• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

Yaqub Mahmudov: “Tarixçilərin əsas məqsədi saxta erməni təbliğatının qarşısını almaqdır”

16.10.17 12:50 1483
Yaqub Mahmudov: “Tarixçilərin əsas məqsədi saxta erməni təbliğatının qarşısını almaqdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə "Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə milli dəyərlərin, milli maraqların və mənafelərin qorunması son dərəcə önəmlidir: "Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.
İnstitut direktoru deyib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: "Dünyanın müxtəlif qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatı var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.
Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin "Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti”, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun "Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri” və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun "Müasir dövrdə "islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.
Bildirilib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.
banner

Oxşar Xəbərlər