
Nağıl duzsuz kökə olur,
Ümid öləndə... (s. 7) - qənaətinə gəlir.
Bütün bunları biz Əbülfət Mədətoğlunun söz xatirinə, poetik biçim, fikir bütövlüyü yaratmaq xatirinə işlətdiyi, qurub-qoşduğu ibarələr yox, içindən, içinin içindən boy verən dərdin közərtisi kimi dəyərləndiririk. Bəzən elə olur ki, şair perik düşmüş duyğularının burulğanında var-gəl edir, elinin, obasının əlindən çıxdığına vaysınır:
Nə kəndim var, nə evim,
Hansı qapını döyüm?
Neçə günlük qonağam -
Nə bilim, necə deyim?!(s. 4) - şəklində fikirlərini ifadə edir.
Belə bədbinləşməni biz Əbülfət Mədətoğlunun şeirlərində sonra da görürük. Bu, şairin ruhuna hakim kəsilən hissləri ilə əlaqədardır:
Allahım, yoruldum daha
Dincəlmək keçir içimdən...
Yır-yığış eyləyən ruhum -
Sakitcə köçür içimdən! (s. 38) - deyərkən oxucunun düşüncəsində insanın (bizim təqdirdə Əbülfət Mədətoğlunun) özünün emosional halını, psixoloji vəziyyətini ortaya qoyur. Belə psixoloji hal, belə emosional vəziyyət şairin ürəyində daha sağalmaz yaraların baş qaldırmasına səbəb olur. Ona görə də:
Yoruldum ürəyimin
Qarşısında durmaqdan.
And içib sağ əlimi –
Mən üzümə vurmaqdan (s. 9) - fikirləşərkən Əbülfət giley-güzarını səngitmir. Belə vəziyyətdən şair cana doyur və öz poetik obrazına xoşagəlməz hala düşdüyünə görə onu ovutmağa cəhd etmə kimi məsləhətləri ortaya çıxır:
Məni ovutmağa cəhd etmə, gülüm,
Ovunmaq hissim də daşlaşıb artıq,
Qələm götürəndə titrəyən əlim,
Hisslər də mənimtək yaşlaşıb artıq!.. (s.10)
Bizə belə gəlir ki, Əbülfət təhlilə cəlb etdiyimiz kitab üçün zahiri baxımdan hər hansı bir düşünülüb-daşınılmış kompozisiya müəyyənləşdirməyib, mündəricat tərtib etməsə də, burada təqdim olunmuş şeirlərin təhtəlşüurda, mətnin alt qatında oturmuş mükəmməl bir sistem, ardıcıllıq, biçim, şairin poetik məninin zühur etmə konsepsiyası var. Bunu biz həmin nümunələrin ideya-məzmun özəlliyində, mətləblərə uyğun mövqedən yanaşma kontekstində yaxşı görüb hiss etmişik. Kitabda müraciət etdiyimiz parçalar düşünmək üçün yetərincə əsas verir. Baxın, görün Əbülfət yuxarıdakı giley-güzarlarını aşağıdakı parçada necə davam etdirir:
Göz önündə şam kimi
Sönəsən, görməyələr ...
Yıxılıb adam kimi -
Öləsən görməyələr... (s. 12) - fikri ilə oxucunu nostalji və bədbin nota kökləyir.
Tez-tez belə bir fikri vurğulayırlar ki, ümid sonuncu ölür. Əlbəttə, yəqin belə olması daha yaxşıdır. Çünki insanı (oxu şairi) həyata nikbinliklə baxmaq, daha çox işlər görməyə, yaşatmağa və yaşamağa sövq edir. Əbülfətin şeirlərindən gələn pessimizm, bədbinlik, fikrimizcə, bir yandan Vətənin müəyyən hissəsinin itirilməsi ilə bağlıdırsa, digər tərəfdən, Qərbi Avropa və rus romantiklərinin fikirlərinin həyata bağlılığı ilə əlaqəli nəzərdən keçirilməlidir. Əbülfət sanki poetik obrazın fərdi keyfiyyətlərini, onun daxili aləmini daha çox diqqətdə saxlamağa meyl edərkən sanki ruhi düşkünlüyə düçar olub, tənhalıqda var-gəl etməyə üstünlük verirsə də, bu, heç də bütün hallarda onun rasional təfəkkürünü zədələmir. C.Bayron, U.Bleyk, V.Hüqo, F.Şatobrian, A.Puşkin, A.Batyuşkov, V.Jukovski və M.Lermontovsayağı öz fikirlərini içində yaşatmaq istəyir. Görün, bu tipli hisslərini Əbülfət oxucuya necə çatdırır:
Daşa çırpıram özümü
Ağrımır əzilən yerim...
Yaman qorxudub gözümü -
Allahdan üzülən yerim!... (s.12) - deyir.
Lakin şair nə qədər ümidsiz olsa da, əlini heç vaxt Allahının ətəyindən üzmür:
Sökülüb çuxam, Allah
Bəlkə də yoxam, Allah!
Bu mənim yaxam, Allah -
Ruhumu yerdən götür!.. (s. 14) - deyərək, içini sanki sufilərlə yaxınlığına kökləyir, ruhunun uçub pərvaz edəcəyi səmtə yönəldir.
Əbülfətin şeirlərindən onun Allahdan, Ulu Yaradandan qorxduğunu görmək o qədər də çətin deyil. Zənn edirik ki, bu, şairin haqqa, ədalətə bağlılığının göstəricisi kimi dəyərləndirilməlidir. Buna görə də:
Ah çəkib ahı sayıram
Etdiyim günah qədərdir ...
Yatdığım gecənin sayı –
Açdığım sabah qədirdir (s. 47) - deyib dillənərkən, şairin həm də özünün özü qarşısında, vicdanın önündə hesabat verdiyini görməkdəyik. Kim bilir? Bəlkə şair:
Mən hərdən öz içimin
Zindanına düşürəm.
Əlimdəki qələmlə -
Ürəyimi deşirəm! (s. 52) - deməklə içindəki haqq-hesabı, əzab-əziyyəti nəzərə çarpdırmaq istəyir.
Əbülfət Mədətoğlunun nəzərdən keçirdiyimiz kitabında biz şairin fərqli intonasiyasının, poetik obrazlarının və biçimlərinin daha çox şahidiyik. Əbülfətin şeirlərinin mayasında onun fərdi duyğularında yer almış özündən narazılığın rəngləri aydın görünməkdədir. Bu isə sənətkarın sənət qarşısında cavabdehliyinin meyarı olaraq dərk edilməlidir.
Nizami Tağısoy
banner

Oxşar Xəbərlər