Yeni idxal rüsumları daxili bazarı qoruyacaq

Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda
idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya
dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud,
heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal
rüsumları müəyyənləşdirilib.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan
Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə
etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1
kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq
soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5
dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama
(qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud
sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək),
heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az
olmamaqla gömrük idxal rüsumu alınacaq.
Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin
15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Gömrük rüsumlarında artımın
bazarda bahalaşmaya səbəb olacağı ilə bağlı fikirlər səslənsə də, əslində bu qərarın
qəbulu daxili bazarın qorunması məqsədini daşıyır. Bəs bu qərar bazarın
qorunmasına nə dərəcədə yardım edəcək? Bazarda bahalaşma müşahidə ediləcəkmi?
Bəzi yanlış
yanaşmalara münasibət

İqtisadiyyat
Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz
Heydərov qəzetimizə
açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin qərarı ən çox istehlak olunan məhsullara
aiddir. Hansı ki, onların hamısı daxildə də istehsal olunur. O qeyd etdi ki,
söhbət ərzaq və qidadan getdiyindən əksəriyyətimiz artıq uzun illərdir məhz
yerli məhsullara üstünlük veririk.
İqtisadçının sözlərinə görə, bəziləri sözügedən qərarı
hökumətin dövlət büdcəsini "doldurmaq" istəyi ilə əlaqələndirirlər:
"Guya ki, neftin qiymətinin enməsi və bu sahədə daxildə hasilatın azalması ilə əlaqədar
olaraq, hökumət digər istiqamətlərdə vergi və gömrük rüsumu yığımını artırır,
fiskal siyasəti gücləndirir. Bu, tamamilə yanlış və gülünc izahat və
yanaşmadır. Məsələ bundadır ki, vergi və gömrük rüsumu yığımının üfüqi deyil, şaquli
istiqamətdə gücləndirilməsi tədbirlərinin heç bir halda effekt vermədiyi və
bunun nəinki uzunmüddətli, hətta orta müddətdə də məhz iflasa məhkum olduğu adi
peşə sahibinə də yaxşı bəllidir. Yəni bunun üçün iqtisadçı olmağa ehtiyac
yoxdur. Düzdür, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi xəttiylə dövlət büdcəsinə
daxilolmalar, yəni gömrük rüsumları və vergilər proqnozu 2,2 milyard manat həcmində
proqnozlaşdırılıb ki, bu da cari ildəki gözləntidən 21,5 faiz çoxdur. Lakin
toyuq əti və yumurta, o cümlədən bir sıra meyvə-tərəvəz məhsulları, spirtli içkilər
və şirələr üzrə qərarın bilavasitə bu artıma xidmət edəcəyini düşünmək
absurddur”.
Daxili istehsalın
himayəsi
İqtisadçı hesab edir ki, bu qərar daxili istehsalı
himayə etmək məqsədi daşıyır. Bu da birbaşa antidempinq siyasətinin tərkib hissəsi
sayılır: "Dövlət başçısının "Antidempinq, kompensasiya və mühafizə tədbirləri
haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli
Qanununun tətbiqinə dair iyul ayının 13-də imzaladığı Fərmanı xatırlamaq yerinə
düşər. Adıçəkilən qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə
yerli istehsala zərər vuran və ya zərər təhlükəsi yaradan dempinqli,
subsidiyalaşdırılmış və ya artmış, geniş xarakter daşıyan idxala qarşı
antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.
Bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə
cərəyan etməkdə olan proseslərlə əlaqədar istehsalda, o cümlədən bazarlarda rəqabət
gündən-günə kəskinləşir. Düzdür, rəqabət özü də inkişaf və artım üçün zəruri və
əsas şərtdir. Lakin haqsız rəqabət deyilən bir anlayış var ki, bu, inkişaf və
artım amillərini buxova alır. Odur ki, belə şəraitdə dövlət öz tənzimləyici alətlərindən
mütləq istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək onu
tənzimləməlidir”.
P.Heydərov bildirdi ki, daxili bazarda bir çox
istehlak məhsullarının pərakəndə satış qiymətləri şişirdilmiş səviyyədədir: "Əslində
elə növ xarici istehsala aid ərzaq məhsulları var ki, onların qiymətləri həqiqi
dəyərindən hətta ucuz satılır. Çünki keyfiyyətinə və rəqabətqabiliyyətliliyinə
görə daxildə istehsal olunan analoq məhsullardan əslində geri qalır, dolayı
yolla devalvasiyanın ixraca xidmət etmək, onu artırmaq şansına mənfi təsirlər
göstərməklə ölkənin ümumi ixrac potensialını məhdudlaşdırmaq, inflyasiya amilinə
xidmət göstərmək məqsədi daşıyır. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə
antidempinq siyasəti olduqca vacibdir. Ona görə ki, bizim bazar olduqca kiçikdir.
Azərbaycana qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı isə
kifayət qədərdir. Üstəlik, keyfiyyət amili də var. Bütün bunların fonunda isə
Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük
düşür”.
Qərarın arxasında
dayanan əsas məntiq...

