• cümə, 29 Mart, 11:33
  • Baku Bakı 5°C

Yeni ixrac imkanları yaradacaq üzvlük

29.07.17 09:30 1606
Yeni ixrac imkanları yaradacaq üzvlük
Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirmək üçün dəstək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə ÜTT baş katibinin aparat rəhbəri, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Arança Qonzales özünün "Twitter" səhifəsində yazıb. Hazırda Cenevrədə Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqların növbəti mərhələsi keçirilir. Danışıqlar iyulun 24-də başlayıb və 28-ə qədər davam edib. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edib. A.Qonzales yazıb: "Mahmud Məmmədquliyevlə Azərbaycanın təşkilata qəbul edilməsi məsələsini müzakirə etdik və İTC-in bu prosesin sürətləndirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirdim".

Ölkəmizin belə bir təşkilata üzv olmasının hansı faydaları var? ÜTT-ə üzv olduqdan sonra nələr dəyişəcək?

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, indiki mərhələdə Azərbaycanın belə bir təşkilata üzv olması çox vacibdir: "Çünki hazırda Azərbaycan post-neft dövrünü yaşayır. Bu konteksdən yanaşdıqda, düşünürəm ki, ÜTT-ə üzvlüyün bizim üçün bir sıra faydaları var. İlk növbədə, keçmiş MDB ölkələrinin əksəriyyəti və xüsusən Rusiya, Ukrayna, Qazaxıstan kimi ölkələr də ÜTT-nin üzvüdür. Bu baxımdan, Azərbaycanın bu təşkilatda təmsil olunması olduqca vacib bir məqamdır. Üzvlük Azərbaycan üçün həm də yeni ixrac imkanları yaradacaq. Bu təşkilata qoşulduqdan sonra üzv ölkələrin bazarlarına Azərbaycan iş adamları daha da asanlıqla öz mallarını ixrac edə biləcəklər. Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması və qeyri-neft məhsullarının yeni bazarlara nəql edilməsi bizim üçün son dərəcə faydalıdır. Çünki nəticə etibarilə bu, yerli iş adamlarına öz məhsullarını ÜTT-ə üzv olan böyük və fərqli bazarlara ixrac edə bilmək imkanları yaradır. Digər tərəfdən, ÜTT-ə üzvlük Azərbaycan standartlarının, xüsusən də Azərbaycanda ticarət və istehsal standartlarının beynəlxalq standartlara uyğunlaşdırması prosesinin tamamlamasına gətirib çıxara bilər. Çünki bu təşkilatda təmsil olunmağımız Azərbaycana beynəlxalq və ÜTT standartlarına uyğun olaraq, standartları tətbiq edə bilmək şansı verir. Standartların yaxşılaşması və yeni standartların tətbiq edilməsi isə ölkəmiz üçün çox vacibdir. Eyni zamanda, neftin bazar qiyməti aşağı düşdükdən sonra ÜTT üzvlüyü Azərbaycan iqtisadiyyatına inamın daha da artırılması baxımından vacibdir. Çünki bu üzvlük həm də bir mesajdır. Azərbaycan xüsusən post-neft dövründə uzunmüddətli strateji baxışını qlobal biznes arenasına təqdim etmiş olur ki, bu da ölkə iqtisadiyyatına olan inamın artırılmasına təsir edəcək. Başqa bir tərəfdən, ÜTT-ə qoşulmaq ölkəyə yeni investisiyanın cəlbi deməkdir. Çünki üzv ölkələrə investorlar daha çox maraq göstərirlər. Bu da bizim əsas hədəfimiz olan qeyri-neft sektoruna investisiyanın cəlbi üçün əhəmiyyətli hesab edilə bilər. Üzvlük həm də rəqabəti artıracaq. Çünki üzvlüklə bağlı götürülən öhdəliklərdən biri daxili bazarın qorunması məsələsidir. Yerli istehsalın qorunması ilə bağlı daha çox suallar yaranır. Amma nəzərə almaq lazımdır ki, üzvlük qazandıqdan sonra ölkə güzəşt müddəti əldə edir. Məsələn, Rusiyada bu güzəşt müddəti 7 il idi. Güzəşt müddəti dövründə isə ÜTT şərtləri tətbiq edilmir və tariflər həmin müddətə dəyişdirilmir. Yəni tariflərin aşağı salınması prosesi mərhələli şəkildə aparılır. Ona görə də Azərbaycan bu güzəşt müddətini alacaq. Gürcüstan və digər ölkələrin təcrübəsinə əsaslansaq, bu müddətin beş il olacağı ehtimal edilir. Belə olan təqdirdə isə həmin müddətdə Azərbaycan iqtisadiyyatı, yerli istehsalla məşğul olan sahibkarlar artıq ÜTT prinsiplərinə uyğunlaşa biləcəklər. Bu prinsiplər tətbiq edildikdə, daxili bazarın qorunmasına imkan yaranar. Rəqabətin güclənməsi və qiymətlərin aşağı düşməsi baxımından, əksər ölkələrin təcrübəsi göstərir ki, istehlak mallarının qiyməti aşağı düşür. Çünki rəqabət güclənir və bu da qiymətlərə birbaşa təsir göstərir. Lakin istənilən halda, düşünürəm ki, üzvlüyün müsbət tərəfləri onun mənfi tərəflərindən daha çoxdur. Post-neft dövründə Azərbaycanın bu təşkilata üzv olması məqsədəuyğundur”.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov bildirdi ki, belə bir nüfuzlu təşkilata qoşulmağımız bizim düzgün yolda olduğumuzdan xəbər verir: "Azərbaycan son illərdə bir çox ölkələrlə iqtisadi əlaqələrini xeyli genişləndirib. Prezidentimiz də ölkənin başlıca iqtisadi strategiyası olaraq, Azərbaycanın iqtisadi potensialının daha da artırmaq olduğunu dəfələrlə qeyd edib. Bu gün ixrac yönümlü və rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi və "Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətlərində böyük işlər aparılır. ÜTT-ə qoşulmağımız isə bu prosesin daha da sürətlənməsinə gətirib çıxaracaq. Gələcəkdə Ələtdə "Azad iqtisadi zonanın” yaradılması planlaşdırılır və ümumilikdə götürdükdə ÜTT üzvlüyümüz dünya iqtisadiyyatına inteqrasiya prosesimizi daha da sürətləndirmiş olacaq”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər