cümə axşamı, 06 oktyabr, 21:19

Baku Bakı 21°C

Yaxşılaşan investisiya mühiti 

icon 923 icon 06 avqust 2022 | 01:30 Yaxşılaşan investisiya mühiti 

Ekspertin fikrincə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra ölkəmizdə investisiya həcminin artmasını daha çox müşahidə edəcəyik. Regionda sülhün, stabilliyin əldə edilməsi xarici investorların bölgəyə sürətli axınını təmin edəcək. Çünki investorlar üçün gəlirlərlə yanaşı, yatırdığı sərmayənin, daşınan və daşınmaz əmlakın təhlükəsizliyi böyük önəm daşıyır.

ABŞ Dövlət Departamenti Azərbaycanda ümumi investisiya mühitinin yaxşılaşmağa doğru davam etməsinə dair hesabat yayıb. Azərbaycan hökumətinin xarici investisiyaları cəlb etməyə, özəl sektorun rəhbərlik etdiyi artımı stimullaşdırmağa və iqtisadiyyatın şaxələndirilməsi üçün islahatlar aparmağa çalışdığı vurğulanıb. Qeyd olunub ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı illik müqayisədə 5,6 faiz artıb. İqtisadiyyat pandemiyadan sonra bərpa olmağa davam etdikcə, həm neft-qaz, həm də qeyri-neft-qaz sektorları genişlənib.

Ümumi investisiya həcminin azalmasının səbəbi

Maraqlıdır, Azərbaycanda ümumi investisiya mühitinin daha da yaxşılaşması üçün əlavə hansı addımlar atılmalıdır? Xarici və yerli investorlar üçün hazırda bu sahədə hansısa maneə, ciddi problemlər varmı? Varsa, onların həlli yolları nədən ibarətdir? Bu suallarla bağlı fikirlərini “Kaspi” qəzetinə açıqlayan iqtisadçı ekspert Eldəniz Əmirovun qənaətincə, investisiya mühitinin yaxşılaşdırılması hələ o demək deyil ki, ölkəyə birbaşa xarici sərmayənin həcmi artır və ya artacaq. Ekspert söyləyib ki, əvvəlki dövrlərdə daha çox investisiya yatırılmış sektorlara sonrakı dövrdə sərmayələrin azalması ölkədə ümumi investisiya həcminin azalmasına gətirib çıxarır: “Misal üçün, Azərbaycanda neft sektoruna – istər hasilat sənayesinə, istərsə də nəql infrastrukturuna vaxtilə böyük həcmdə sərmayələrin yatırılması və bu işlərin hazırda tamamlanması, nəticə etibarilə investisiya həcmlərini avtomatik şəkildə azaltmış olur. Bu məsələ həm ABŞ Dövlət Departamentinin, həm də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana birbaşa xarici investisiya həcmləri ilə bağlı verdikləri proqnozlarda öz əksini tapıb. BVF-nin proqnozlarında vəziyyət bir qədər fərqli görünür. Fondun 10-15 gün bundan öncə yaydığı proqnoza görə, Azərbaycanda cari il birbaşa xarici investisiyanın həcmi 3,4, 2023-cü ildə 3,1, 2024-cü ildə 2,9, 2025-ci ildə 2,7, 2026-cı ildə 2,5, 2027-ci ildə 2,2 faiz azalacaq. Bununla da BVF xarici investisiyanın azalmasını qeyd edir. ABŞ Dövlət Departamentinin hesabatında isə investisiya mühitinin yaxşılaşdırılmasından söhbət gedir. Ona görə də, bu qənaətdəyəm ki, hər iki hesabatda müəyyən qədər həqiqət var”.

Alternativ enerji mənbələrinə yatırım artır

İqtisadçı ekspert Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasının heç kimdə şübhə doğurmadığını dilə gətirib. Qeyd edib ki, bunu, həyata keçirilən müxtəlif tədbirlərin timsalında görmək olar: “Sahibkarlıq subyektlərində yoxlamaların azaldılması, vergi təkmilləşdirmələri, müəyyən rüsumların aradan qaldırılması, Ələt İqtisadi Zonasının yaradılması, investisiya haqqında qanunun yenidən işlənməsi, Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı məsələnin gündəmdə olması, dövlət satınalmalarına dair qanun layihəsinin işlənməsi, demək olar ki, hər il bu qanuna əlavə və düzəlişlərin edilməsi buna misaldır. Ümumilikdə, bu tədbirlər zamanla Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşmasına xidmət edib. Lakin bu, investisiya həcminin artması demək deyil. Dövlət neft-qaz sektoruna investisiya yatırımları üçün əlverişli mühiti 1994-cü ildən bu yana yaradıb. Məhz buna görə xarici şirkətlər neft-qaz sənayesinə investisiya yatırıblar, sərmayələrin həcmi də böyük olub. Amma zamanla bəzi işlər tamamlandığından, neft hasilatı azaldığından, neft-qaz sahəsinə investisiya yatırımlarının həcmi azalır. Bu, bütün dünyada belədir. Əvəzində isə alternativ enerji mənbələrinə yatırımların həcmi və sayı artır”.

Xarici investorların bölgəyə sürətli axını

E.Əmirov deyib ki, Azərbaycan bu amili nəzərə alaraq Aİ-ni ölkəmizdə alternativ enerji mənbələrinin işlənməsinə, bu sahədə işlərin görülməsinə cəlb edir, yeni texnoloji avadanlıqların respublikamıza gətirilməsinə və tətbiqinə, eyni zamanda Avropa təcrübəsinin tətbiqinə çalışır: “Bu istiqamətdə Avropa İttifaqı ilə vaxtaşırı danışıqlar aparılır. Proses indi də davam etdirilir. Yəni Azərbaycan hökuməti xarici investisiyanın ciddi şəkildə ölkəmizə cəlbində maraqlıdır. Bunu daha çox prioritet istiqamətlər üzrə həyata keçirir. Misal üçün, Ələt Azad İqtisadi Zonası Azərbaycana xarici investisiyanın cəlb olunması üçün ən yaxşı alətdir. Xarici investorların burada fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Düşünürəm ki, bu iqtisadi zona beynəlxalq aləmdə tanınmış təsərrüfat subyektlərinin idarəçiliyinə verilsəydi, xarici investorların daha çox cəlbinə stimul yaradılardı. Ümumiyyətlə, Beynəlxalq təcrübələrin Ələt Azad İqtisadi Zonasında tətbiqi daha böyük effekt verər. Fikrimcə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra ölkəmizdə investisiya həcminin artmasını daha çox müşahidə edəcəyik. Regionda sülhün, stabilliyin əldə edilməsi xarici investorların bölgəyə sürətli axınını təmin edəcək. Çünki investorlar üçün gəlirlərlə yanaşı, yatırdığı sərmayənin, daşınan və daşınmaz əmlakın təhlükəsizliyi böyük önəm daşıyır. Gələcəkdə Zəngilan rayonu ərazisində yeni azad iqtisadi zonanın qurulması perspektivləri də var. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin məhz buradan keçməsi, Zəngəzur dəhlizinin açılması, beynəlxalq hava limanının olması bu rayona, bu iqtisadi zonaya ciddi dividentlər qazandırır”.

Rufik İSMAYILOV