• şənbə, 27 Aprel, 18:50
  • Baku Bakı 26°C

“Yer üzündəki cənnət”dən reportaj - BƏLƏDÇİ

27.01.24 03:40 4084
“Yer üzündəki cənnət”dən reportaj - BƏLƏDÇİ

Kapri - füsunkar mənzərələri ilə tanınan kiçik bir adadır. Vulkan püskürməsindən sonra yaranıb.  Sahilləri mağaralar və kiçik italyan kəndləri ilə doludur. Bütün həyətlər limon, zeytun və üzüm bağları ilə əhatə olunub. Ada əfsanələrlə zəngindir. 

Kapri adasını çox vaxt “Aralıq dənizinin incisi” adlandırırlar. “Yer üzündəki cənnət” deyənlər də var adaya. İtaliyanın Neapol, Solerno və ya Sorrento şəhərlərinə səfər edən hər turist şübhəsiz ki, bu möcüzələr adasını ziyarət etməyə can atır. 

Kapri - füsunkar mənzərələri ilə tanınan kiçik bir adadır. Vulkan püskürməsindən sonra yaranıb.  Sahilləri mağaralar və kiçik italyan kəndləri ilə doludur. Bütün həyətlər limon, zeytun və üzüm bağları ilə əhatə olunub. Ada əfsanələrlə zəngindir. 

“Şirin həyat adası” - Roma imperatoru Avqust buranı belə adlandırıb. Homer adanı “çiçəkli diyar” deyə vəsf edib. Bunin eyniadlı hekayəsində Kaprini “Yasəmənlər adası“ adlandırıb. Bayron Kaprini fırtınanın sürdüyü dalğa ilə, qədim romalılar  “su pərisi adası” ilə müqayisə ediblər. Sənət adamlarının niyə öz əsərlərində Kapri adasının gözəlliyini və tarixini əbədiləşdirdiklərini anlamaq üçünsə mütləq oraya səyahət etməlisən...

Romantik əhval-ruhiyyə və fotokamera

Solerno şəhərindən hər gün adaya səyahət edən gəmilər (50 avro) bir saat ərzində sərnişinləri bu cənnət məkana daşıyır. Yol boyu adanın yaşıllıqlarla əhatələnmiş sahilləri və sıldırım qayalıqlar arasında gizlənmiş evlərin damları diqqət çəkir. 

Kapri - adanın paytaxtıdır. Adaya çatıb təbiətin qeyri-adi gözəlliyini yaxından izləmək və duymaq üçün yalnız bu bölgəyə məxsus unikal avtobus-taksilərdən və kanat yolu üçün funikulyordan (1.30 avro) istifadə edərək adanın ürəyinə - Anakapriyə qalxmaq lazımdır. “Adada bir günümüz var və hər şeyi görməliyik”, - deyə düşünən turistlər hər dəqiqələrini dəyərləndirməyə çalışırlar. Turistlər fəsildən və havadan asılı olmayaraq özləri ilə romantik əhval-ruhiyyə və fotokamera götürüb Anakapriyə qalxır və “Marina Grande” limanının heyrətamiz mənzərəsini seyr edirlər. Rəngli evlər, Tirren dənizinin zümrüd suları, vəhşi təbiətin qayalar boyunca uzanıb gedən nağıl mənzərələri, unikal sakitlik insanı az qala ovsunlayır. 

Milyonçuların tətil yeri

Bəs hansı istiqamətə getməli? İnsanlar xaotik, və turist izdihamı ilə hərəkət edirlər. Biz də axına qoşuluruq...

Dar küçələrdə bizi brend butiklərin sonsuz axını qarşılayır. Vitrinlərin dəbdəbəsindən gözlər qamaşır... Amma butiklərdə izdiham gözə dəymir, qiymətlər bahadır. Məsələn, qadınlar üçün kətan paltarın qiyməti 180, dəri çanta 300 avrodan başlayır.  “Bizim üçün deyil”, - deyə biz də bir çox turistlər kimi “vitrin alveri” ilə kifayətlənirik. Bahalı dükanlardakı geyimlərlə, restoranlardakı qiymətlərlə tanış olduqca, qayalar üzərində yerləşən unikal malikanələri seyr etdikcə Kaprinin milyonçuların tətil yeri olduğunu anlamaq çətin deyil. Ona görə sadə turistlər yalnız adanın zeytun yağını, pendirini, şərabını almaqla kifayətlənirlər. Suvenir dükanlarında da bahalıqdır. Məsələn, “Limoncella” içkisi İtaliyanın digər şəhərləri ilə müqayisədə burada daha baha satılır - 45 avro. 