İqtisadçı ekspert Rəşad
Həsənov bildirdi ki, Azərbaycanda
rüsum siyasəti ilə bağlı dəyişikliklərə ehtiyac var idi: "Çünki əvvəlki dövrlərdə
rüsumların faktiki olaraq işləkliyinin olmaması rüsum dərəcələrinin müəyyənləşməsində
ciddi nöqsanlara səbəb olmuşdu. Hazırda isə proseslər mümkün qədər şəffaflaşdırılıb. Ölkə
sərhədlərindən daxil olan məhsulların böyük bir qismi rəsmi şəkildə sənədləşdirilib.
Bu isə rüsumların faktiki funksiyasını yerinə yetirmək imkanlarını artırıb. Belə
bir şəraitdə daha dolğun rüsum siyasətinin, rüsum faizlərinin müəyyənləşməsinə
ehtiyac var. O baxımdan atılan addımları bu konteksdən qiymətləndirərdim”.
İqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin qəbul
etdiyi qərarlarda göstərilən məhsullar Azərbaycan ərazisində kifayət qədər
istehsal olunur. Bəzi məhsulların isə istehsal potensialı çox yüksəkdir: "Düşünürəm
ki, qərarın arxasında dayanan əsas məntiq də budur. Əhalinin gündəlik tələbatında
ciddi paya malik mallar da var. Xüsusilə kartof, soğanı bu sıradan qeyd etmək
olar. Mövsümi olmayan dövrlərdə bu məhsulların demək olar ki, böyük əksəriyyəti
ölkəyə idxal olunur. Bu kimi məhsullarda rüsum artırılarsa, onların satış qiyməti
də yüksələcək. Xüsusilə bu istiqamətdə baş verən qiymət artımı əhalinin birbaşa
olaraq aylıq xərcini artıracaq. Bu baxımdan gəlirlərin dəyərsizləşməsi, aylıq xərclərin
artma ehtimalı yüksəkdir. 2016-cı ili götürsək, bu məhsullar üzrə daxili tələbatı
yerli istehsal hesabına ödəmək mümkün olmayacaq. Quşçuluq, qoz-fındıq məhsulları
üzrə daxili tələbatı ödəmək mümkündür”.
Sahibkarlar vəziyyətdən
sui-istifadə etməməlidir
R.Həsənov bildirdi ki, bazarda idxal məhsulları var
və əslində bu, daim belə olmalıdır: "Liberal bazarın tələbi də budur. Amma qiymətlərdə fərqin olması yerli məhsullara
istehlakçının marağının nisbətən artmasına gətirib çıxara bilər. Və eyni
zamanda yerli məhsulların qiymət prizmasından rəqabət imkanlarını gücləndirir”.
İqtisadçı deyir ki, yerli sahibkarlar da yaranmış şəraitdən
uzunmüddətli və strateji olaraq istifadə etməlidirlər: "Çünki yaranmış
qıtlıqdan, yaxud xarici məhsulların daha baha olmasından istifadə edərək
qısamüddətli dövrdə yüksək gəlirlərin əldə olunması məqsədilə böyük fərqli
marjanın tətbiq edilməsi əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı
düşməsinə, onların istehsal dövriyyələrinin kiçilməsinə gətirib çıxara bilər. O
baxımdan sahibkarlar daha adekvat reaksiya verərək öz gəlirlərini istehsal həcminin
artırılması yolu ilə artırmağa cəhd göstərsinlər”.
R.Həsənov deyir ki, rüsumların müəyyənləşdirilməsində
müəyyən qədər məhz bu sektorda fəaliyyət göstərən sahibkarların da müraciəti nəzərə
alınıb: "İki devalvasiyadan sonra qiymətlərin artırılmasında ciddi çətinliklə
üzləşmişdilər. Bu da nəticədə istehsal fəaliyyətinin zərərlə işləməsinə səbəb olmuşdu. Uzun müddət
davam edərdisə, bəzi müəssisələrin, xüsusilə quşçuluq sektorunda fəaliyyət göstərənlərin
iflası qaçılmaz idi. Bu məhsulların da qiyməti artacaq. Ancaq sahibkarlar
yaradılan şəraiti mümkün qədər müsbət qiymətləndirməyə çalışmalı, süni şəkildə
qiymətləri artırmamalı, qiymət siyasəti həyata keçirərkən ölkə iqtisadiyyatını,
əhalinin vəziyyətini də nəzərə almalıdırlar”.
"Hökumət bu istiqamətdə
aktiv siyasət həyata keçirməlidir”
İqtisadçı onu da bildirdi ki, hökumət də bu istiqamətdə
aktiv siyasət həyata keçirməlidir: "Belə ki, hansısa məqamlarda hansısa məhsulların
istehsalçılarının yaranmış vəziyyətdən sui-istifadə halları görünərsə, süni
qıtlğın yaradılması meyilləri, yaxud kəskin qiymət artımına getdikləri hiss
olunarsa, o zaman Nazirlər Kabineti qəbul etdiyi qərara qısa müddətdə yenidən
baxmalı, qeyd olunan məhsulların idxalı üzrə güzəştlər tətbiq etməlidir. Hökumət,
bazara daha çox iqtisadi alətlər vasitəsilə müdaxilə etməyə çalışmalıdır. İqtisadiyyat
Nazirliyi yanında AntiinhisarSiyasətivəİstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təsiri ilə yox. Əgər ölkədə hansısa məhsulun qıtlığı hiss
olunursa, o istiqamətdə rüsumlar azaldılmalı, həmin məhsulların idxalı təşviq
olunmalıdır. Hansı yerli istehsal məhsullarının
satışında problem varsa, yaxud istehsal həcmi böyükdürsə və həmin məhsulların
bahalaşmasına ciddi təsir olmayacaqsa, bu zaman o istiqamətdə rüsumlar
artırılmalıdır. Yəni hökumətin daha çevik rüsum siyasəti aparması, bazarlardakı
proseslərə reaksiya verməsi əslində sahibkarların da neqativ qiymətləndirmələrinin,
yaranmış vəziyyətdən sui-istifadə hallarının zaman çərçivəsində məhdudlaşdırılmasına
gətirib çıxarır”.
Aygün Asimqızı
