Yeni elektron xidmətlər hansılardır?

İstifadəçilərə təqdim
olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin,
mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin
olunması məqsədi ilə "Elektron hökümət”in fəaliyyət istiqamətləri
genişləndirilməkdə davam etdirilir. İstifadəçinin sorğusuna əsasən məlumatların
axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması,
şəxsin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, ölkənin bütün ərazisində
təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü "Elektron hökümət”in
əsas əhəmiyyəti kimi qiymətləndirilir.
Bir neçə dövlət
qurumları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat
Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət” portalı üzərindən
göstərdiyi elektron xidmətlərin sayını artırıb. Portala Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təqdim etdiyi 3 yeni xidmət inteqrasiya edilib. Bununla
da qurumun portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə
çatdırılıb. Vahid portala inteqrasiya olunan yeni xidmətlər sırasına
geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi
üçün müraciətin və sənədlərin qəbulu, müxtəliftəyinatlı
xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu, CİS üçün
baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu
daxildir.
"Geodeziya,
qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün
müraciətin və sənədlərin qəbulu” adlanan xidmət dövlət sifarişi, eləcə də
hüquqi və fiziki şəxslər tərəfindən ölkə ərazisində geodeziya, qravimetriya,
fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və
sənədlərin qəbulu qaydalarını müəyyən edir. "Müxtəliftəyinatlı xəritə və
atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu” adlanan digər
xidmət isə dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən
respublika ərazisində müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri
işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını
müəyyən edir. "CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və
sənədlərin qəbulu” adlanan elektron xidmət isə dövlət sifarişi, eləcə də hüquqi
və fiziki şəxslərin müraciətləri əsasında ölkə ərazisində dövlət əhəmiyyətli
Coğrafi İnformasiya Sistemləri üçün baza xəritələrinin tərtibatı işlərini əhatə
edir.
Adları çəkilən hər
3 xidmətdən "Elektron hökumət” portalında qeydiyyatdan keçən istifadəçilər
faydalana bilərlər.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq iki yeni
xidmət təqdim edilib. Yeni xidmətlər "Sığortaolunanın ölümünə dair məlumatın
onlayn qəbulu” və "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim
edilməsi” adlanır.
İstifadəçilərin
ixtiyarına verilən bu xidmətlər ƏƏSMN-nin "Mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və
"Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər
Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların
təmin olunması məqsədi daşıyır. Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş
elektron imzadan istifadə edilməlidir. Qeyd edək ki, ƏƏSMN-nin fəaliyyət
sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron
xidmət əhalinin istifadəsinə verilib. Nəticədə cari ilin ilk rübündə nazirliyin
elektron xidmətlərinə müraciətin sayı 2 milyon 623 min 88 olub.
Vergilər Nazirliyi
tərəfindən isə 7 elektron xidmət portalda vətəndaşların istifadəsinə verilib.
Bunlar bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək
üçün vergi ödəyicilərinə göndərilməsi, Çağrı Mərkəzi vasitəsilə
"Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi, gəlir və ya mənfəət
vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin
qəbulu, fiziki şəxsin vergi uçotundan çıxarılması, asan imza istifadəçi İD-nin
dəyişdirilməsi, vergi bəyannamələrinin (sadələşdirilmiş vergi bəyannaməsi
istisna olmaqla), hesabat və vergi öhdəliyinin yaranmaması haqqında arayışların
vergi orqanına onlayn təqdim edilməsi, hazır sənəd barədə məlumatın
verilməsindən ibarətdir.
Eyni zamanda,
inteqrasiya olunan yeni xidmətlərlə yanaşı, istifadəçi rahatlığını təmin etmək
məqsədilə qurumun "Elektron hökumət” portalında mövcud olan "Şəxsin imza
səlahiyyətləri haqqında məlumat” adlı xidməti çıxarılıb. Bununla da Vergilər
Nazirliyinin portal üzərindən təqdim etdiyi elektron xidmətlərinin sayı 65-ə
çatıb.
Qeyd edək ki,
hazırda müxtəlif qurumlar tərəfindən "Elektron hökumət” portalı üzərindən
təqdim olunan elektron xidmətlərin sayı 446-dır.
L.Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması
qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.