Bir-birinə qarışan köhnə yollarla qalxıb Roma villalarının xarabalıqlarını və qorunub saxlanılan arxeoloji əraziləri görmək mümkündür. Turistlər imperator Avqustun sülaləsinin bağlarını gəzməkdən dərin zövq alırlar. 

Güclü insanların adası

Kapri adası həmişə gücləri cəlb edib. Vaxtilə bu adada sənətçilər, iş adamları, xəfiyyələr, inqilabçılar, ideyalarına görə təqib olunan insanlar, yazıçılar yaşamağa üstünlük veriblər. İndi o məşhurların villaları özəl ərazilərdir və bəzilərinə giriş pulludur. Rus çarı 1-ci Nikolay, Lenin, Maksim Qorki, İvan Bunin, Konstantin Paustovski, İvan Turgenev, Pyotr İliç Çaykovski, Şalyapin kimi məşhur insanlar bu adada yaşayıblar. Qorki ən məşhur əsərlərini - “Uşaqlıq” hekayəsi, “Ana” romanının bəzi fəsillərini və “İtaliya nağılları”nı bu adada yazıb. Rəvayətə görə, Homerin Odisseyinin gəmisi Kaprinin yanından keçib...

Təkcə ruslar Kaprini sevməyiblər. Başqa ölkələrin zəngin və məşhur adamları da burada həyatdan həzz alıblar: İsveç Kraliçası Viktoriya, Vinston Çörçill, Pablo Nerudo, fransız rejissoru Jan Kokto, isveçəsilli memar Le Korbüzye, Nobel mükafatçısı Henrix və qardaşı Tomas Mann, ünlü italyan yazarı Alberto Moravia, ingilis romançısı Somerset Maugham, Oscar Uayld, diktator Mussolini və dünyanın bir çox güclü insanları həyatlarının müəyyən dövrünü yaşamaq üçün Kaprini seçiblər. İsveç kral ailəsinin həkimi Axel Munte uzun illər ardıcıl olaraq Kapriyə baş çəkib, burada özünün “sehrli qəsrini” yaradıb. Onun yaradılmasının maraqlı tarixi “San Mişel əfsanəsi” adlı kitabında təsvir edilib. 

Kapri adası ulu öndər Heydər Əliyevin də marağından kənarda qalmayıb. Ulu öndər İtaliyaya rəsmi səfəri çərçivəsində adaya səfər etmək istəyini bildirib. Orada yerli adət-ənənə ilə tanış olub. Heydər Əliyev Kapridə gəzərkən kilsənin qarşısında yeni evlənənlərin nigah mərasimini görüb. Gəncləri təbrik edib və onlara hədiyyə verib. Bu kadrlardan ümummilli liderin cənnət adaya səfəri ilə bağlı bu yaxınlarda ekranlara çıxan “Bir səfərin tarixi” adlı filmdə bəhs edilib.

Kapri ahılların ümidinə qalıb 

Adada insanlar tələsmirlər. Burada həyat öz sakit axarı ilə gedir. Yerli sakinlər arxayınlıqla evlərinin pəncərələrindən gələn turistləri seyr edirlər. Yerlilər əsasən, italyanların özləridir. Həyat şəraiti bahalı adaya miqrantlar hələ ayaq aça bilməyiblər. 

Suvenirlər satılan kiçik dükanda yaşlı italyan kişi bizi mehribanlıqla qarşılayır. Oturmağa stul da təklif edir. Fikirlərini pozuq ingilis dilində izah etməyə çalışır: “Kapridə bir çox dəbdəbəli villalar dünyanın məşhur insanlarına məxsusdur. Onlar qəfildən qarşınıza çıxa bilərlər. İndi dünyanın “ulduzları” gündəlik stressdən uzaq, yerli təbiətin, tarixin və incəsənətin gözəlliklərini kəşf etmək üçün adaya istirahətə gəlirlər. Bir çox əsrlər əvvəl olduğu kimi, Kapridə evlərə yenə də yüksək tələbat var. Adada öz iqamətgahının olması prestijlidir”, - deyə məlumat verir. Yaşlı italyan adada əsasən ahıl insanların yaşadığını deyir: “Gənclər oxumaq və işləmək üçün İtaliyanın digər şəhərlərinə gedirlər. Onlar ənənəvi bağçılıq və təsərrüfatla məşğul olmaq istəmirlər...”

Ölməzdən əvvəl görmək üçün

Kapridə havanın ani dəyişməsi adi haldır. Günəşli havanı qəfildən güclü yağış əvəzləyir. 
Kapridən ayrılırıq...Yaddaşımızda adanın heyrətamiz və unudulmaz mənzərələri qalır. Nə qədər bahalı olsa da, ölməzdən əvvəl bircə dəfə də olsa Kapriyə gəlməyə dəyər...

Təranə Məhərrəmova
Salerno-Kapri

banner

Oxşar Xəbərlər